Bizdə təbəssüm çatışmır

0
528

Bəzən çox gərəksiz, adi şeylərə o qədər əhəmiyyət veririk ki, sanki həyatımız ondan asılıdır. Bəzən də çox əhəmiyyətli, istər mənəvi, istərsə də bioloji baxımdan son dərəcə gərəkli amillərə diqqət belə ayırmaq istəmirik. Ehtiyaclarımızı doğru-düzgün sıralaya bilmirik. Nəyi hansı məsafədə tutmaq məsələsində xətalara yol veririk.

Ədalət, sadəcə, hər kəsə layiq olduğunu vermək deyil, hər kəsi layiq olduğu qədər sevməkdir, hər kəsi layiq olduğu məsafədə tutmaqdır, hər işə ehtiyacımız olduğu qədər zaman, diqqət ayırmaqdır. Bizim təbəssümə çox ehtiyacımız var. Və bəlkə də ən böyük dərdimiz, problemimiz də elə bu nöqtədən qaynaqlanır. Onun-bunun üzünə hırıldamaq xoş bir şey deyil, amma kiməsə qanlı-qanlı baxmaq ondan da betərdir. Təbəssüm deyilən şey hər şeydən əvvəl könül xoşluğunun ifadəsidir. Təbəssüm toxluqdur, səmimyyətdir, həyat eşqidir, xeyir-duadır, hətta sədəqədir. Bəli, bəli, sizə zarafat gəlməsin: təbəssüm, həqiqətən də, sədəqədir. Özü də bu həqiqəti bizə sevimli Peyğəmbərimiz (s.ə.s.) bildirir. Təbəssüm şit-şit hırıldamaq deyil, içində böyük məna, ülvi duyğular barındıran xoş bir əməldir. Təbəssüm “Mən səni sevirəm, sənə dəyər verirəm.”, “Nə yaxşı ki, sən varsan.”, “Mən sənin varlığından məmnunam” kimi xoş duyğularla qarşı tərəfi məmnun etməkdir. Tam əmin olun ki, mənəvi sağlamlığın əsas şərtlərindən biri də məhz təbəssümlü çöhrədir. Qəlbində şükür olanın çöhrəsində təbəssüm olar. Çöhrələrə təbəssüm qondurmaq üçün, əvvəlcə, gərək insana şükrün mahiyyətini açıqlayasan, onun nə qədər faydalı bir nemət olduğunu bildirəsən. Bizim əsas yaralı yerimiz də elə bu nöqtədədir. Hələ bu zamana qədər görməmişəm ki, naşükür adamın üzü gülsün. Dindirsən, qan ağlayacaq. Çox sevdiyim bir söz var: “Zənginlik o demək deyil ki, çox şeyə sahib olasan, zənginlik odur ki, az şeylə kifayətlənə biləsən”. Hər birimizin ətrafında ehtiyacı olan insanlar var. Çox bacarıqlı adamlar tanıyıram ki, ailəsinin gündəlik tələbatını ödəmək üçün az qala sürünür. Bəzən belə də olur, aciz hesab elədiyin birisi suyun duru yerindən payını götürür, ağzı ilə quş tutan oğlanlar qazan dibi yalayır.

Söhbət mənəvi zənginlikdən gedirsə, insan özündən öndəkilərə baxmalıdır, maddi zənginlikdən söhbət gedirsə, özündən arxadakılara baxmalıdır ki, şükür duyğusunu itirməsin. Həsəd – yoxda bərabərlikdir, “Allahım, mənə vermədiyini ona da vermə”, – deməkdir, qibtə varda bərabərlikdir, “Allahım, öncə ona ver, sonra da ona verdiyindən mənə də ver!” deyə dua etməkdir. Həsəd mənəvi xəstəlikdir, şükürsüzlükdür, Allahın yazdığına etirazdır, asilikdir, üsyandır və təbii ki, şiddətlə yasaqlanmış əməldir. İnsanın içi qan ağlayandan sonra nə fərqi varmış ki, bank hesablarında neçə milyonlar yatır. İnsan hazırkı əhvalı ilə ya xoşbəxtdir, ya bədbəxtdir. Sənin həyatın yaşadığın andır, bu an nə hiss edirsənsə, osan, o qədərsən.

Bəli, bizim təbəssümə çox ehtiyacımız var. Təbəssümün yayılması hər cür xəstəliklərin qarşısını alan peyvənd kimidir. İnanmırsınızsa, çıxın küçələrə və insanların çöhrələrinə diqqət eləyin. Təbəssümlü çöhrənin həsrətini çəkəcəksiniz. Bir məsələ də var ki, təbəssüm ani gülüş və ya kədərdən fərqli bir anlayışdır, uzunmüddətli haldır. Hərdən mənə elə gəlir ki, biz ailədə bir-birimizə təbəssümü təlqin eləməliyik, tərbiyə kimi uşaqlara qəbul etdirməliyik. Hər səhər gözünü açanda yanındakına təbəssümlə baxmaq, “sabahın xeyir olsun!” demək əslində çox mühüm məsələdir. Qanın qara olsa belə üzündə təbəssüm tuta bilmək yüksək mənəvi dəyərin görüntüsüdr və biz buna yetişməyə can atmalıyıq.

Təbəssüm böyük sərvətdir, böyük nemətdir və bu nemətdən məhrum olmaq heç də arzu edilən hal deyil. Ona görə də çöhrəmizə təbəssüm “toxumu” əkək ki, könlümüzdə güllər açsın.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here