Biz heç top-top da oynaya bilmirik

Antalyada birhəftəlik təlim-məşq toplanışını başa vuran Azərbaycan yığması son gündə, yəni martın 26-da Qazaxıstanla yoldaşlıq görüşü keçirdi və 0:1 hesabı ilə məğlub oldu. Artıq bu, hamıya məlumdur. Mən, sadəcə, məlum olmayan bəzi məqamlardan söz açmaq istəyirəm.
Bəli, həmin matç başa çatan kimi bizim millinin baş məşqçisi Robert Prosineçki əllərini qoltuğuna vuraraq bildirib ki, bəs, ay camaat, əndişələnməyə əsla ehtiyac yoxdur. Belə desəm, yəqin məni qınayanlar tapılar. Elə bilərlər ki, mən o kişinin dediklərinin üstünə nələrsə əlavə edirəm. Odur ki, Prosineçkinin dediklərini olduğu kimi yazıb keçirəm mətləbə. Bəli o, belə deyib: “Hesaba baxmayaraq, komandamdan razıyam. Uşaqlar əllərindən gələni elədilər”. “Əlindən gələni etmək” də dilimizdə mümkün olan hər şeyi etmək, özündən asılı olan hər tədbiri görmək anlamındadır. Amma bir soruşan yoxdur ki, balam, əllərindən gələni etdilərsə, bəs niyə millimiz uduzdu? Niyə komandanın oyunçuları meydançanı əlləri ətəklərindən uzun tərk etdilər? Bu yerdə bir haşiyəyə çıxmaq istərdim: fikrimcə, çox hörmətli Robert müəllim Prosineçki əl ilə ayağı səhv salıb. Axı futbolda əl-qol söhbəti yoxdur, ayaq söhbəti var. Məncə, bizim oyunçular ayaqlarından gələni etməli idilər, di gəl, bunu etmədilər, elə bu səbəbdən uğursuzluğa düçar oldular. Əgər futbol əl-qol oyunu olsaydı, bizimkilərin tayı-bərabəri olmazdı. Nədən ki, əl-qol atmaqda bizə kimsə qalib gələ bilməz. Yəni demək istəyirəm ki, nədənsə biz ayaqdan yaramamışıq. Odur ki, əl lazım olmayan yerdə ayaq, ayaq lazım olmayan yerdə isə əl-qol atırıq. Futboldan uzaq olsa da, adi bir misal çəkim. İyirmi ildən çoxdur ki, torpaqlarımız erməni tapdağındadır. Biz isə bu müddətdə dünya səviyyəsində yalnız əl-qol atmaqla məşğuluq. Amma bu işə ayaqla girişsəydik, yəni o yerlərə payi-piyada getsəydik, inandırım sizi, çoxdan işğal olunmuş ərazilərimizdə yenidən məskunlaşmışdıq.
Hə, birdən-birə yuvarlandığım bu siyasi məsələ məni əsas mövzudan az qala uzaqlaşdıracaqdı. Nə yaxşı ki, vaxtında ayıldım. Yoxsa, biabır olardım. Onu deyirdim axı… Hə, hələ bu azmış kimi bu yandan da yoldaşlıq görüşünü canlı izləyən AFFA-nın baş katibi Elxan Məmmədov Roberti müəllim Prosineçkini əməlli-başlı dəstəkləməklə yanaşı, alayı şeylər də söyləyib. Yəni deyib ki: “Bir az da güc sərf etsəydilər, əminəm ki, qol vuracaqdılar”. Bəli, baş katib tamamilə haqlıdır. Mən də o kişinin firkrinə cani-dildən qatılaram. Yəni bir az da güc sərf etsəydilər, hesab, həqiqətən də, başqa cür olardı. Amma etmədilər. Bu yerdə isə belə bir sual ortaya çıxır: “Niyə sərf etmədilər?” Olmaya oyundan sonraya saxladılar? Bəs görəsən onlar oyundan sonra güclərini nəyə sərf etmək istəyirlər? Bax, məni düşündürən sual budur, bu… Deyirəm, bəlkə, elə Elxan bəy, yaxud Robert müəllim Prosineçki bu sualla oyunçularımıza müraciət etsinlər, hə?
Bəli, ay Elxan bəy, Robert müəllim Prosineçki, fikirlərinizi bu şəkildə izah etdiyimə görə məni bağışlayın. Neyləyim, bir balaca özümdən çıxdım. Axın necə də çıxmayaydım? Çünki bizim futbol üzrə millimiz futbol deyil, top-top oynayan Qazaxıstana məğlub oldu (Hər halda mənə elə gəldi). Əzizlərim, heç bilirsiniz bu nə deməkdir? Bilmirsinizsə, mən deyim: görünür, biz heç top-top da oynaya bilmirik e… Sizi bilmirəm, mən buna görə xəcalət çəkirəm. Cəsarətimə görə məni bağışlayın.