“Bizdəki ekstrasenslərin böyük bir qisminin psixiatrik problemləri var”

544

 

Televiziya ekranlarında yayımlanan bir çox verilişlərə hər gün yeni bir mütəxəssis, ekspert dəvət olunur. Verilişə qonaq qismində dəvət olunan ekspertin, həqiqətən də, ali savadlı, diplomlu mütəxəssis olub-olmaması isə sual altındadır. Televiziyada mütəxəssis kimi təqdim olunan bu şəxslər insanlara məsləhət verir, problemləri həll etməyə çalışırlar. Bəs, görəsən, özünə mütəxəssis deyənləri, həqiqətən də, ekspert hesab etmək olarmı? Bundan başqa, televiziya kanallarında ekspert kimi təqdim olunan qonaqlar arasında ekstrasenslər də xüsusi yer tutur. Onları artıq hər kanalda, bir çox verilişlərdə görmək mümkündür. Bəs, görəsən, ekstrasenslik nədir?

 

Ekstrasens kimdir?

Zamanından asılı olmayaraq, qeyri-adi hadisələr daima insanların maraq dairəsində olub. Öz gələcəyini görmək, həyatda baş verən sirli hadisələrin səbəbini öyrənmək isə hər kəsin arzusudur. Hətta bu arzu insanları bəzən falçılara, bəzən də ekstrasenslərə üz tutmağa vadar edir. Bu cür mövzular maraq dairəsində olsa da, hər kəs bu anlayışlara inanmır. Amma inanmayan insanların bəziləri belə bu mövzularla maraqlanırlar. Şübhəsiz ki, burada insanın gizli olana, bilinməyənə qarşı hiss etdiyi marağın və gələcəkdə özü və ətrafı haqqında bilinməyənləri bilmək istəyinin böyük rolu vardır. Bəs, görəsən, ekstrasenslərə inanan insanlar çoxdurmu?

Mövzu ilə əlaqədar psixoloq Elnur Rüstəmlinin fikirlərini öyrəndik: “Çox təəssüflər olsun ki, ekstrasenslər özlərini psixoloq kimi cəmiyyətə təqdim edirlər. Belə bir tendensiya var. Onların böyük bir qisminin, ümümiyyətlə, təhsili yoxdur. Heç bir ali təhsil almayıblar. Ekstrasenslik isə psixologiyada nə təsdiq, nə də təkzib edilib. Ancaq bu gün bizdəki ekstrasenslərin böyük bir qisminin, mən deyərdim ki, psixiatrik problemləri var. Bunu onların danışığında, hərəkətində, insanlarla münasibətində müşahidə etmək mümkündür. Belə şəxslərin çoxu hazırda psixiatrik xəstəxanalarda qeydiyyatdadırlar. Onlar düşünürlər ki, onlara vergi verilib, onlar qeyri-adi istedadlı, vergili insanlardı, ancaq guya insanlar bunu həzm edə bilmirlər”.

 

Psixoloq, yoxsa ekstrasens?

Ekstrasenslərin özlərini psixoloq kimi təqdim etdiyini deyən E. Rüstəmli, insanlara onlara inanmamağı tövsiyə etdi: “Ekstrasenslər öz əməllərinə haqq qazandırmaq üçün psixoloq-ekstrasens, parapsixoloq adı altında fəaliyyət göstərirlər. İnsanlar öz həyatlarını onların fikirləri ilə tənzimləməməlidirlər. Çox təəssüflər olsun ki, şüurumuzda belə bir anlayış var; “fala inanma, faldan da qalma”. Bizim insanlarda hələ də belə fikirlərə qarşı xüsusi bir inam var. Bu gün elm, eləcə də psixologiya elmi inkişaf edib və artıq insanlar ekstrasenslərə, falçılara yox, psixoloqlara üz tuturlar. Çünki psixoloq elmi yanaşmalarla işləyir və fərdin gələcəyi ilə yox, keçmişi ilə iş görür. Ekstrasenslər isə əksinə”…

 

“Parapsixologiyadan biznes məqsədi ilə istifadə edirlər”

E. Rüstəmli hesab edir ki, parapsixologiya qeyri-elm sahəsidir: “Parapsixologiyada gələcək haqqında məlumat, proqnoz verilir. Bu sahədən isə daha çox biznes məqsədi ilə istifadə edirlər. Yəni parapsixologiya ilə ekstrasens ayrı-ayrı məfhumlardır. Bu, psixologiyada qeyri-primitiv yanaşma kimi təqdim olunur. Yəni siz parapsixoloqdan bunun elmi əsasını soruşsanız, o sizə cavab verə bilməyəcək. Ekstrasenslərdən isə soruşduqda ki, filan şeyin belə olacağını haradan bilirsən? Cavabında isə “yatıb yuxuda görmüşəm”, “başım divara dəyib bilmişəm”, yaxud da “mənə vergi verilib” deyəcək. Onlar da bunun heç bir elmi əsasını verə bilmirlər”.

 

“Ekstrasenslər insanın zəif yerlərini tapmağa çalışırlar”

Psixoloq son zamanlar bu mövzunun yenidən aktuallaşdığını vurğulayaraq dedi: “Gündə bir proqnoz verilir ki, adam öləcək, bədbəxtçilik baş verəcək və s. Onlara sual vemək lazımdır ki, nə vaxt insan ölməyib ki? Bunu bilmək üçün ekstrasens olmağa ehtiyac yoxdur. Onsuz da hami bilir ki, hər gün insan ölür və hər gün yeni körpə doğulur. Ölkədəki insanların hamısı sağ qalmayacaq ki, əlbəttə, hamı bir gün öləcək. Sonra məlumat verirlər ki, sənin əvvəl sevdiyin olub. Kimin sevdiyi olmayıb ki? Yəni onlar ümumi bir şeylə məsələyə daxil olur və başlayırlar proqnozlar verməyə. Bunların heç birinin elmi əsası yoxdur. Mən düşünürəm ki, insanlar maarifləndikcə, bilgiləndikcə bu problemlər də öz həllini tapacaq. Ancaq hər bir insanın – istər alimin, istərsə də ateistin ürəyinin dərin bir guşəsində ilahi bir inam var. Ekstrasenslər də bunu əsas götürür və insanın zəif yerlərini tapmağa çalışırlar. Hətta elə insanlar var ki, onların dediyinə inanır və həyatlarını onların dediklərinə əsasən yaşayırlar. Məsələn, ekstrasens deyir “3 ay içərisində sənin üçün təhlükə olacaq”. Buna inanan insan qorxudan evdən az çıxır. Yaxud da “uzaq səfərə getmə, başına iş gələcək” deyir. Həmin şəxs də heç yana getmir. Belə olmaz axı… Bunun psixoloji təsiri ilə bağlı bir iş görmək lazımdır”.

Müsahibimiz son olaraq insanlara problemləri olduğu zaman ekstrasenslərə deyil, psixoloqlara müraciət etmələrini tövsiyə etdi: “Narahatçılıqları varsa, psixoloqdan kömək istəsinlər, həkimlərə müraciət etsinlər. Ekstrasens onların eqolarını təmin edir, doydurur, insanlara eşitmək istədikləri bəzəkli sözləri söyləyirlər, həqiqəti yox. Məsələn, “yaxşı olacaq, ərə gedəcəksən, çoxlu pul qazanacaqsan və s”. Bu da insanların nəfsinə xoş gəlir. Ancaq problemin necə, hansı metodla həll olacağını isə demirlər və nəticədə problemlər qaldığı yerdən davam edir”.

 

“Televiziyada peşə sahibi olmayan ekspertlər görmək mümkündür”

Mövzu ilə bağlı qəzetimizə müsahibə verən Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə isə Azərbaycanda ekspert qıtlığının olduğunu söylədi: “Bu problem yalnız televiziya üçün xarakterik deyil, mətbuatın özündə də bu sahə üzrə müəyyən boşluqlar var. Ancaq təəssüflər olsun ki, televiziyalarda, qəzet və jurnallarda hər hansı bir fəaliyyətlə məşğul olmayan, heç bir peşə sahibi olmayan ekspertləri görmək mümkündür. Belə insanlar həm iqtisadiyyatdan, həm mədəniyyətdən, həm də siyasətdən dəm vururlar. Mən özüm mətbuatda belə insanlara çox rast gəlmişəm. Bu cür insanlar sanki hər sahədə danışmağı özlərinə borc bilirlər”.

 

“Mən, ümumiyyətlə, ekstrasenslərə inanmıram”

“Təəssüflər olsun ki, son zamanlar ekspert adına layiq olmayan, yəni hər hansısa bir mövzu haqqında şərh verməyə haqqı olmayan insanları efirə dəvət edirlər. Bunların arasında əsas yeri isə ekstrasenslər tuturlar. Mən hesab edirəm ki, ekstrasenslərin tez-tez efirə çıxarılması müsbət hal deyil. Düzünü desəm, mən, ümumiyyətlə, onlara inanmıram. Məşhur bir ifadə var: “Elmdən kənar heç nə yoxdur”. Mən istəyərdim ki, televiziya işçilərimiz də həmin missiyaya sadiq qalsınlar. Məşhur olmaq xatirinə, publika tərəfindən tanınmaq istəyən dırnaqarası mütəxəssislərin efirə çıxarılması mənim zənnimcə, doğru deyil”,-deyə Seymur Verdizadə vurğuladı.

 

“Ekstrasenslər özlərini efirdə

psixoloq və ya parapsixoloq kimi

tanıdırlar”

Ekstrasenslərin bir çox insanları qıcıqlandırdıqlarını bildirən S. Verdizadə dedi: “Son vaxtlar ekranlarda tez-tez rastlaşdığımız ekstrasens sözü bir çox insanları qıcıqlandırdığına görə onlar özlərini efirdə psixoloq və yaxud  parapsixoloq kimi təqdim edirlər. Televiziya verilişləri də öz səviyyəsiz qonaqlarını sığortalamaq üçün belə adlardan istifadə edirlər. Zənnimcə, psixologiya kifayət qədər dərin bir elmdir. Bu sahədə fəaliyyət göstərmək üçün ali təhsil almaq lazımdır. Bundan əlavə, həm də həyat təcrübəsi lazımdır. Buna görə də mən hesab edirəm ki, belə halların qarşısını almaq üçün psixoloqlar özləri etiraz etməli, ekstrasenslərin onların adlarına, titullarına sahiblənmələnə qarşı mübarizə aparmalıdırlar”.

 

“Ekstrasensləri televiziya proqramlarına dəvət edib, fikirlərini öyrənmək yanlışdır”

Məsələyə hüquqi cəhətdən yanaşan hüquqşünas İlham Məmmədov “təsadüfi şəxslərin məsələn, ekstrasenslərin TV proqlamlarında mütəxəssis kimi təqdim olunması hüquqi cəhətdən doğrudurmu?” sualına belə cavab verdi: “TV proqramlarına öz sahəsində ixtisaslaşmış kadrlar, mütəxəssislər dəvət olunmalıdırlar. O ki qaldı ekstrasenslərin dəvət olunması, mən hesab edirəm ki, ekstrasenslik, ümumiyyətlə, uydurma bir şeydir. Belə bir sahə yoxdur. Qanunvericilikdə falçılıq var, bu da elə ona bənzər bir şeydir. Falçılıqla məşğul olmağa görə məsuliyyət də var. Çünki onlar insanları yanlış məlumatlandırırlar. Falçıların, ekstrasenslərin verdiyi yanlış məlumatlar insanlar, bəzən də ailələr arasında ciddi problemlərin yaranmasına səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində belə bir vacib məqam nəzərə alınıb. Ancaq bu zaman da bir sual ortaya çıxır: əgər belə bir qanun nəzərdə tutulubsa, onlar necə olur ki, öz fəaliyyətləri ilə məşğul ola bilirlər, televiziya ekranlarına çıxırlar? Çünki cinayət məsuliyyəti o halda ola bilər ki, onların verdiyi yalan məlumata, fikrə görə hər hansı bir cinayət tərkibli hadisə baş versin. Ancaq onu da deyim ki, belə şəxsləri TV proqramlarına dəvət edib, fikirlərini öyrənmək yanlış bir metoddur. Çünki ekstrasenslər psixoloq deyil. Sadəcə olaraq, özündən uydurma fikirləri bildirən bir qrup şəxsdir”.

 

“Ekstrasenslər də gəlir əldə edirlərsə, vergi ödəməlidirlər”

“Onlara Vergilər Nazirliyi tərəfindən nəzarət olunub-olunmadığını dəqiq deyə bilmərəm”,-deyən hüquqşünas bildirdi ki, ümumiyyətlə, Azərbaycanda hər hansısa bir sahə ilə məşğul olub, gəlir əldə edilirsə, həmin gəlirdən vergi ödənilməlidir. Ekstrasenslər də bu sahəni özləri üçün peşə seçiblərsə, bu sahədən gəlir əldə edirlərsə, onlar da vergi ödəməlidirlər. Bunun tətbiq edilib-edilməməsinə isə Vergilər Nazirliyi nəzarət edir.

 

“Ekstrasenslər iddia etdikləri

fikirlərə görə məsuliyyət daşıyırlar”

İlham Məmmədov onu da qeyd etdi ki, onlar verdikləri məlumatlara, iddia etdikləri fikirlərə görə məsuliyyət daşıyırlar. Çünki qanunun heç bir maddəsində ekstrasensləri dəstəkləyən bir maddə yoxdur. Yəni bu tamamilə qanunvericiliyə zidd olan bir sahədir. Çünki ekstrasenslərin verdiyi hədə-qorxulu məlumatlar, məsələn, “sizə kimlərsə tərəfindən xəsarət yetiriləcək”, “hər hansı xoşagəlməz bir hadisə baş verəcək” deməsi insanı yanlış yollara yönəldə bilər. Bu zaman bu fikirlərə inanan insanın həyatında ciddi problemlər yaranır və bunun səbəbkarı da elə məhz ekstrasenslər olurlar.

 

“Onlar ekstrasens kimi deyil, psixoloq, parapsixoloq kimi təqdim olunurlar”

Ekstrasenslərin televiziya verilişlərinə çıxarılmasının doğru olmadığını vurğulayan İ. Məmmədov onu da əlavə etdi ki, bu, qanunauyğun deyil: “Buna görə də onları TV proqramlarında ekstrasens kimi deyil, psixoloq, parapsixoloq kimi təqdim edirlər və onlardan dəqiq bir rəy almırlar. Ancaq onların kim olduğu hamıya məlumdur. Yəni bu insanlar ekstrasensliklə məşğul olub, başqa bir ad altında çıxış edirlər. Ekstrasensliklə, falçılıqla məşğul olmaq isə qanunvericiliyə ziddir”.

Nərmin Haqverdiyeva