Biz gecikdik, KTMT isə artıq ordadır

45

Hazırda bütün dünyada son iki ildə davam edən pandemiyanın iqtisadi sarsıntıları yaşanır. Ancaq iqtisadi vəziyyətin ağırlaşması Qazaxıstanda ictimai-siyasi sabitliyin gərginləşməsinə səbəb oldu və bəzi qüvvələr bundan məharətlə istifadə etdi.

Bu sözləri axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyir. Ağarın sözlərinə görə, türk dünyası Qazaxıstandakı vəziyyətin normallaşması üçün müəyyən addımların atılmasına gecikdi:

“Qazaxıstanda zorakılıqla müşayiət olunan nümayişlərin keçirilməsi Rusiya üçün yaxşı fürsətə çevrildi. Ancaq bunun Rusiyanın bir taktikası olub-olmadığını, yaxud öz təbii axarı ilə istiqamətini dəyişdiyini Tokayevdən soruşmaq lazımdır. Türk dünyası Qazaxıstanda vəziyyətin stabilləşməsi üçün müəyyən təşəbbüslərlə çıxış edə bilərdi. Əfsuslar olsun ki, sözügedən istiqamətdə addımların atılmasında türk dünyası gecikdi. Doğrudur, Qazaxıstanın yanında olduğumuzla bağlı rəsmi açıqlama verildi, lakin gerçəklik odur ki, artıq KTMT hərbçiləri ordadır və bunun bir mənası var. Növbəti mərhələdə Qazaxıstan rəhbərliyinin sərgiləyəcəyi mövqe çox önəmlidir. Çünki sərgilənəcək mövqe həm Qazaxıstanın, həm də türk dünyasının gələcəyi baxımından ciddi təsirə malik olacaq. Rusiyanın özünün son dövrlərdə nümayiş etdirməyə başladığı strateji istiqaməti var. Qazaxıstandakı hadisələrdən sonra KTMT-nin prosesə müdaxiləsi sözügedən strateji çərçivədə bir “rus həmləsi”nə çevrildi”.

Türkiyəli ekspert qeyd edib ki, “Baş verən hadisələr Rusiyanın planıdırmı, yoxsa həqiqətən Qazaxıstanın milli təhlükəsizliyi böyük bir təhdidlə üz-üzədir” sualına cavab tapmaq lazımdır:

“İqtisadi tələblərlə başlayan nümayişlərin sonradan nəhəng bir böhrana çevrilməsini bəsit cümlələrlə ifadə etmək mümkün deyil. Bayaq dediyim kimi, reallıq odur ki, bəzi mərkəzlər və onların daxildəki əlaltıları vəziyyətdən istifadə etdi”. axar.az