“Biz dünyanın bütün mədəni müxtəlifliyinə hörmətlə yanaşırıq”

0
298

Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı olub. Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Bolqarıstanın Baş naziri Boyko Borisov, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi şəxslər Mehriban Əliyevanı və Leyla Əliyevanı qarşılayıblar. Əvvəlcə xatirə lövhəsinin açılışı olub.

bedHeydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edərək deyib ki, bu görüş əlamətdar bir gündə – Bolqarıstanın Müstəqillik günündə keçir. Birinci xanım bayram münasibətilə bütün bolqar xalqını təbrik edib, sülh və firavanlıq diləyib: “Mənə çox xoşdur ki, bu mədəniyyət-muzey mərkəzinin bərpasına Heydər Əliyev Fondu töhfəsini verib. “Trapezitsa” qoruğu bütün bolqar xalqının milli sərvətidir, eyni zamanda, o, Ümumavropa mədəni irsidir. Azərbaycan Avropa ilə Asiya arasında, sivilizasiyaların qovuşuğunda yerləşir”.

O daha sonra deyib: “Azərbaycanda heç vaxt konfessiyalararası və ya millətlərarası zəmində problemlər olmayıb. Bu gün biz müasir müstəqil Azərbaycanda hökm sürən tolerantlıq, dözümlülük, qarşılıqlı hörmət şəraiti ilə fəxr edirik. Biz müsəlman ölkəsi olmaqla ənənələrimizə, dinimizə, mədəniyyətimizə hörmət edirik. Lakin bununla bərabər biz dünyanın bütün mədəni müxtəlifliyinə eyni dərəcədə hörmətlə yanaşırıq. Təəssüf ki, müasir dünyada ksenofobiya, radikalizm, terrorizm kimi proseslərin güclənməsini görürük. Hesab edirəm ki, məhz humanitar, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, anlamaq, dərk etmək, kömək etmək cəhdi bütün bu cür mənfi hallara qarşı mübarizədə çox vacib silahdır”.

Bolqarıstanın baş naziri abidənin bərpa edilməsinə görə prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

Mərasim iştirakçıları qoruğun ərazisində yaradılan Mədəni İrs Mərkəzi ilə tanış olublar.

Sonra Heydər Əliyev Fondunun “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası layihəsinə həsr olunan, Azərbaycan və bolqar dillərində buraxılan poçt markaları təqdim edilib.

Təqdimat mərasimindən sonra poçt markalarının xatirə nüsxələrinin imzalanması mərasimi keçirilib.

Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib.

Bolqarıstan və Şərqi Avropada tarixi turizm mərkəzlərindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam edib.