Bizim arvad haqlımı?

435
Bir oxucum var. Maşallah, çox mətləblərdən halidir. Amma hərdən mənə elə suallar ünvanlayır ki, sözün düzü, çaş-baş qalıram. Budur onlardan biri. Həmin oxucum görün nə yazır? Yazır ki, bacıoğlu, uzunçuluq edib, bu isti yay günlərində sizə başağrısı vermək istəmirəm: “Odur ki, birbaşa keçirəm mətləbə. Mətləb də mənə görə çox adidir. Amma ona elə don geyindirirlər ki, gəl görəsən. Bacıoğlu, bu dərdimi elə-belə izhar edib, səni urvatdan salmaq istəmirəm. Odur ki, keçirəm rəsmiyyətə…
Çox hörmətli Qəmiş müəllim, dünyaya yeni gəlmiş övladıma Kompyuter adı vermək istəyirəm, amma bu məsələni rəsmiləşdirən yerdən mənə deyirlər ki, uşağa belə ad qoymaq olmaz. Deyirəm niyə, axı bir vaxtlar uşaqlara Kombayn, Traktor, Pobeda, Samovar, Kişmiş kimi adlar qoyulurdu. Hətta bir azərbaycanlı öz övladının adını Binladen qoymuşdu (belə misalların sayını artırmaq olar). Niyə mənə çatanda olmaz deyirsiniz? Bir də Kompyuter həmin adların yanında toya-bayrama getməlidir ki… Deyirlər ki, ay vətəndaş, unutma ki, sənin övladın eyni zamanda cəmiyyətin də vətəndaşı olacaq. Cəmyyət isə belə adları birmənalı qəbul etmir. Həmin adları o qədər hallandırır ki… Odur ki, uşaqlara belə gülüş doğuran adların verilməsinin qarşısı alınır. Dedim, ay qardaş, cəmiyyətin mənə nə dəxli var, mənə belə xoşdur, uşağıma Kompyuter adı vermək istəyirəm, vəssəlam… Həmin adam ətəyindəki daşı tökmədi ki, tökmədi. Üstəlik, mənə yol göstərərək dedi ki, məndən şikayətin varsa, məhkəməyə müraciət elə. Məhkəmə qanun çərçivəsində məsələyə aydınlıq gətirər. Əgər məhkəmədən də narazı qalsan, onda üzüyuxarı bütün digər instansiyalara üz tutarsan, hətta Avropaya da çıxa bilərsən.

Bacıoğlu, bağışlayın, ay çox hörmətli Qəmiş müəllim, həmin o adamla ortaq məxrəcə gəlib evə qayıdanda arvad məni top-tüfənglə qarşıladı: “A kişi, sən nə danışırsan, necə yəni uşağa belə ad vermək olmaz? Olmaya belə bir qanun qüvvəyə minib xəbərimiz yoxdur, hə? Bir də tutalım ki, lap var. Məgər belə şeyləri elə bizim ailədən başlamaq lazımdır? Məgər o adama demədin ki, bir gözlərini aç ətrafına bax… Axı məmləkətimizdə nə qədər desən, xoşagəlməz, üstəlik cəmiyyəti narahat edən adlarla rastlaşmaq mümkündür. Elə götürək bəzi mağaza və dükan adlarını”. Bu yerdə arvadın sözünü kəsib: “Söylədiklərinin mətləbə nə dəxli var?” demək istəyirdim ki, buna cəsarətim çatmadı. Elə nə yaxşı ki, çatmadı. Çünki az sonra hiss etdim ki, sən demə, dəxli varmış… Arvad isə davam edirdi: “Məgər o adama demədin ki, şəhərdəki  reklamlara, mağaza, market adlarıına nəzər salanda, hansı ölkədə olduğunu əsla anlaya bilmirsən. Deyək ki, həmin mağazaların bəziləri xaricilərə aiddir. Elə isə məsələn, “Mona Liza”, “Madonna”, “Neapol”, “Neolit”, “Kleopatra”, “Flaminqo”, “Prins”, “Niaqara”, “İmperial” kimi yad isimli şadlıq sarayları quranlar məgər öz dilimizdə uyğun ad tapa bilməzdilər? Tapa bilərdilər, amma tapmayıblar. Bəs niyə onlara güldən ağır söz deyən və yaxud bir məsləhət verən yoxdur? Axı necə ola bilir ki, uşaqdan söz düşəndə “valideynin övladı eyni zamanda cəmiyyətin vətəndaşıdır” deyirlər, lakin belə böyük qələtlərə göz yumurlar. Məgər bu qadağanı onlara tətbiq etmək olmaz? Odur e… bir neçə saat öncə mənim xod gedən bibim nəvəsinin qudası yeni açdığı şadlıq sarayına “Rembo” adı verməklə bu sahənin hələ də cəmiyyətlə heç bir əlaqəsi olmadığını bir daha sübut etdi. (Yadıma düşmüşkən, Meksikada Əhalinin Qeydiyyat Departamenti Hollivud istehsalı olan “Rembo” filmindəki baş rolun qəhrəmanının adının uşaqlara qoyulmasını da yasaqlayıb). Hələ üstəlik, itirilmiş torpaqlarımızın adlarını da şadlıq saraylarına, restoranlara, mağazalara vermişik. Təsəvvür edin ki, yüz ildən sonra tədqiqatçılar bu kimi tikililərin adları haqqında araşdırmalar aparır. Heç bilirsənmi onda nəticə necə olacaq? Nə qədər ki, gec deyil, bu kimi adların restorana, bara, şadlıq sarayına verilməsində də bir qayda yaratsınlar”.

Çöx hörmətli Qəmiş müəllim, sizdən çox xahiş edirəm, de görüm, bu məsələdə bizim arvad haqlıdır, ya yox? Mənə bir tutarlı cavab göndər ki, arvadın ağzını yuma bilim. Yoxsa günüm qara olacaq… Qvami Məhəbbətoğlu