“Bizim canımız can deyildi?”

507

Günümüzdə ailədaxili ciddi narazılıqların, boşanmaların, hətta ailə daxilində baş verən münaqişələrin qanla, qətllə nəticələnməsi barədə, təəssüf ki, tez-tez xəbərlər alırıq. Hamılıqla narazılıq hissi keçirdiyimiz belə halların qarşısını almaq ciddi mənada maariflənmə işinin gücləndirilməsi ilə bir bağlılıq təşkil edir. Bu işdə daha çox kütləvi informasiya vasitələrinin, ziyalıların, ağsaqqalların, ümumiyyətlə, faydalı ola biləcək hər bir kəsin səfərbər olub, hamımızı narahat edən məsələdə birlik nümayiş etdirməsinə ehtiyac var. Bununla bağlı saytımızda daima maarifləndirici və ibrətamiz məzmunlu mövzulara yer verilir. Və bu, cəmiyyətdə müsbət addım kimi dəyərləndirilir.

Bu günlərdə yenə uzunömürlü bir ailənin – Mingəçevir Tərəvəzçilik qəsəbəsinin ən yaşlı sakinləri Mahmudovlar ailəsinin qonağı olduq. Ailənin başçısı 84 yaşlı Mustafa Mahmudovun sözlərinə görə, o, 1946-cı ildən Mingəçevirdə yaşayır:

“Müharibə yenicə qurtarmışdı. Atam o vaxtı bu sovxozda briqadir işləyirdi. O vaxtı Mingəçevirdə çoxlu alman əsirləri var idi. Onların bir hissəsi bizimlə maldarlıqla məşğul olurdular. Təbii ki, əsirlərin çoxu tikintidə çalışırdı”.

Uzun müddət Tərəvəzçilik sovxozunda briqadir işlədiyini və 54 il əmək stajı olan həmsöhbətimiz o illərdə çətinliklərə rəğmən yaxşı dolandığını söylədi. Daha doğrusu, o zaman aldığı məvaciblə yaxşı dolandığını vurğulayan Mustafa kişi bu gün 200 manat pensiyanın onun gündəlik tələbatını ödəmədiyini təəssüflə dilə gətirdi. Hətta bu şəkildə gileyləndi də: “İndi oğlumun-qızımın əlinə baxırıq, aldığımız pensiya bizi qane etmir”.

Mustafa baba Humay xanımla nişanlanıb əsgərliyə yola düşdüyü anlardan da söz açdı: “Ay bala, o vaxtı birini istəyirdik, elə onunla da ailə qururduq. Özü də bu izdivac ata-ananın razılığı ilə olurdu. 1957-ci ildə əsgərlikdən qayıtdıqdan sonra istədiyim xanımla – Humayla evləndim. Artıq 60 ildir ki, bir yerdəyik. 8 övladımız olub: 25 nəvəmiz, 39 nəticəmiz var. Amma nə gizlədim, onlardan bəzilərinin adını hafizəmdə saxlaya bilmirəm. Amma hamısını bir baba kimi  o qədər çox istəyirəm ki…”

Həyat yoldaşını bayaqdan bəri təmkinlə dinləyən ailənin xanımı Humay Mahmudova da söhbətimizə qoşuldu. Bəri başdan deyək ki, Humay xanımın 80 yaşı olmasına baxmayaraq, yaddaşı çox itidir. Danışdığı xatirələri elə yaxın müddətdə baş vermiş kimi xatırlayır: “35 il fermada sağıçı kimi çalışmışam. Özü də bu işlə 14 yaşımdan məşğul olmuşam. Zəhmətkeş olduğuma görə hələ qız vaxtı məni partiyaya keçirmək istədilər. Amma mən razı olmadım ki, qız uşağıyam, iclaslarda otura bilmərəm”.

Bu yerdə Humay xanım bir qədər kövrəldi: “Yetim qız olmuşam. Qardaşlarım müharibəyə getdilər, amma qayıtmadılar. 16 yaşım olanda məni nişanladılar. 4 il nişanlı qaldım və 20 yaşımda ailə qurdum: 4 qız, 4 oğul dünyaya gətirdim. Amma nə gizlədim, çox çətin günlərimiz olub. Buna rəğmən, bütün işlərin öhdəsindən gəlməyə çalışmışam. Hə, hətta özümüzə qarğıdan ev də tikmişəm. Gündüzlər palçığı qatıb işə getmişəm, axşam da gəlib suvaq çəkmişəm”.

“Bəs uşaqları kimə tapşırırdınız?” sualına isə Humay xanım belə cavab verdi: “Körpələri bələyib işə gedərdim. İnandırım sizi, uşaqlar 10-12 saat bələkdə qalırdılar. Çünki köməyim yox idi. İndi Allaha şükür, uşaqlarımızın hamısı ailə qurub. 13 qız nəvəmi köçürmüşəm, onların hər birinin də cehizini özüm vermişəm. İndiki cavanlara baxanda məhəttəl qalıram. Hər şeyi texnika ilə həyata keçirirlər. Bizim canımız bəs can deyildi? Hər işdə özümüz avtomat kimi çalışırdıq. İndi hərdən özüm-özümə deyirəm ki, görəsən bu qədər işin öhdəsindən necə gəlmişəm? İndi də çalışıram: nəvələrimin uşaqlarına baxıram. Həyət-baca işlərində hələ gəlinlərə də kömək edirəm. İş görməklə candan can əskilməz”.

Sonda xoşbəxt cütlüyə: “Boşanmaların, ailədaxili xoşagəlməz hadisələrin baş verməməsi üçün gənc ailələrə nə kimi tövsiyələr verərdiniz?” sualını ünvanladıq. Humay nənə bu sualımıza belə cavab verdi: “Bala, əxlaq və tərbiyədən çox şey asılıdır. Ailədə qarşılıqlı anlayış olmalıdır. Bu, illərlə qazanılır. Allahı bilmək, tanımaq ən böyük nemətdir. Övladları da bu ruhda tərbiyə edərək gələcək üçün daha faydalı bir nəsil yetişdirmək olar. Bizim ətrafımızda bu cür insanlar olub, biz də onlardan nümunə götürmüşük. Onları zəhmətə sövq etməklə həm də zəhmətkeş ruhda tərbiyə etmək lazımdır. Yenə təkrar edirəm: 4 qız köçürmüşük, 4 də gəlin gətirmişik. Hamısına da demişəm ki, getdiyin evdə qayınata, qayınana sənin ata-anandır. Ana qızına gəlin köçəndə elə öyüd nəsihət verməlidir ki…”

Esmira Hidayətova, Mingəçevir