“Biz sağlamlığımızın qayğısına qalmırıq”

0
664
Son illərdə Azərbaycanda müalicəsi çətin olan müxtəlif qorxulu, yoluxucu xəstəliklərin artması müşahidə edilməkdədir və bu da əhali arasında müəyyən narahatlıqlara gətirib çıxarıb. Bəs bu xəstəliklərin artmasına səbəb nədir? Bizi maraqlandıran bu və digər suallara cavab almaq üçün ağciyər xəstəlikləri üzrə tanınmış ftiziatr, tibb elmləri namizədi Aman Mehdiyevə müraciət etdik.
– Aman həkim, siz uzun illərdir ağciyər xəstəlikərinin müalicəsi ilə məşğul olursunuz və bu sahə üzrə respublikamızda tanınmış həkim-ftiziatrlardan biri sayılırsınız. Bu müstəvidə də respublikamızda ağciyər xəstəliklərinin yayılması və onunla mübarizə barədə fikirlərinizi bilmək maraqlı olardı.

– Ağciyər xəstəlikləri dedikdə, bu, bir az geniş məfhumdur və buraya ağciyər bronx aparatının 800-ə qədər xəstəliyi daxildir. Bu xəstəliklər arasında günümüzdə ən çox yayılanları, təbii ki, ilk növbədə, ağciyər xərçəngi, ağciyər vərəmi, ağciyər astması, ağciyər sətəlcəmi-pnevmaniya, ağciyər bronxitləri və digərləridir. Amma burada o xəstəliklərin hamısının adını saymaq, onlara qarşı necə mübarizə aparıldığından bəhs etmək çox vaxt aparardı. Ona görə də mən, ilk növbədə, respublikamızda daha çox yayılan ağciyər xəstəliklərinin bəziləri, o cümlədən ağciyər vərəmi və onunla mübarizə barədə danışmaq istəyirəm. Ağciyər vərəmi mən deyərdim ki, insan yaranan gündən onunla yanaşı addımlayan qədim xəstəliklərdən hesab edilir. Bunu qədim Misir mumiyalarında tapılan vərəm çöpləri də sübut edir. Vərəm xəstəliyini törədən mikrobakteriya-tuberklozi çox davamlı mikrob növüdür.  Onları yalnız üzərlərinə düşən düz günəş şüaları məhv edə bilir. Bunun üçün günəş şüası ən azı 20-30 dəqiqə vərəm çöpünün üzərinə düşməlidir ki, onu məhv edə bilsin. Bununla bağlı bir misal çəkmək istəyirəm: Vərəm çöpləri hətta qaynama anından 30 dəqiqə sonra belə yaşama qabiliyyətlərini qoruyub saxlaya bilir. Vərəm xəstəliyi özü hava-damcı infeksiyasıdır. Ona görə də bir xəstə adam il ərzində azı 10-15 adamı yoluxdura bilir.

– Hansı adamlar daha çox vərəm xəstəliyinə tutulmaya meyillidirlər?

– Dünyada vərəm ən çox münaqişələr davam edən ölkələrdə, qaçqın və məcburi köçkünlər arasında yayılıb. Çünki bu qrup insanlar arasında aclıq, az yemək, özünü soyuqdan qoruya bilməmək vərəmin inkişaf etməsinə şərait yaradır. Buna paralel olaraq, adi həyat tərzi keçirənlər arasında vərəm xəstəliyinə daha çox risk qrupuna daxil olan adamların tutulma ehtimalı yüksəkdir. Bu risk qrupuna əsasən daha çox siqaret çəkənlər, spirtli içkilər içənlər, şəkərli diabet xəstələri, mədə yarası olanlar, rütubətli şəraitdə yaşayanlar, tozlu, zərərli iş sahələrində işləyənlər aiddirlər. Amma burada bir məsələyə də diqqəti cəlb etmək istəyirəm. Normal yeməmək, uzun müddət ac qalmaq və özünü soyuqdan qorumamaq orqanizmin zəifləməsinə və nəticədə vərəm xəstəliyinə gətirib çıxarır. Yəni  vərəm yalnız hava-damcı vasitəsi ilə deyil, həm də orqanizmin zəifləməsi nəticəsində də baş verir. Ona görə də hər bir insan azı ildə bir dəfə rentgendən keçməli, özünü yoxlatmalıdır. Çünki vərəm xəstəliyi nə qədər erkən aşkar edilərsə, onun müalicəsi də, bir o qədər asan olur. Amma bizdə əksinədir və mən deyərdim ki, biz sağlamlığımızın qayğısına qalmır, yalnız iş-işdən keçəndən sonra əl-ayağa düşürük. Onda da

gec olur.

– Vərəmin müalicəsi mümkündürmü?

– Öncə qeyd edim ki, vərəmdən özünü sığortalamaq mümkün deyil. Çünki bu xəstəlik bütün canlılar arasında geniş yayılıb, ona hava, su, qida vasitəsilə də asanlıqla yoluxmaq təhlükəsi var. Amma vərəm müalicə olunan xəstəlikdir və ondan qorxmaq lazım deyil. Sadəcə olaraq, xalq arasında onun adı ağırdır. Amma mən açıq deyim ki, xərcəng, şəkər, qaraciyər sirrozu, el arasında sarılıq adı ilə tanınan hepatitin müxtəlif növləri ilə müqayisədə vərəm ən yüngül və müalicə olunan xəstəlikdir. Vərəmə yoluxan hər 100 xəstədən 87-90 nəfəri müalicə olunur. Müalicə olunmayanlar isə əsasən müalicə müddətində içki içməkdə, siqaret çəkməkdə, narkotik maddələr qəbul etməkdə davam edənlərdir. Mən bir faktı da demək istəyirəm: Hər il dünyada 3 milyondan yuxarı adam vərəm xəstəliyinə yoluxur və müalicə vaxtında və düzgün aparıldıqda onlar müalicə olunurlar. Mən heç kimin vərəmlə xəstələnməsini istəmirəm. Ancaq xəstələnibsə də, ondan qorxmamasını, təşvişə düşməməsini məsləhət görür və bir daha təkrar edirəm: Vərəm müalicə olunan xəstəlikdir, ondan qorxmaq lazım deyil. Vərəmə yoluxan, ancaq müalicə olunduqdan sonra 100 ildən çox yaşayan insanlar var. Ona görə də insanların bu xəstəlik barədə məlumatları nə qədər çox olsa, ondan özlərini asanlıqla müdafiə edə, yoluxduqdan sonra isə qısa müddətdə müalicə oluna bilərlər. Bunun üçünsə əhali arasında vərəmə qarşı maarifləndirmə işləri aparılması vacibdir. Nəhayət, onu da deyim ki, respublikamızda vərəmə qarşı mübarizə üçün bütün imkanlar mövcuddur, bu məqsədlə müasir tibbi avadanlıqlar, müalicə metodları, sahə üzrə ixtisaslaşan yüksək səviyyəli həkim-ftiziatrlar var. Vərəmə qarşı yüksək səviyyədə mübarizə aparılması nəticəsində bu xəstəliyə tutulanların sayı ildən-ilə azalmaqdadır.

– Siz ağciyər xəstəlikləri arasında ağciyər xərçənginin də adını çəkdiniz. Heç kimə sirr deyil ki, son illərdə xərçəngdən  ölənlərin sayında artım hiss olunmaqdadır. Sizcə, buna səbəb nədir?

– Mən demək istəməzdim ki, respublikamızda xərçəng xəstəliyinin sayı artmaqda və ya azalmaqdadır. Çünki sözün düzü, bu sahə üzrə mütəxəssis deyiləm. Sadəcə olaraq, son illərdə xərçəng xəstəliyindən ölənlərin olması halları var. Konkret olaraq, ağciyər xərçənginə gəlincə, dediyim kimi, insanın ciyərləri onun xəstəliyə tutulmaya meyilli ən həssas üzvlərindən biridir. Ağciyər xərçəngini törədən əsas səbəblərdən biri çirkli hava şəraitidir. Hər gün havaya yüzlərlə ton zəhərli qaz buraxılır, biz onunla nəfəs almağa məhkumuq. Bu zəhərli qazlar isə son məqamda gedib ağciyərə köçür, orada oturur. Hava nə qədər çirkli olarsa, ağciyər xərçənginə tutulma təhlükəsi də o qədər də böyük olacaq. Xüsusilə, iri şəhərlərdə hava çirkliliyi insanlarda ağciyər xərçənginin geniş yayılması üçün münbit bir şəraitin yaranmasına gətirib çıxarıb. Bu elə bir bəladır ki, bizim heç birimiz bu təhlükədən özümüzü qorumağa qadir deyilik. Çünki istəsən də, istəməsən də bu çirkli hava ilə nəfəs almağa məcbursan. Bu qorxulu bəladan çıxış yolu, ilk növbədə, havanın çirklənməsinə səbəb  olan amillərin aradan qaldırılması və havaya buraxılan zəhərli qazların miqdarının minimuma endirilməsidir.

– Xərçəng xəstəliyinin yayılmasına digər səbəblər də varmı?

– Ağciyər xəstəlikləri öz sahəm olduğu üçün xərçəng üzrə mütəxəssis olmasam da, ağciyər xərçəngini əmələ gətirən bəzi səbəblərə toxundum. Əlbəttə ki, xərçəng xəstəliyi yalnız ağciyərdə deyil, mədədə, bağırsaqlarda və digər daxili üzvlərimizdə də olur.  Digər üzvlərimizin bu qorxulu bəlaya tutulmasının fərqli səbəbləri var. Mən onlar arasında, ilk növbədə, düzgün qidalanmamağımızı göstərmək istəyirəm. Ümumiyyətlə, son illərdə xərçəng də daxil olmaqla əhali arasında yayılan müxtəlif xəstəliklərin əsasında məhz düzgün qidalanmamağımız, daha çox nəyi və necə yediyimizi bilməməyimiz dayanır. Biz ağına-bozuna baxmadan mədəmizi nə ilə gəldi doldurur, yediklərimizin tərkibinə, onun necə hazırlandığına fikir vermir və bununla da özümüzü ən qorxulu, gözlənilməz xəstəliklərə tutulmaq təhlükəsi altında qoyuruq. Axı heç kəsə sirr deyil ki, hazır məhsulun uzunmüddətli saxlanılması üçün onun tərkibinə xərçəng  və digər xəstəliklərə səbəb ola biləcək kimyəvi maddələr qatılır. Hansı birimiz içdiyimiz çayın, işlətdiyimiz müxtəlif yağların tərkibi ilə, onun harada, hansı şəraitdə və necə hazırlanması ilə maraqlanmışıq? – Heç birimiz. Bir də görürsən ki, insanlarımız küçədə hazırlanan pirojkiləri, dönərləri ayaq üstə ləzzətlə yeyirlər. Amma pirojki hazırlanarkən yağ hər dəfə dəyişdirilməlidir. Ancaq dəyişdirilmir. Nəticədə eyni yağla bir tavada saysız-hesabsız sayda pirojki hazırlanır. Yağdan  təkrar istifadə olunması isə onun tərkibində xərçəng xəstəliyini törədən kanserogen maddələrin miqdarının artmasına gətirib çıxarır. Eyni sözləri müxtəlif təyinatlı sərinləşdirici içkilər haqqında da demək olar. Bu sərinləşdirici içkilər də müxtəlif növ xəstəliklər mənbəyidir. Bazara gedəndə isə yerli almalara deyil, xaricdən gətirilən kartofa, almaya və digər kənd təsərrüfatı məhsullarını almağa üstünlük veririk. Heç birimiz fikirləşmirik ki, bu meyvələri saxlamaq üçün onun tərkibinə xərcəng və digər xəstəliklərə səbəb olan maddələr vurulur. Sonra da başlayırıq  deməyə ki, bizdə niyə xəstəliklər artır. Əgər sən özün-özünü qorumursansa, özünün düşmənisənsə, həkim buna neyləyə bilər. Deyə bilərsiniz ki, belə etsək, onda gərək heç nə yeməyək.  Bu məntiqlə məsələyə yanaşanda gərək xəstələnəndə də həkimə getməyəsən. Əgər qorxulu, sağalmaz xəstəliklərə tutulmaq, mənşəyi bilinməyən, müalicəsi mümkün olmayan xəstəliklərə mübtəla olmaq, gecə-gündüz xəstəxnaların, həkimlərin qapılarında qalmaq istəmirsinizsə, onda  ilk növbədə yediyiniz qidalara fikir verməlisiniz. Əks halda, xərçəng də daxil olmaqla, ən qorxulu xəstəliklərə tutulmaq bəlasından, belə demək mümkünsə, ucuz ölüm təhlükəsindən xilas ola bilməyəcəksiniz.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here