“Bizi dəstəkləyən yoxdur”

550

Parkur idman növünü yəqin ki, bir çoxunuz bilmir. Bu, maneələri aşma sənətidir. Parkurla məşğul olanların bir çoxu bunu həyat üslubu kimi qəbul edir. Hərəkatın ideoloqları Devid Bell və Sebastyan Fukandır. Hazırda bir çox ölkədə fəal şəkildə müəyyən birliklər və şəxslər tərəfindən təbliğ olunur və inkişaf etdirilir. Parkurun mahiyyətində hərəkət və müxtəlif səciyyəli maneələrin dəf olunması durur. Bu maneələr memarlıq abidələri də, xüsusi hazırlanmış konstruksiyalar da ola bilər. Artıq Azərbaycanda da bu idman növü ilə məşğul olan klub var. Biz də həmin klubun baş məşqçisi Hafiz Qardaşbəyli ilə söhbətləşdik.

— Necə oldu ki, parkurla məşğul olmağa başladın?

— Parkura uşaqlıqdan marağım var idi və bunu öyrənməkdə qohumum mənə kömək etdi. Beləliklə, dostumla birlikdə qohumum tərəfindən öyrədilməyə başladıq. Artıq 13-14 yaşımda parkurla məşğul olurdum. Həvəskar kimi başlamışdıq və özümüz üçün məşqlər edirdik. Sonra gördük ki, bu bizdə alınır. Ətrafımızdakı insanların da parkura maraqları olduğunu görüb dəstəmizin sayını artırmaq qərarına gəldik. 2006-cı ildə bu işə başladıq və hazırda parkur klubumuz var.

— 22 yaşın var və bu yaşda məşqçilik məsuliyyət tələb edir. Övladlarını idmana gətirən valideynlər tərəfindən bu necə qarşılanır?

— Bəli, məsuliyyətli bir işlə məşğul oluruq. Görürsən ki, 7-8 yaşda uşağı gətirib, soruşurlar ki, bu, olimpiya idman növüdür? “Xeyr”, cavabını alanda deyirlər ki, aparım uşağı qoyum cüdoya, olimpiya çempionu olsun. 7 yaşlı uşağın olimpiya çempionu olacağını heç kim bilməz. Əslində parkur lazımlıdır. Əsgərliyə getdikləri zaman çevik olmalıdırlar və buna görə belə tədris mərkəzləri açılmalıdır.

— Bu sahədə hər hansı bir təhsilin varmı?

— İdman akedemiyasını nəzərdə tutursunuzsa, xeyr, təhsilim yoxdur. Orta təhsilliyəm və bilirəm ki, təhsil inandırıcı təsir bağışlayır. Ancaq parkurla bağlı peşəkar dərslər almışam. Rusiyanın Sankt-Peterburq şəhərində master-klass təlimləri keçmişəm. Gürcüstanın Parkur Akademiyasında da dərslər almışam.

— Tələbələrinizin təlim almaları üçün peşəkar parkurçulardan qonaq qismində kimisə dəvət etmisinizmi?

— 2013-cü ildə dünya çempionu Ryan Doyl gəlmişdi. Bizə 2 günlük master-klass təlimləri keçdi. Özümüz də xaricə getmək istəyirik. Hazırda Türkiyəni düşünürük.

— Bəs indiyə kimi niyə getməmisiniz?

— Çünki bizim büdcəmizlə bu, mümkün deyil. Bütün xərcləri özümüz qarşılayırıq. Kənardan hər hansı bir dəstək olmadığı üçün göndərə bilmirik.

— Yəni özünüz-özünüzü maliyyələşdirirsiniz?

— Bəli, klub üzvləri hərəsi bir az pul qoyur. Məndən başqa bütün üzvlər kənarda işləyirlər. Onların da gəlirləri 300-400 manat arası olur. Əsasən yay aylarında bölgələrə gedirik. Bu yaydan o biri yaya da 1 il var. Bu 1 il ərzində rahat 400-600 manat pul yığırıq.

— Parkur zalınız var və bildiyim qədərilə o da icarəyədir. Onun pulunu necə həll edirsiniz?

— Əvvəl məşqlər ayda 25 manat idi, indi 30 manatdır. Zalın kirayəsini ödəmək lazımdır. Bizdən olsa, pulsuz dərslər keçərdik. Zaldan-zala da fərq var. Şəraitə görə qiymət də dəyişir. Hazırda yay olduğundan, zal məşqlərini saxlayıb, küçə məşqləri keçirik. Əslində, pakur küçə idmanıdır. Bədənə hakim olmaq sənəti olduğundan, sırf zal məşqi deyil.

— Küçə məşqlərinə yeni gələnləri qəbul edirsinizmi?

— Küçə məşqlərinin öz  problemi var. Kim özünə güvənib, “mən məşq edə bilərəm” deyirsə, yeni gəlməsinə baxmayaraq, qəbul edirik. Bunun üçün yaşına, fiziki görkəminə və küçə məşqlərinə uyğun olub-olmamasına baxırıq. Zədələrə gəlincə, bu, zalda tatami üzərində də olur, belədə də.

— Parkurla məşğul olmaq istəyən hər kəsi qəbul edirsiniz?

— Bəli, hər kəs bizə qoşula bilər. Məsələn, hazırda üzvlərimizin yaş aralığı 8-25-dir. Ümumiyyətlə, parkurda yaş fərqi yoxdur. Türkiyədə 65, İngiltərədə 70 yaşlı dayılar var ki, bu idmanla məşğul olurlar. Əgər sən özünü hazır hiss edirsənsə, marağın varsa, istədiyini edə bilərsən. Əsas istəkdir. Amma müraciət edənlər arasında saluta (flip) öyrənmək istəyənlər də olur. Parkur isə sırf salutadan ibarət deyil. Saluta atmağı öyrənmək istəyənlər üçün akrobatik zallar var, gedib orada öyrənə bilərlər. Parkur sadəcə yolunu asanlaşdırır. Bizə “saluta vuranlar” deyirlər.  Amma maneəni rahat keçirəmsə, niyə saluta vurmaqla 4-5 saniyə özümü gecikdirim?

— Ümumiyyətlə, Azərbaycanda parkur klubunu qurmaq fikri kimə məxsusdur?

— Mən özüm 8-9 ildir parkurla məşğul oluram. Məndən öncə də bir neçə yerdə zal var idi ki, uşaqlar oraya toplaşıb dəslər keçirdilər. Mən də gedib onlara qoşulmuşdum. O vaxt hamı qrup şəklində bir yerdə məşq edirdi. Qrup sayı isə 40-60 nəfər idi. Sonra gördük ki, hər dəfə bir araya gələ bilmirik, qərara gəldik ki, ayrılaq, öz qrupumuzu quraq.

— Klubun fəaliyyəti  rəsmidirmi?

— Biz ayrıldıqdan sonra Azərbaycan Parkur Klubunun (APK) əsasını qoyduq və rəsmi qeydiyyatdan keçdik. APK-nın prezidenti işlərimizə nəzarət edir. Nəzarət isə daha çox zaldakı məşqlərimizdə olur.

— Bəs niyə hələ də sizi maliyyələşdirmirlər?

— Bunu mən bilmirəm. Müraciət də etmişik ki, bizə dəstək olsunlar. Cavabları o olub ki, qeyri-olimpiya idman növü ilə məşğul olursunuz. Deyirlər ki, güləş və ya cüdo ilə maraqlansaydınız, dəstək olardıq.

— Artıq bir klubunuz olduğundan, beynəlxalq yarışlara çıxmaq imkanınız da var. Bu barədə nə düşünürsünüz?

— Əslində planlarımız var. Sadəcə, dövlət dəstəyi lazımdır.

— Heç yaxın qonşu ölkələrdən sizə hansısa turnirdə iştirakla bağlı dəvətlər gəlirmi?

— Bəli, gəlir. Amma ora getmək, qayıtmat; hamısı çox xərc tələb edir. Bütün xərclər öz cibimizdən olduğundan məcbur olub təkliflərdən imtina edirik. Hələ tək özüm gedəndə hesablar kəllə-çarxa çıxır. Qaldı ki, uşaqları aparım.

— Ölkə daxilində tanınmaq lazımdır ki, bunun gəlirinizə təsiri olsun. Bunun üçün nə kimi işlər görürsünüz?

— İlk növbədə klubumuzla bağlı televiziya kanallarına, qəzetlərə müsahibələr vermişik. Şəhərdə küçə məşqləri edərkən yaxınlaşıb soruşurlar. Ən azı parkurun nə olduğunu bilirlər. Artıq bizi tanıyırlar. Bizə qoşulmaq istəyənlər də çoxdur. Daha çox 16 yaşdan yuxarı olanlar bizə qoşulurlar. Valideynlərinin əllərindən tutub gətirdikləri uşaq sayı isə azdır.

— Niyə bu idman növünə maraq azdır?

— Bizə qoşulmaq istəyənlər zalımıza gəlirlər. Amma zal da çox kiçik və yararsızdır. Texniki avadanlıqların hamısını öz cibimizdən aldığımız üçün yetərli olmur. Gəlib bu şəraiti də görəndə geri qayıdırlar. Türkiyə, Gürcüstan, Ukrayna, hətta Ermənistanda belə, parkur federasiyası, akademiyası mövcuddur. Akademiyanın varlığı o deməkdir ki, dünya səviyyəlidir və bütün peşəkar avadanlıqlara sahibdirlər. Yenə də bu cür şəraitdən bizim kimi peşəkarlar çıxıb.

— Maddi sıxıntılarınızı bilib, sizi dəvət etmək əvəzinə buraya gəlmək istəyən xarici ölkə komandaları da yoxdur?

— Bu barədə danışmışıq. Amma Türkiyəyə getməyimiz daha məqsədəuyğundur. Onların akademiyası, zalı var. Bu bizim xeyrimizədir. Onlar gəlsələr, yenə küçələrdə məşq edəcəyik. Biz getsək, akademiyada hazırlaşacağıq. Həmçinin Türkiyədən başqa yerlərə də çıxış olar.

— Bu idman növü şəxsin özünə güvən hissini meydana çıxarmağa xidmət edir. Əksəriyyət sırf bu səbəbdən parkurla məşğul olur. Buna görə də, zihinsəl məşğələlər önəmlidir. Bu sizdə necə həyata keçirilir?

— Həftənin 6 günü məşqimiz olur. 4 günü sırf tarazlıq, 1 günü akrobatik hərəkətlər üzərində işləyirik, 1 gün isə parkur fəlsəfəsindən bilgilərdən danışıqlar aparırıq. Həyat tərzi parkur olduğuna üçün insan məcbur olur başqa cür düşünsün, ətrafa başqa cür baxsın. Başqa cür baxmaq üçün də gərək başqa cür görəsən. Bizə qoşulmaq istəyənlərlə öncə parkur haqda söhbət edirik. Bilməlisən kimsən, parkuru nə üçün öyrənirsən… Parkur fəlsəfəsinin dərinliyinə gedəndə, görürük ki, bu, sırf kömək məqsədilə yaradılıb. Bir fransız gəmiçi Afrika qəbilələrində görüb ki, qaçmaqla, ağaca tullanmaqla görəcəkləri işin vaxtını tezləşdirirlər. Öyrəndiklərini öz ölkəsinə gətirib və müharibədə tətbiq edib. Bu texnikanın köməyi ilə  yaralalıları tez arxaya daşıyaraq, vaxt qazanıblar.

— Psixoloji dəstəyi necə verirsiniz?

— Risk parkurçunun ən yaxın dostudur. Amma öncə özünü birinci tanımalısan. Mən bu hərəkəti edə bilərəm, bacararam, yoxsa yox? Məsələn, tullanarkən qorxursansa, tullanma. Özünə tam əmin deyilsənsə, hərəkətin uğursuz olacaq. Bəzən bir hərəkəti edənə qədər 2-3 saat gözləyirik. Fikirləşirik, özümüzü hazırlayır, ruhşandırır, sonra edirik.

— Maraqlıdır, hündürlükdən qorxan biri parkuru sevirsə, onu necə casarətləndirirsiniz?

— Onu öncə hündürlüyə öyrəşdiririk. Yavaş-yavaş məsafələr qalxır yuxarı. Birinci dayanmalar başlayır, məsafə balaca, hündürlük çoxalır. Hərəkətlər başlayır və beləliklə, bu, onda alınır.

— Təxmini nə qədər müddətə öyrənmək olar?

— Bu, insanın özündən asılıdır. Özüm 9 ildir öyrənirəm, bilmədiyim minlərlə hərəkət var. Dünya çempionları belə, bu cürdür. Ryan Doyl müsahibəsində demişdi ki, neçə illərdir parkurla məşğulam, hələ də öyrənirəm.

— Özünün qorxduğun hərəkət varmı?

— Qorxduğum hərəkət yox, məsafə olub. Bildiyim bir hərəkət olub ki, onu böyük məsafədən həyata keçirmək istəmişəm. Elə hərəkət olub ki, 3 il alınmayıb. Hündürlükdən bir hərəkəti etməliydim. Bir ay hər gün gedib orada dayanmışam, özümü hazırlamışam. Baxa və tullana bilmirdim.

— Məşq zamanı zədə olduqda cavadehliyi kim daşıyır?

— Özümüz məşq edəndə çıxma, sınma çox olub. Amma zalda belə bir şey hələ olmayıb. Əslində bütün zədələr özbaşınalıqdan olur. Hərəkəti bacırırsansa, peşəkarsansa zədə ehtimalı az olur. Məşqçinin dediklərinə əməl etdikdə zədə almırsan.

— Tələbələrinizə evdə özlərini inkişaf etdirmələri üçün tapşırıqlar verirsinizmi?

— Ancaq fiziki hərəkətlər: press, jim… Bizə ağırlıq qaldırmaq olmaz, bu, cəldliyi itirir.

— Parkurla məşğul olan birini bu sahədə hansı nəticə gözləyir?

— Dünya və Avropa çempionatları keçirilir. Yalnız olimpiya oyunları sırasında yer almır. Bir dəfə olimpiya çempionu oldun, sonra? Bilirsiniz, kiməsə idman üzərindən ev, maşın qazanmaq lazımdırsa, başqa idman növünə getsin. Biz idmanla məşğul olub, sağlam qalırıq. Burada məşhurluq, qazanc gözləməsinlər. Uşaqlardan aldığımız pulla onların istifadə edəcəyi avadanlıq alırıq. Vaxt olub aylarla kirayə pulunu öz cibimdən vermişəm. Gənclər boş vaxtlarında çayxanalara gedirlər. Yavaş-yavaş da siqaret və digər pis vərdişlərə yiyələnirlər. Bizim uşaqlar isə bunlardan uzaqdırlar. Biz məşqdən kənar məşğuliyyətləri ilə də maraqlanırıq ki, pis vərdişlərə yiyələnməsinlər.

— Küçə məşqləri dedin. Özünün daim məşq edə biləcəyin məkan varmı?

— Var,  bir çox yerdə. Ancaq çox parka da girə bilmirik. Bizi qovurlar, deyirlər ki, ayağın daşa dəyir, qara qalır, nə bilim bu ağac bahadır. Uşaqlar da buna görə həvəsdən düşürlər.

— “Yamakasi” kimi öz komandanı qurmaq fikrin varmı?

— Belə bir fikrimiz var. Hazırda 4-5 nəfərdən ibarət qrupumuz var. Gələcəkdə ölkə xaricinə də çıxmağı düşünürük.

TÜRKAN İMAN