“Bizi qarşıda yenə ağır oyun gözləyir”

571

Aprelin 21-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. Peşəkar Futbol Liqasının məlumatına görə,  Zaqatala Şəhər Stadionunda baş tutacaq “Simurq” – “Qarabağ” oyununa saat 18:00-da start veriləcək. “İnter Arena”da isə “İnter” – “Neftçi” matçı saat 19:00-da başlayacaq. (Bu oyun İdman Azərbaycan kanalında yayınlanacaq). Bəri başdan deyək ki, hər iki oyunun maraqlı keçəcəyi gözlənilir.

Yarımfinal görüşlərini maraqlı edən amillərdən biri, təbii ki, baş məşqçilərlə bağlıdır. Hər iki görüşdə azərbaycanlı mütəxəssislər gürcüstanlı həmkarlarına qarşı meydana çıxacaqlar. “Neftçi” və “Qarabağ” komandalarının baş məşqçiləri Arif Əsədov və Qurban Qurbanov yerlidir. “İnter” və “Simurq”da bu vəzifəni əcnəbilər icra edir – Kaxaber Tsxadadze və Georgi Çixradze.

“Çətin olacaq, amma…”

“Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə komandasının hər iki cəbhədə – kubokda və çempionatda sona qədər mübarizə aparmağı düşündüklərini qeyd edib: “Avrokuboklara getmək üçün hər iki cəbhədə mübarizəni sona qədər aparmalıyıq. İndi heç kim deyə bilməz ki, ölkə kubokunu düşündüyümüzə görə Topaz Premyer Liqasına diqqətimiz azalıb. Qətiyyən belə deyil… Düzdür, çətin olacaq, amma baş məşqçimizin dəstəyi ilə “İnter”lə cavab oyununa yaxşı hazırlaşacağıq”. “Neftçi”nin baş məşqçisi Arif Əsədov hazırda bütün diqqəti kuboka yönəltdiklərin və bu matça ciddi hazırlaşıdlarını vurğulayıb.

”İnter” klubunun və millimizin müdafiəçisi Məhəmməd Mirzəbəyov ilk görüşdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağın onlar üçün heç də asan olmayacağını bildirib: “Bəli, ilk oyunda 0:2 hesabı ilə uduzmuşuq. Bu isə o deməkdir ki, finala yüksəlmək üçün cavab görüşündə 2 və ya 3 qol vurmaqla yanaşı, qapımızdan top buraxmamalıyıq. Əgər qol buraxsaq, işimiz daha da çətinləşəcək. Onda 4 qol vurmalı olacağıq ki, “Neftçi” kimi komanda ilə görüşdə bunu reallaşdırmaq olduqca müşküldür”.

“Arxayınlaşmaq olmaz”

Topaz Premyer Liqanın XXX turunda “Simurq”u 2:0 hesabı ilə məğlubiyyətə uğradan “Qarabağ”da rəqibindən çəkindiyini etiraf edib.  Qurban Qurbanovun (”Qarabağ”ın baş məşqçisi) sözlərinə görə, “Simurq”a qarşı oynamaq həm xoşdur, həm də ağırdır: “Bizi qarşıda yenə ağır oyun gözləyir”. (”Qarabağ” ölkə kubokunun yarımfinal mərhələsində qarşılaşacağı “Simurq”la oyunun hazırlıqlarını Zaqatalada davam etdirir. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov burada “Simurq”sevərlərlə də görüşüb. Hətta Qurban Qurbanov “Simurq”un 1 nömrəli fanatı İnqilab Sultanova “Qarabağ”ın formasını da hədiyyə edib. Bu barədə İnqilab Sultanov özü məlumat verib).

Yeri gəlmişkən, onu da qeyd edək ki, “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl bildirib ki, 1:0 hesablı qələbə bizim üçün heç-heçədən də təhlükəlidir: “Məsuliyyətli olmaq lazımdır. Arxayınlaşmaq olmaz. Qarşıda cavab oyunu var və həmin matçdan da üzüağ çıxmalıyıq”. Onun fikrincə, bu mövsümdə “Qarabağ” “Qızıl dubl” da edə bilər: “Biz hər bir oyuna ayrıca köklənirik. İndiki məqamda “Qızıl dubl” istəyi fikrimizi yayındıra bilər. Amma hər kəs istər ki, həm çempionatda, həm də kubokda qalib olsun”.

”Simurq”un baş məşqçisi Georgi Çixradze də oyuna səylə hazırlaşdıqlarını söyləyib.

Bir daha xatırladaq ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında “Qarabağ” “Simurq”a 1:0, “Neftçi” isə “İnter”ə 2:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, “Qarabağ” bu mərhələyə yüksəlmək üçün MOİK (4:2) və “Bakı”nı (3:0, 4:1), “Simurq” “Rəvan” (6:0) və “Qəbələ”ni (3:0, 0:0), “Neftçi”  “Qaradağ Lökbatan”ı (3:0) və AZAL-ı (0:0, 1:0), “İnter” isə “Şahdağ” (3:0) və “Xəzər Lənkəran”ı (2:0, 3:0) mübarizədən kənarlaşdırıb.

Final Qəbələdə keçiriləcək?

Azərbaycan kubokunda cari mövsümün final oyunu Qəbələdə keçirilə bilər. Bu haqda “Qəbələ İK” qəzetinə PFL prezidenti Ramin Musayev məlumat verib: “Sözsüz ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq. Matçın Qəbələdə keçirilməsi mümkündür. Finalçılar bəlli olduqdan sonra qərar veriləcək. Sözsüz ki, finalın Qəbələdə keçirilməsi çox yaxşı olardı. Çünki həmin bölgədə futbol da var, azarkeşlər də”. 23-cü dəfə keçiriləcək həlledici matç Qəbələdə baş tutarsa, bu, əyalətdə keçirilən ilk final kimi futbol tariximizə düşəcək. Təqvimə əsasən, final matçı iyunun 3-də olmalıdır.

Gülər İsmayılova