“Bizi barmaqla göstərib, təəccüblə baxmayın!”

515

O, “qüsursuz” insanlardan fərqli olaraq, yeyib-yatmaq, işləməmək üçün bəhanələrin yerinə normal həyatına davam etməyin yollarını axtarır. Əhmədin hər kəs kimi gündəlik işə gedib-gəlmək imkanı olmadığı üçün o, ev şəraitində işləyir. Əvvəllər Azərbaycan Alpinizm Federasiyasında tərcüməçi və bir neçə tədris mərkəzində reklamçı kimi fəaliyyət göstərib. Rus və Azərbaycan dillərində sənədlər tərcümə edən Əhməd hazırda saytlardan birində “content managment” (verilən bazanı idarə edən) vəzifəsində çalışır. Əhmədin həyatında onu çalışmaqdan, uğur qazanmaqdan geri qoyan bəhanələrə yer yoxdur. O, digər fiziki qüsurlu insanlardan fərqli olaraq, görənlərə pessimist, həyatdan küskün bir insan tablosu sərgiləmir. O, üzündəki təbəssümlə bütün çətinliklərə meydan oxuyur. O, həyatı hər zaman pozitiv tərəfləri ilə dəyərləndirir və heç bir məhdudiyyəti maneə hesab etmir.

– Özünü oxucularımıza necə təqdim edərdin?

– Sadəcə, Əhməd.

– Yerimə qabiliyyətini necə oldu itirdin? Həmin günləri necə xatırlayırsan?

– 2006-cı ilin yanvarın 28- i idi. Səhər durdum, paltarımı geyindim, yeməyimi yedim və stoldan durub divana yaxınlaşanda birdən başımda bərk ağrı tutdu, gözlərim qaraldı. Elə “ay başım, ay gözüm” dedim və sonrası yadımda deyil. Sonra nələr baş verdiyini evdəkilər danışıb mənə. Başımı tutub yıxılmışam yerə. Anam gəlib baxanda görüb ki, hərəkətsiz uzanmışam. Nə qədər çağırsa da, cavab verməmişəm. Tez təcili yardıma zəng ediblər və hər şey ondan sonra başlayıb. Vəziyyətim çox ağır olduğu üçün xəstəxanalar məni qəbul etmirmiş. Sonra birtəhər qəbul ediblər, amma sağ qalacağıma ümid olmayıb. 14 gün komada yatandan sonra gözlərimi açmışam və ilk sözüm “su” olub. Yəqin çox susamışam (gülür).

– Sağlamlığında heç bir problem olmadığı halda, birdən-birə belə oldun?

– Bəli, birdən birə. Mən beyindaxili təzyiqlə doğulmuşam (uşaqların 80 faizdən çoxu bu cür doğulur). Beyindaxili təzyiqlə doğulan uşaq 15 yaşına qədər müalicə olunmalıdır ki, bu problem yeniyetməlik dövründə özünü daha ağır formada büruzə verməsin. Ümumiyyətlə, mən bir yerdə duran uşaq olmamışam. Çox qaçırdım, futbol oynayırdım. Soyuqda papaqsız gəzirdim, qışda əl-üzümü qarla yuyurdum, bir sözlə, özümü qorumurdum. İsti, soyuq çox olduğuna görə, təzyiqin sürəti artır və beyində damar buna tab gətirə bilmədiyi üçün partlayır.  Məndə də eyni hal baş verdi. Bu hadisə də beyindaxili təzyiqin qalxması nəticəsində baş verib. Hər iki beynim qan içində olub. Mən komadan ayıldıqdan sonra həkimlər deyiblər ki, ya dəli olacaq, ya da huşunu itirəcək. Komaya girəndə qıc olmuşam, ona görə də ayıldıqdan sonra nə əllərim işlədi, nə də ayaqlarım. Sonra idmanla məşğul oldum və yavaş-yavaş əllərim açıldı. İndi təkcə ayaqlarım qalıb, onu da çalışıram açım.

– Bu məşqlər həkimin təyin etdiyi xüsusi idman proqramlarıdır, yoxsa…

– Bəli. Bizdə həkimlər ancaq müalicəvi idman təyin edirlər. Amma təəssüflər olsun ki, mən müalicə mərkəzlərimizdə idmanla kiminsə ayağa qalxdığını görmədim.

– Buna səbəb şəraitin olmamasıdır?

– Xeyr. Dövlət buna yetərincə pul ayırır və avadanlıqlar da var. Lakin bizdə fizioterapiya sahəsində mütəxəssislər çox azdır. Elə reabilitasiya mərkəzləri var ki, oraya xaricdən mütəxəssislər gətirilir. Lakin bunlar özəl bərpa mərkəzləridir və qiymətlər baha olduğu üçün maddi vəziyyəti yaxşı olmayanlar buradan faydalana bilmirlər.

– Bu hadisə həyatında nələri dəyişdi?

– Bu hadisə baş verəndə, ilk aylar özümü çox pis hiss edirdim. Çünki hər şey normal olduğu halda, birdən-birə yerimə qabiliyyətindən məhrum olmaq ağır bir şeydi. Sonralar pessimistliyi atdım bir kənara və başladım idmanla məşğul olmağa. Mənə hər zaman yaxşı insanlar köməklik ediblər, dəstək olublar. Həyatımda dəyişən şey çox olub.  Birincisi odur ki, hələ gəzə bilmirəm. İkincisi, “yaxşı” və “pis”in nə olduğunu  gördüm. Üçüncüsü, yaxşı insanları tanıdım və onlarla dost oldum.

– Əvvəlki Əhmədlə indiki Əhmədin xarakteri, düşüncələri arasında hansı fərqlər var?

– Əvvəlki Əhməd uşaq idi, indiki isə böyüyüb. Hər yaş gəldikcə daha da ağıllanır və gücü artır. İndiki Əhməd yalnız özünə, yaxınlarına inanır və güvənir. İndiki Əhməd özünə əmindir. Bir sözlə indiki ilə əvvəlki arasında yerlə göy qədər fərq var.

– Deyirlər, hər şərdə bir xeyir var. Sən başına gələn hadisələri necə dəyərləndirirsən?

– Çox düz deyilib. Nə olursa hər şey yaxşılığa doğru olur. Bu hadisə olmasaydı yaxşı dostları, insanları tanımazdım. Bu hadisə olmasaydı, siz də məni tanımazdınız və məndən müsahibə ala bilməzdiniz.

– Bu gün bir çox fiziki məhdudiyyəti olan insanlar özlərinə qapanırlar, cəmiyyətdən uzaqlaşırlar. Səncə,  burada cəmiyyətin rolu nə qədərdir?

– Bilirsiniz, əslində hər şey cəmiyyətdən asılıdır. Gəzməyən insana adam yeyən kimi baxırlar. Ondan qaçırlar, yolda görəndə qulaqlarını çəkirlər. Əksinə, çəkməklə qulaqlarını böyüdürlər (gülür). Fiziki məhdudiyyətli insanların bəziləri çox həssas olurlar. Onların ürəyini qırmaq, incitmək çox asan olur. Belə şeylər daha çox sevgi məsələlərində olur. Çünki oğlanlar qızlara tez bağlanırlar. Lakin ailə oğlanın fiziki məhdudiyyətli olduğunu bildikdə bu münasibətə icazə vermirlər. Ayrıldıqdan sonra da oğlan depressiyaya düşür və özünü cəmiyyətdən təcrid edir. Belə hallar fiziki məhdudiyyətli xanımların da başına gəlir. Ona görə də bir az ehtiyatlı olmaq lazımdır. Mən belə məsələlərdə daha diqqətli davranmağa çalışıram ki, heç vaxt bu cür vəziyyətlə qarşılaşmayım. Yeriməyən də yeriyən kimi bir insandır. Onun da ürəyi var, hissləri var. Əksinə, çalışıb onların yanında olmaq, onlara dəstək olmaq lazımdır.

– Belə bir deyim var ki, həyat mübarizə aparmağı bacaranları sevir. Səncə, insan mübarizə ruhunu necə qazana bilər?

– İnsan ilk öncə özünü sevməlidir. Gələcəyə baxmalı və indiki ilə yaşamalıdır. Keçmişi ilə yaşayan insan heç vaxt mübariz ola bilməz. Çətinliklər hər zaman və hər yerdə var. Bunlardan isə yalnız güclü insan yaxa qurtarmağı bacarar. Güclü insan özünü, ailəsini sevən və hamıya hörmət edəndir. Fikrimcə, mübarizə ruhu bu cür yaranır.

– İnsanlarda müşahidə etdiyin mənfi xüsusiyyətlər hansılardır?

– Qeybət, bir-birinə qarşı kin, paxıllıq. Bunlardan heç xoşum gəlmir…

– Fiziki məhdudiyyətli insanların qarşılaşdığı problemlər hər kəsə məlumdur. Bunların arasında ən vacib olanlar hansılardır və səncə, bu məsələlərdə insanların üzərinə hansı vəzifələr düşür?

– Problemlər əslində çox yerdə var. İlk növbədə, nəqliyyatdır. Avtobuslara araba ilə minmək üçün şərait olsa, çox yaxşı olar. Çünki ölkəmizdə çox sayda insanlar məhz bu səbəbdən evdə otururlar. Cəmiyyətdən təcrid olunmanın səbəblərindən biri də budur. Eyni zamanda yollarda, keçidlərdə pandusların olmaması da problemlər arasındadır. İnsan gəzmək, cəmiyyətə qarışmaq istəyir. Lakin təkbaşına çölə çıxmaq olmur, yenə də kiminsə köməyinə möhtac olur adam. Düşünürəm ki, bu problemlər aradan qaldırılsa, fiziki məhdudiyyətli insanların cəmiyyətə adaptasiya prosesi bir qədər sürətlənər.

– Pozitiv olmaq insana nə qazandırır?

– Əslində çox faydası var. Hər kəs kimi, mənim də problemlərim olur. Ancaq öhdəsindən gəlmək lazımdır. Ən azından oturub qəmgin mahnıya qulaq asıb ağlamağın fayda verməyəcəyi məlum məsələdir.

– Sənin üçün həyatda önəmli olan üç şey nədir?

– İnsanlıq, mehribanlıq və hər vəziyyətdə gülümsəmək.

– Cəmiyyətin məhdudiyyətli insanlara qarşı münasibətində nələr dəyişməlidir? Səni ən çox nə narahat edir?

– İlk öncə insanlıq başa düşülməlidir. İnsanlar “bunun xarici görünüşü yaxşıdır, bununla ünsiyyət qurmaq olar, bu isə yaraşıqlı  deyil bununla qurmayaq” düşüncəsindən uzaqlaşmalıdır. Ürəyə qiymət verilməlidir, görünüşə yox.

– Son olaraq oxuculara nə demək istəyərdin?

– Hörmətli gəzən insanlarımız! Sizdən xahişim odur ki, arabada insan görəndə onları barmaqla göstərməyin! Təəccüblü baxışlarla baxmayın! Axı biz sizi barmaqla göstərmirik və sizə təəccüblə baxmırıq!