Biz hamımız xəstəyikmi?

472
Son illlərdə Azərbaycanda yeni özəl klinikaların sayı sürətlə artmaqdadır. 
Necə deyərlər Azərbaycanda əsl özəl klinika bumu yaşanmaqdadır. Əlbəttə, ilk baxışdan bunu alqışlamaq lazımdır. Çünki özəl klinikaların əksəriyyəti yüksək təcrübəli kadrlar və ən müasir tibbi avadanlıqlarla təmin olunurlar. Digər tərəfdən də bu klinikaların çoxu xaricə getməyə imkanı olmayan ağır xəstələrin respublikamızda müalicə olunması üçün Türkiyədən və digər ölkələrdən yüksək səviyyəli mütəxəssisləri Bakıya dəvət edirlər. Yenə də mən bu işdə nə isə mənfi bir şey axtarmaq istəmirəm. Çünki çoxumuzun bəzi ağır xəstəlikləri müalicə etdirmək üçün xaricə getmək imkanı yoxdur. Məsələ ilə bağlı diqqətimi cəlb edən və ürəkağrısı ilə müşahidə etdiyim ən ağır problemlərdən biri də özəl klinikalarda haqqın yüksək olması deyil, ümumiyyətlə, Azərbaycanda xəstə adamların sayının sürətlə artmasıdır. Bilmirəm, son illərdə zənnimcə hansısa səbəblərdən istər özəl klinikalara, istərsə də dövlət xəstəxanalarına yolu düşən hər hansı bir adam yəqin ki, xəstəxanaların xəstə ilə dolu olmasının, həkim qəbuluna düşmək üçün uzun növbələrin şahidi olub. Bu gün Bakıda elə bir dövlət və ya özəl xəstəxana yoxdur ki, xəstə ilə dolub daşmasın. Xəstəxanalara yolu düşən adama elə gəlir ki, Azərbaycanın 9 milyon əhalisinin hamısı xəstədir. Buraya hər il İrana müalicəyə üz tutan on minlərlə xəstələri də əlavə edəndə adamı dəhşət bürüyür. İstər-istəməz düşünməli olursan: Biz hamımız doğrudanmı xəstəyik? Mən bu suala qəti cavab verməkdə, ya “hə” ya da “yox” deməkdə çətinlik çəkirəm. Çünki xəstəxanaların ağzına kimi xəstə ilə dolub daşması və onların sayının nəinki azalması, əksinə ildən-ilə artması məndə hamımızın xəstə olması şübhəsini doğurub. Yenə də təəssüflər olsun ki, bu günə kimi Azərbaycanda  müxtəlif xəstəliklərin bu qədər artmaqda olmasının səbəblərini araşdıran və bunun nədən baş verdiyinə aydınlıq gətirmək istəyənlər olmayıb. Niyə respublikamız üçün taleyüklü olan bir məsələyə bu qədər biganəliklə yanaşılır, bundan baş tapa bilmirəm. Halbuki sağlam millət, sağlam gələcək, sürətli inkişaf, güclü dövlət deməkdir. Məsələ ilə bağlı məndə bəzi şübhələr də ortaya çıxıb. Görəsən, özəl klinikaları inşa edənlər onların boş qalmayacağını və xəstə baxımından problemlə üzləşməyəcəklərini haradan bilirlər? Bəlkə Azərbaycanda bir çox qorxulu xəstəliklərin sürətlə artması ilə özəl klinikaların sayının artması arasında hansısa bir əlaqə var və onlar bir mərkəzdən idarə olunur? Bu suallara cavab vermək, onu təsdiqləmək və ya təkzib etmək, şübhələrdən xilas olmaq mənim imkanım xaricindədir. Bircə onu bilirəm ki, bir vaxtlar respublikamızda şadlıq evlərinin sayının sürətlə artması zamanı bunu evlənənlərin sayının çox olması ilə əlaqləndirir və haradasa buna sevinirdik. Amma mən sözün düzü özəl klinikaların inşasını qeyd etdiyim kimi təqdir etsəm də, onların sayının sürətlə artmasından narahat olmağa başlamışam. Bəlkə də kimlərsə bizdə xəstələrin sayının artmasının səbəblərini və artmaqda davam edəcəyini bilirlər, bəlkə də bilmirlər… Amma fakt faktlığında qalır: Bizdə bu qədər özəl klinikaların, dövlət xəstəxanalarının fəaliyyət göstərməsinə və hər il on minlərlə adamın müalicə olunmasına baxmayaraq xəstələnənlərin sayı azalmır, əksinə artmağa davam edir. Bunu əlbəttə müxtəlif səbəblərlə, o cümlədən yediyimiz qidaların bir çox qorxulu xəstəliklərin mənbəyi olması ehtimalı ilə də izah etmək olar. Axı əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan qurumlar da var. Digər tərəfdən də, mənşəyi olmayan və müxtəlif xəstəliklərə yol açdığı ehtimal edilən xaricdən gətirilən və ya yerli bazarda istehsal edilən qidalar üzərində sərt nəzarət olmalıdır. Belə bir nəzarəti isə şəxsən mən hiss eləmirəm. Düzdür, hərdən bu işlə məsğul olanlar orada-burada reyd keçirirlər, ancaq adama elə gəlir ki, onlar bunu qaz vurub qazan doldurmaq naminə edirlər. Çünki bu cür yoxlamalar çox kortəbii aparılır və mənə elə gəlir ki, daha çox müəyyən maraqların təmini üçün həyata keçirilir. Bu cür yoxlamalarla isə millətin ərzaq təhlükəsizliyini təmin etmək mümkün deyil… e.mustafa@zaman.az