“Bizdə ədəbi proses yoxdur, fərdlərin qalmaqallarla ortaya çıxması var”

468

Müsahibimiz Gənc Ədiblər Məktəbinin məsul katibi Emin Piridir…

– İlk öncə səni təbrik edirəm. “Tanrının kölgəsi” adlı kitabın işıq üzü gördü. Kitab haqqında fikirlərini öz dilindən eşitmək istəyirik.

– Təşəkkür edirəm. Kitabda 50-yə yaxın şeir toplanıb ki, bunları da müxtəlif illərdə yazmışam. Ötən günlərdə Azərbaycan Yazıçılar Birliyində imza günü və təqdimat mərasimi keçirildi. Payızda isə bir neçə bölgədə və Bakıda yeni imza günləri keçirmək fikrim var.

– Nə üçün məhz “Tanrının kölgəsi”?

-Kitabda bu məsələyə bir qədər aydınlıq gətirmişəm. Məncə, şeirlər oxunduqdan sonra niyə bu ad seçildiyini anlamaq elə də çətin olmayacaq. Mən… Sən… Biz… Bu dünyada kiminsə, nəyinsə kölgəsiyik hamımız… Yaradıcı qüvvənin yer üzündə hərəkətdə olan kölgələriyik. Hər şey Tanrının kölgəsidir. Dünyanın ən duyğusal varlığı onlardır. Kölgələr yalan danışmır. Bəlkə də yeganə həqiqət onlardır. İnsan ağlının bildiyi və duyduğu nə varsa hər şey kölgədir.

– Müxtəlif fikirli və təzadlı bir ədəbi cəmiyyətin sakinləriyik. “Tanrının kölgəsi” bu cəmiyyətdə öz yerini tapa biləcəkmi?

– Tanrının kölgəsi zamanın fövqündə olan bir məfhumdur. Cəmiyyət oldu-olmadı, o hər zaman olacaq. O ki qaldı kitaba, bunu gələcəyə buraxaq.

– Ümumiyyətlə, Emin Piri müasir ədəbi prosesi necə dəyərləndirir, özünü bu prosesin hansı tərəfində görür?

– Bizdə ədəbi proses yoxdur, sadəcə, fərdlərin bəzən hansısa qalmaqallarla ortaya çıxması var. Düzü, bir qədər əvvəllər mənim də hansısa prosesdə səs-küy yaratmağım olub. Amma zaman keçdikcə görürsən ki, bütün bunlar lazımsız bir şey və boşuna enerji itirməkdir. Ən yaxşısı, oturub yaradıcılıqla məşğul olmaq lazımdır. Qalmaqala, böyük səs-küyə can atmalar düşünürəm ki, bir qədər istedadsızlıq əlamətidir.

– Deyirlər, şeir asan janrdı deyə hamı şair olmaq istəyir. Bəs sən nə üçün şair oldun? Deyilənə görə, yoxsa?

– Dünyanın ən asan işi şeir yazmaqdır, amma ən çətini isə poeziyanı yazmaqdır. Heç vaxt düşünməmişəm ki, şairəm, yazıçıyam, yoxsa digəri. Çünki belə şeylərlə beyni məşğul etməkdənsə yazmaq daha yaxşıdır. Bu tipli fikirlərlə beyni məşğul etmək insan hisslərini qurudar. İstedada gəldikdə isə hər bir insanın içində böyük bir istedad yatır. Önəmli olan onu üzə çıxarmaq bacarığıdır. Yəni içindəki istedadı ifadə etmək.

– Gənc Ədiblər Məktəbinin məsul katibisən. Səncə bu məktəbin içərisindən gələcəkdə neçə sanballı imza çıxa bilər?

– Belə öncəgörənlik etmək istəməzdim. Çünki ədiblər məktəbinin fəaliyyəti hələ də davam edir. Bu bir qədər uzun illərin nəticəsindən sonra üzə çıxacaq bir şeydir. Amma belə deyərdim ki, əgər üç ciddi, daha doğrusu, böyük istedad üzə çıxa biləcəksə bunu Azərbaycan ədəbiyyatının ən böyük uğuru saya bilərik o zaman.

– Deyirlər, şeir ilahidən bir vergi kimi gəlir. Şairlərinsə əksəriyyətində ateist baxışlar daha qabarıqdır. Bəlkə sən bir şair kimi bu təzada münasibət bildirəsən.

– Şair həmişə hər şeyə bir qədər etirazçı mövqe tutmalıdır. Amma bizdə fərqlidir hər şey. Ən kiçik “JEK” müdirinə, ya pullu adama, ya da kiçik bir sayt rəhbərlərinə yaltaqlana bilirlər, amma ilahiyə qarşı müxalif olurlar. Bu daxildəki yarımçıqlıqdan xəbər verir. Həmçinin bizim ədəbi prosesdə bu fərqlidir. Çünki bizdə, adətən, gündəmə gəlmək, insanların diqqətini çəkmək üçün ateizmi bir dəb halına gətiriblər.

– Şair azad olmalıdır?

– Azad olmayan biri necə şair ola bilər ki? Əlbəttə.

– Mən belə düşünürəm ki, ədəbi janrların arasında ən asanı sərbəst şeirdi. Razısan mənimlə?

– Bəlkə də ən çətini sərbəstdir. Bizdə statuslarını, nəsrvari sözlərini, publisistikanı alt-alta düzüb, adına şeir deyirlər, ona görə də düşünürlər ki, ən asanı budur, amma əslində ən çətinidir.

– Gələcəkdə nəsr sahəsində qələmini sınamaq fikrin var?

– Məncə, şeir daha çox gəncliklə, enerjilə, uşaqlıq həvəsilə, dəcəlliklə bağlı bir şeydir. Nəsr isə daha çox həyat yolu, müəyyən təcrübə, bir də səbİr istəyir. Hələ ki özümü nəsrə tam hazır saymıram. Ona görə də bir neçə il roman yazmaq və s. haqqında düşünmürəm.

– Tez-tez mediada kitabların az satılmasından gileylənirlər. Kitablar çoxlu tirajla satılsa, hamı axışacaq ədəbiyyata. Sənin münasibətin necədi kitab bazarına. Dirçəltmək laızmdı, yoxsa elə indiki kimi qalsa yaxşıdı?

– Azərbaycanda kitab bazarı yox dərəcəsindədir. Əgər bir-iki nəsə də varsa o da bir qrupun, ya da şəxsin əlində cəmlənib. Yəni bunların yazıçıya heç bir dəstəyi, köməyi yoxdur. Əksinə, yazıçının zəhməti ilə özləri qazanırlar. Yazıçı isə… onlar işləməklə məşğuldur. İstənilən halda dirçəltmək lazımdır. Lap bütün Azərbaycan ədəbiyyata axışsa belə yenə də dirçəltmək lazımdır.

– Qarşıdakı planlarından danışaq. Kitabdan sonra hansı yeniliklər olacaq?

– İndi, sadəcə, bir neçə işi bərabər aparmaq planım var. O da ki seçdiyim şeirləri rus və türkcəyə çevirmək və həmin dilli ölkələrdə kitabımı nəşr etdirməkdir. Hələ ki bunu deyə bilərəm.

Söhbətləşdi: Yeqzar Cəfərli