“Biz Rusiya ilə gərginlik yaşamaq istəmirik”

0
623

Türkiyənin Baş Naziri Əhməd Davudoğlu seçkidən sonrakı ilk AKP qurultayında Rusiyaya məxsus təyyarənin vurulmasına münasibət bildirib. Hava sərhədlərinin pozulması ilə bağlı əvvəlcədən tədbir görülməsi təlimatını şəxsən özünün verdiyini açıqlayıb: “Son bir həftə ərzində, xüsusilə Bayırbucaq bölgəsinə hücumların artdığına görə bazar günü andiçmə mərasimindən sonra təhlükəsizliklə bağlı görüşmələrimizdə də bu məsələ haqqında danışmışdıq. Əgər türk hava sərhədlərini pozacaq bir vəziyyət olarsa, hər cür tədbir görəcəyimizi bildirmişdik. Həmin görüşdə silahlı qüvvələrimizə şəxsən mənim tərəfimdən təlimatlar verilib”.

Rusiyaya “dost və ya ortaq ölkə” ifadələrini bildirən Davutoğlu, açıqlamasında bu hadisədə Rusiya ilə əlaqələri kəsmək kimi bir niyyətlərinin olmadığını dilə gətirib: “Biz Rusiya ilə gərginlik yaşamaq istəmirik. Hal-hazırda qarşılıqlı əlaqəyə önəm veririk. Rusiyaya da hadisənin detalları haqqında bilgi vermişik. Bu gərginliyi daha da artırmamaq üçün hər iki tərəf səy göstərməlidir”.

Baş Nazir kimi, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da yumşaldıcı açıqlamalar verib. Dövlət başçısı çıxışında bu hadisəni böyütmək kimi bir planın olmadığını bildirib.

Digər tərəfdən, Türkiyə və Rusiya arasındakı 2 gün əvvəl baş verən məlum hadisədən sonra iki ölkə rəsmiləri arasında ilk dəfə birbaşa təmas qurulub.

İki ölkənin media üzərindən verdiyi açıqlamalarla böyüməkdə olan hadisənin daha da böyüməməsini istəyən rəsmi Ankara ilk addımı ataraq Moskva ilə danışıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya xarici işlər naziri Sergey Lavrov telefonda şok təsiri yaradan hadisəni müzakirə ediblər. Telefon danışığı ilə bağlı Türkiyə XİN-in mətbuat xidmətinin rəhbəri Tanju Bilgiçin sözlərinə görə, Çavuşoğlu və Lavrovun yaxın günlərdə görüşəcəyi qərarı verilib. Ancaq Rusiya tərəfi isə bunu dərhal yalanlayıb. Rusiyalı nazirin sözlərinə görə, heç bir türk rəsmisini qəbul eləmək kimi bir planları yoxdur. Çavuşoğlu ilə telefon danışığından sonra mətbuat konfransında çıxış edən Sergey Lavrov Çavuşoğlunun həyatını itirən pilot üçün başsağlığı verdiyini deyib. Həmçinin Çavuşoğluna, Rusiyanın baş verən hadisəyə rəğmən, Türkiyəyə müharibə elan etmək kimi bir planlarının olmadığını və türk xalqına qarşı münasibətin dəyişmədiyini bildirib. Lavrov: “Biz əslində dünən daha yüksək türk rəsmisinin zəng edib izahat verməsini gözləyirdik. Ancaq gec olması, heç olmamasından yaxşıdır”,-deyib.

Türk həmkarı Çavuşoğlu ilə danışığından əvvəl Rusiya və xarici mətbuata da açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov Ankaranı ittiham edib. Hazırkı türk rəhbərliyinə qarşı suallarımız var deyən rusiyalı nazir terroristlər türk ərazisini Suriya və digər ölkələrdəki əməliyyatlarına hazırlaşmaq üçün istifadə etdiyini bildirib: “Bu heç kimə sirr deyil”.

Rusiya təyyarəsinin vurulmasının planlanmış provokasiyaya bənzədiyini deyən Lavrov, iki ölkə münasibətlərini və hökumətlər arasında imzalanan müqavilələri ciddi şəkildə nəzərdən keçirəcəklərini bildirib.

Yazılı açıqlama verən Rusiya Baş Naziri Dmitri Medvedev də təyyarələrinin türklər tərəfindən vurulmasını, “mənasız bir cinayət hərəkəti” kimi qeyd edib. Medvedev türk rəsmilərini terror təşkilatı IŞİD-in neft satışından gəlir əldə etməkdə günahlandırıb.