“Bizim çayxanada oturan vaxtımız deyil…”

411

Şəhər və rayon mərkəzlərində insanların asudə vaxtlarını keçirmələri üçün kifayət qədər yerlər var. Lakin kənd yerlərində sakinlərin yeganə istirahət yerləri klublardır (müəyyən ictimai qrupa, peşəyə, sənətə mənsub şəxslərin birgə istirahətini, əyləncəsini, idman məşğələlərini və s. təşkil edən ictimai təşkilat). Amma bir çox kəndlərdəki mədəniyyət ocaqlarının hazırkı durumu sakinlərin istirahətinə mane olur.

Yevlax rayonunda 40 klub müəssisəsi fəaliyyət göstərir. Bunların da 27-si kəndlərin payına düşür. Rayonun Tanrıqulular kəndidəki Sənətkarlar evi də bunlardan biridir. Lakin mədəniyyət müəssisəsinin indiki vəziyyəti heç də ürəkaçan deyil. Kənd sakini Elnur Abdullayev dedi ki, mədəniyyət evində bir vaxtlar görkəmli incəsənt xadimləri konsert proqramları ilə çıxış ediblər. Onun sözlərinə görə, hətta canlı korifeyimiz Zeynəb Xanlarova da bu məkanda konsert verib: “Arif Quliyev son zamanlaradək burada çıxış edirdi. Mədəniyyət evində həmçinin zona idman yarışları da təşkil olunurdu”.

 

1974-cü ildə inşa edilən klubun divarları uçub-dağlıb, oturacaqlar isə istismar müddətini artıq başa vurub. Problemləri bununla bitməyən Sənətkarlar evinin işıqlandırma sistemi də bərbad vəziyyətdədir. Kəndin yaşlı sakinlərinin sözlərinə görə, elə bu kimi səbəblərdən onlar asudə vaxtlarını yalnız kənddə olan çayxanalarda keçirməyə məhkumdurlar.

Kənd sakini Abil ismayılov bizimlə söhbətində bildirdi: “Yaşlı adamlarıq, indi bizim çayxanada oturan vaxtımız deyil… Amma nə edək? Mədəniyyət evləri olsa idi, gedib o məkanlarda istirahıt edərdik”.

Müzəffər Tanırverdiyev isə ötən günləri xatırladı: “Bir zamanlar burada hind filmləri nümayiş etdiriləndə adam əlindən tərpənmək olmurdu. İnandırım sizi, klub bir gündə 2-3 dəfə dolub-boşalırdı”.

Məsələyə münasibət bildirən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəsi Rafiq Məmmədov dedi ki, təmirə ehtiyacı olan klub müəssisələri zamanla əsaslı təmir olunacaq.

Esmira Hidayətova, Yevlax.