“Biz “doşab almışıq, bal çıxıb” prinsipi ilə işləyirik”

2086

Mingəçevir şəhərində irəliləyiş, tərəqqi bütün sahələrdə özünü aşkar şəkildə göstərir. Qida sənayesinin inkişafı da bu sıradandır.

Mingəçevir iqtisadiyyatının müasir inkişaf mərhələsi sənayeləşdirmə və modernləşdirmə ilə xarakterizə olunur. Müasir dövrün iqtisadi proseslərinin təhlili və inkişaf etmiş müəssisələrin təcrübəsi əyani şəkildə sübut edir ki, yalnız keyfiyyətli məhsul istehsalı və keyfiyyətli xidmət göstərilməsi  bazarlarda yer tutmаг və uğur əldə etmək üçün əsas şərtdir. Bu səbəbdən keyfiyyət həm dövlətin, həm istehsalçının, həm də istehlakçının başlıca marağıdır. Dövlət üçün keyfiyyət xalqın həyat səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın sağlamlığı və vətəndaşların təhlükəsizliyi, ekoloji əmin-amanlıq, milli malların rəqabətə davamlı olmasıdır. İstehsalçı üçün keyfiyyət sahibkarlıq fəaliyyətini cəmiyyət üçün faydalı, özü üçün səmərəli qurmaq deməkdir.

Qida sektorunda şəhərimizə rəng qatan müəssisələrdən biri də “Osmanbəyli” şirkətidir. Bu şirkətin təməli 2010-cu ildə Osman Əziz oğlu Əzizov tərəfindən qoyulub. Öz əzmkar və peşəkar addımları ilə qısa müddətdə böyük uğurlara imza atıb.

“Osmanbəyli” şirkəti böyük bir ailədir. Bu kollektivin bir amalı  var: keyfiyyət.  Keyfiyyət adına istehsal etdikləri 300-dən çox məhsul çeşidi ilə  xalqımızın xidmətində çalışırlar.

“Osmanbəyli” şirkəti ədviyyat çeşidləri ilə fəaliyyətə başlasa da, bu gün doşabları, müalicəvi və kosmetik yağları, tənək, alça turşusu, alma cemi, tahin, aromat istehsalı üzrə Azərbaycan bazarında öz sözünü deyir.

Müsahibimiz Osman Əzizov qayğıkeş  bir rəhbər kimi “Osmanbəyli” ailəsinin hər bir üzvünə diqqət  göstərir. Çalışır ki, onların ehtiyacları işin keyfiyyətinə təsir etməsin. İlk sualımız da məhz keyfiyyətlə bağlı olur:

– Osman müəllim, “Osmanbəyli” şirkətinin bu qısa zaman ərzində uğurlara sahib olmasının əsas səbəblərindən biri keyfiyyətə önəm verməsidir. Daha ətraflı aydınlaşdıra bilərsiniz?

– Bizim şüar: keyfiyyət adımızdır. Son nəticədə qida məhsulları istehsal həcmindən, onların assortimentindən, keyfiyyət və qiymətindən yalnız əhalinin həyat səviyyəsi deyil, həmçinin onun fiziki yaşamı da asılıdır. Buna görə də biz keyfiyyətə üstünlük verdik. Keyfiyyət – şirkətin nüfuzunun artması, gəlirinin çoxalması, çiçəklənməsinin yüksəlməsidir. Məhsulun keyfiyyəti – şirkətin fəaliyyətinin ən mühüm göstəricisidir. Məhsulun keyfiyyətinin yaxşılaşdırılması əhəmiyyətli dərəcədə müəssisənin bazar şəraitində yaşamasını, elmi-texniki tərəqqinin tempini, istehsalatın səmərəliliyinin artmasını müəyyən edir.

 

– Rəqabət də keyfiyyətə təsir edirmi?

– Hazırkı zamanda hər bir şirkətin yaşaması, onun əmtəə və xidmətlər bazarındakı sabit vəziyyəti rəqabətə davamlılıq həddi ilə ölçülür. Öz növbəsində rəqabətə davamlılıq iki göstərici – qiymətin səviyyəsi və məhsulun keyfiyyətinin səviyyəsi ilə bağlıdır. Fəaliyyət göstərməyə başladığımız gündən bu günə bir çox uğurlara imza atdıq. Belə ki, 2018-ci ilin nəticələrinə əsaslanaraq bildirmək istərdim ki, müştərilərimizi tam razı sala bilmişik.

– Osman müəllim, Azərbaycanda iqtisadiyyatın, xüsusilə də yeyinti sektorunun inkişafı bu sahədə bir çox yeniliklərə səbəb oldu. Sizdə nə kimi yeniliklər baş verdi?

– Qeyd edim ki, yeniliklər sahəsində şirkətimizin ixrac potensialı daha da artıb. “Osmanbəyli” şirkəti 10-dan çox doşabın istehsalçısıdır. Onu da əlavə edim ki,  bunlardan boranı, buğda, itburnu, nar, qarpız doşablarını dünyada ilk istehsalçısı məhz “Osmanbəyli” şirkətidir.

Yenilikləri daha da sadalasaq: müalicəvi və kosmetik yağlardan çörək otu yağı, kokos yağı, darçın yağı, mixək yağı, zəncəfil, ağ küncüt, xardal, dəvətikanı, çaytikanı, razyana, kətan, boranı tumunun yağı və sairələrinin  adlarını çəkə bilərəm.

Biz “Doşab almışıq, bal çıxıb” prinsipi ilə işləyirik.  “Osmanbəyli” şirkətinin məhsullarında uduşlu kuponların olması bu kateqoriyada bir ilkdir. Bunlarda  Türkiyəyə iki nəfərlik  3 günlük səyahət, soyuducu, noutbuk, mobil telefon, paltaryuyan maşın, elektirik sobası və digər uduşlarımız var. Çox sayda məhsullarımızda uduşların olması alıcılarımızın da böyük marağına səbəb olmuşdur.

-Osman müəllim, sosioloji sorğu aparmadan bazarı necə izləyirsiniz?

-Şirkətimizin fəaliyyətə başlaması  şəhərimizin iqtisadiyyatında daxili istehsala,  yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi. Bundan əlavə, cari ilin əvvəllərində müştərilərə göstərilən xidmətin səviyyəsini ölçmək və daha da inkişaf etdirmək üçün təcrübəli mütəxəssislər tərəfindən gizli müştəri araşdırmaları etdik. Araşdırma nəticəsində yeni meyarlar ortaya çıxdı və bu istiqamətdə müştərilərin məmnuniyyətini artırmaq məqsədilə müvafiq tədbirlər görülür. Əminəm ki, müştərilərimizə göstərdiyimiz qayğı günbəgün artacaqdır.

 

Söhbətləşdi: Esmira Hidayətova.