“Biz rəqiblərdən yox, onlar bizdən çəkinirlər”

451

Tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsində iştirak edən “Qarabağ”a inam böyükdür. İlk iki oyundan sonra aktivində 1 xal olmasına baxmayaraq, azarkeşlər Ağdam klubunun növbəti mərhələyə adlayacağına inanır. Elə klubun direktoru Əmrah Çəlikəlin də komandaya olan inamı böyükdür. Bu günlərdə “Qarabağ”ın yeni bazasına baş çəkdik və bizi çox gözəl qarşılayan Çəlikəldən müsahibə aldıq. Direktor “Çempion”a müsahibəsində bir sıra məqama toxundu.

– Əvvəlcə “Qarabağ”ın avrokubokdakı çıxışına münasibət bildirərdiniz…

– Bildiyiniz kimi, biz ilk dəfədir belə bir təcrübə yaşayırıq. “Sent-Etyenn”lə oyun bizim Avropa Liqasında ilk görüşümüz idi. Doğrudan da, bayram ab-havasında keçdi, yalnız qol çatmadı. Hazırda yer aldığımız qrupda təkcə İtaliya təmsilçisinin qələbəsi var, digər üç komandanın xalları bir-birinə yaxındır, qalibiyyəti yoxdur. Ona görə də hər üç klub ikinciliyə iddialıdır. Şansımız olduğunu düşünürəm. İnanırıq ki, qrupdan çıxacağıq, bunun üçün çalışırıq.

– “Sent-Etyenn” və “İnter”ə qarşı matçlarda sərgilənən oyuna gorə “Qarabağ” neçə xal toplamağa layiq idi?

– Mənim fikrimcə, 6 xal toplamalı idi. Kaş 6 xalımız olaydı, indi bir az rahat olardıq. Çünki komandamız buna layıq oyun nümayiş etdirdi. Bunu oyunlarımızı izləyənlərin, demək olar ki, hamısı deyir.

– Komanda hər iki matçı yüksək səviyyədə keçirdi. Bəs nəticənin ürəkaçan olmamasının səbəbi nədir?

– Avropada bu heyət ilk dəfədir çıxış edir. Təbii ki, təcrübə olandan sonra daha yaxşı oyunlar sərgiləyəcəyik. Amma düşünürəm ki, çox layiqli oyunlar keçirdik. Heç bir komandadan qorxmuruq, çəkinmirik. “İnter”lə görüşü izləyənlər də gördülər ki, bizə qarşı oynayan klublar bizdən çəkinirlər. Əlbəttə, komandamızın mənəvi adının çox yüksək olduğunu bilirik, bunu dərk edirik. Bütün futbolçularımız, hətta legionerlərimiz belə, bunu bilirlər. Biz bu fikrlə, bu ruhla oyunlara çıxırıq. Təcrübəsizlik əsas səbəbdir, bunun yanında bəxt amilini də vurğulamaq istəyirəm.

– “Qarabağ”ın növbəti mərhələ şansını necə görürsünüz?

– Yaxşı oyun və nəticə gözləyirəm. Bu tur həm bizim, həm də “Sent-Etyenn” və “Dnepr” üçün kritik tur olacaq. Çünki bu turda 3 xal alan komandanın işi rahat olacaq və şansı artacaq. Biz “Dnepr”dən 3 xal ala bilsək, yəqin ki, ikinci ola biləcəyik. Çünki “Sent-Etyenn” “İnter”lə oynayacaq. Daha sonrakı görüşlərimiz Azərbaycanda, öz meydançamızda olacaq. Azarkeşlərimizin də dəstəyi sayəsində evdə oynamağın rahatlığı ilə alacağımız xallar, inşallah, bizi qrup ikincisi edəcək.

– Maraqlıdır ki, “İnter” və “Sent-Etyenn” futbolçuları “Qarabağ”ı ilk iki yerə əsas namizəd görürlər. Düşünmək olarmı ki, artıq Avropa klublarını gözünün odunu almısınız?

– Bu fikirlərin nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Dəqiq olsa belə, səmimi olduqlarını da bilmək olmaz. Çünki bu, futboldur, onlar bizim rəqiblərimizdir. Bu düşüncələr bizi arxayınlaşdıra bilər. Biz ancaq hər bir matça son şans kimi, final oyunu kimi köklənirik. Ancaq düşünsək ki, “Dnepr” bizdən zəifdir, çəkinir, bu amil bizə zərər verər. Digər tərəfdən çox şükürlər olsun ki, Qarabağ adını doğrulda və layıqli komanda kimi özümüzü göstərə bilmişik. Digər məşqçilərin diqqətini cəlb etmək gözəldir, amma bu fikirlə yaşamamaq lazımdır.

– Hazırkı heyət həm çempionatda, həm də Avrokubokda yüksək səviyyədə oynamaq üçün yetərlidirmi?

– Bu barədə baş məşqçimiz Qurban Qurbanov hansı işləri görmək istəyirsə, biz elə hərəkət edirik. Əlbəttə çətindir, futbolçulardan da soruşsanız, eyni cavabı alarsınız. Ancaq bununla ayaqlaşmaq lazımdır. Bu gün Avropada komandalar həftədə iki oyun keçirirlər. Ona görə də heyətin genişləndirilməsi yaxşı olar və ya başqa tədbirlər görülə bilər. Bunların hamısı Qurban müəllimin səlahiyyətindədir.

– Avropa Liqasında növbəti mərhələyə keçsəniz, yanvarda ulduz transferlər gözləmək olarmı?

– Cavabı bilirsiniz (gülür). Qurban müəllim istədiyi futbolçu olarsa alarıq. Bunu mən demirəm, klub prezidentimiz də, sponsorlarımız da deyir. Bu da bizim baş məşqçimizə olan inamımızdan irəli gəlir. Hətta elə vaxtlar olub ki, Qurban müəllimə transfer üçün təzyiq etmişik, ancaq oyunçu onun ürəyincə olmadığına görə, imtina etmişik. Bugünkü gündə Reynaldo, Çumbinyo və Dias kimi futbolçularımız var və bunun müsbət nəticələrini görmüşük.

– Emeqara məcburiyyətdən edilən transferdir. Onun ümidləri doğruldacağına inanırsınızmı?

– Düzdür, məcburiyyətdən oldu, ancaq bizim onunla danışığımız gələcəyə yönəlik oldu. O da cavandır, 25 yaşı var. İnşallah, özünü doğruldar, onunla uzunmüddətli müqavilə bağlayarıq. Hələlik yanvar ayına qədər bizimlə olacaq, yanvardan sonra qarşılıqlı olaraq qərara gələcəyik. Avropa Liqasının qrup mərhələsində Emeqaranı oynada bilmirik. Amma mərhələni adlasaq və Emeqara ilə yeni müqavilə bağlasaq, inanıram ki, bizə daha çox köməkliyi dəyəcək.

– Reynaldonun milliləşməsi məsələsi nə yerdə qaldı?

– Vallah, bu söhbət çox uzun çəkdi. “Qarabağ” da, Reynaldo da buna razıdır. Belə bir şey olarsa, Azərbaycana faydalı olacağına inanıram. Təkcə Reynaldo yox, yeri gələndə Flavinyo və Almeydanın da millidə olmasını şəxsən futbol azarkeşi kimi istəyərdim. Azərbaycanın futbol gələcəyi üçün faydalı olacağına inanıram. AFFA-dan Elxan bəyin (baş katib Elxan Məmmədov nəzərdə tutulur – red.) də belə bir fikri var idi, ancaq hazırda rəsmi heç nə yoxdur. Onlar istəsələr, olacaq.

RASİM MƏMMƏDLİ