“Biz bəlkə də burada olimpiya çempionu yetişdirə bilmədik”

567
Azərbaycan hər zaman güləş idman növündə öz sözünü demiş ölkədir. Bunun da əsas səbəbi kimi, bizim genofondumuzda mübarizliyin, mərdliyin olmasıdır. Vətənimizdə populyar olan Yunan-Roma və Sərbəst güləş idman növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Xalqımızın yaddaşında olan “milli güləş” tarixən daha qədimdir. Bu milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda  rast gəlmək olar. Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Hələ, 1789-1871-ci illərdə yaşamış Hüseynqulu Mürsəlqulu oğlu, onun tələbəsi Məşədi Əbdül Əli oğlu Axundov, Şomu Abdulla, Mirzə Həşim oğlu Məhəmmədhüseyn, Sar Pənci və başqaları milli güləş ustaları kimi məşhur olmuşlar.
“1993-cü ildən bu yana “İGİD” klubu təmənnasız olaraq fəaliyyət göstərir”

Heç şübhəsiz ki, güləşin ölkəmizdə bu qədər yayılmasında və inkişaf etməsində qocaman məşqçilərin rolu böyükdür. Bu fədakar məşqçilərdən biri də ixtisasca Bioloq olan Kazım Əliyevdir. Kazım müəllimin 70 yaşı olmasına baxmayaraq, o hələ də professional şəkildə idmanla məşğul olur və idmançı yetişdirir. O, 10 yaşından “Neftçi idman” cəmiyyətində güləşlə məşğul olmuş, 1971-ci ildə Azərbaycan çempionu və idman ustası adını qazanmışdır. Təcrübəli idman ustası “Zaman-Azərbaycan”a müsahibəsində idmanda uğur qazanmağın yollarını və bunu davamlı olması üçün nələrə diqqət etmək lazım olduğunu bildirdi: “Güləşin həyatımda daima böyük rol oynadığını görmüşəm və hiss etmişəm. İş həyatım uğurlu alındı. Şəxsi fermer təsərrüfatını qurdum. Qarabağ müharibəsi başlayandan sonra Məcburi köçkünlər ölkəmizin bütün rayon və qəsəbələrində yerləşdirildilər. 1993-cü ildə isə Qarabağdan gələn məcburi köçkünlərin bir hissəsi  Suraxanı rayonunda yerləşdi. Təbii ki, onlar ailələri ilə buraya gəlmişdilər. Ancaq çoxları ya atalarını, ya da analarını itrimişdilər. Bu halda isə uşaqların düzgün tərbiyə alması çox çətin məsələ idi. Bu köçkün uşaqların düzgün olmayan həyat tərzi keçirdiyini görəndə, ürəyim ağrıyırdı. Professional güləş klubu “İGİD”in yaranmasının əsas məqsədi də elə budur. 1993-cü ildən bu yana “İGİD” klubu təmənnasız fəaliyyət göstərir. Bizim uşaqlar çox həvəslə bura gəlirlər. Düzdü  “İGİD” ilk açıldığı gün burada 100-dən çox uşaq var idi, amma necə deyərlər “döşək özü idmançıları seçir”. Hal hazırda 30-dan çox şagirdimiz var. 2014-cü ildə hörmətli prezidentimizin “elimsiz idmanın gələcəyi yoxdur” çağırışına əsasən buranı yenidən qurdum. Bu gün bu ətrafda yaşayan uşaqların çoxu böyük həvəslə güləş öyrənməyə gəlirlər. Mən inanıram ki, biz qarşıya qoyduğumuz məqsədə çatacağıq. Bu uşaqları gələcəkdə dünya arenalarında öz sözlərinə deyəcək və bayrağımızı dalğalandıracaqlar”.

 

“Uşaqlar əvvəlcə dərslərini yaxşı oxumalı daha sonra idmanla məşğul olmalıdırlar”

İdmanın təkcə birincilik olmadığını, həyat tərzi olduğunu bildirən idman ustası: “Əslində idmana təkcə birincilik üçün baxmaq lazım deyil. İdman yarandığı dövürdən insan genefondunun sağlamlığına və insanı həyata hazırlayan bir məşğuliyyət, oyundur. Mən şəxsən idmana bu nöqteyi-nəzərdən baxıram. Ancaq onu da bilirəm ki, zəkalı uşaqlar dünyada və ölkədə öz sözlərini deyəcəklər. Elə bu yerdə haşiyəyə çıxıb qeyd etmək istəyirəm ki, “İGİD” idman klubuna orta məktəbdə dərsləri zəif olan şagirdləri qəbul etmirik. Uşaqlar əvvəlcə dərslərini yaxşı oxumalı daha sonra idmanla məşğul olmalıdırlar. Buraya gələn uşaqların hər birinin şəxsiyyət kimi formalaşaraq, dövlətə və vətənə xeyirli övlad olacaqlarına inanıram. Biz bəlkə də burada olimpiya çempionu yetişdirə bilmədik amma mən 100 faiz inanıram ki, burada insan yetişəcəkdir. Bizə idmana gələn uşaqlar  əgər olimpiya çempionu olmasalar, öz həyatlarının çempionu olacaqlar. Yəni onlar qazandıqları əxlaq və tərbiyə sayəsində daima uğur əldə edəcəklər. Amma onada əminəm ki, bu uşaqların içərisindən elə uşaqlar çıxacaqlar ki, onlar Azərbaycanın idman naliyyətlərinə yeni mükafatlar əlavə edəcəklər”.

 

“Əgər həyatda nəyəsə nail olmaq istəyirsənsə, məşqləri davam etdirməlisən”

Daha sonra bizə dərs proqramını anlatan Kazım müəllim, ölkəmizdəki bəzi məşqçilərin hələ də sovet dövründən qalma proqramdan istifadə etdiklərini bildirdi: “Bura gələn uşaqlarla həftədə 6-gün məşq keçirik. Təhsil ocaqlarında və iş yerlərində olduğu kimi bizim də davamiyyət cədvəlimiz vardır. Uşaqlar məşqə gəldikləri zaman ilk öncə davamiyyət cədvəlinə qol çəkirlər. Bunu etməyimizdə əsas məqsəd isə uşaqların məşqi buraxmamasıdır. Əgər həyatda nəyəsə nail olmaq istəyirsənsə, bunu davamlı etməlisən.  Bizdə həftəlik dərs planı belədir: “1-ci gün texnikanın kamillik dövrüdür. 2-ci gün texnikanın yaradıcılıq və icra günüdür (texnikanı işlətmək üstündə iş gedir), 3-cü gün energetik hazırlıq günüdür (psixi enerji ilə fiziki enerjinin vəhtətindən əmələ gələn gücü idarə etmək qabiliyyəti öyrədilir), 4-cü gün taktiki hazırlıq günüdür (bu hazırlıq idmanın elmi sayılır), 5-ci gün inteqral hazırlıq (peşəni öyrənmək günüdür) 6-cı gün idmançıların psixoloji hazırlıq günüdür. (İdamnçının psixoloji hazırlığı dedikdə, yəni həyatda və peşəsində özünü idarə etmə qabiliyyətinin inkişaf etdirilməsidir). “Bu planın üzərində öz dərs cədvəlimi qurub idmançıları hazırlayıram. Uşaqlar evdən gələndə artıq bilirlər ki, bu gün nə ilə məşğul olacaqlar. Bu hal isə uşaqlara şüurluluq verir. Sizə onu qeyd edim ki, mən ümumiyyətlə zalda hər bir şeyi şüurluluq üzərində qururam. Uşaqların etdikləri hər bir şeyi onlara anladıram ki, biz bunu nə üçün edirik və nəticədə bundan nə əldə edəcəyik. Ona görə də mən tam əminəm ki, “İGİD”in yetişdirdiyi idmançılar gələcəkdə uğurlar əldə edəcəklər. Hətta belə bir eksperiment var: iki ayrı məşqçinin yetişdirdiyi idmançıları yoxlayıblar. Bir məşqçi “şüurluluq” üzərində digəri isə “mən nə deyirəm onu edin” prinsipi ilə məşq keçib. Bu testin sonunda şüurluluq üzrə idman keçən uşaqlar daha yaxşı nailiyyətlərə imza atıblar. Ona görə də mən istəyirəm ki uşaqlar şüurlu şəklidə idmanlarını etsinlər.

 

“Özünüzdən sonrakı nəsili öyrətməsəniz, insanlıq məhv olar”

İdman və mənəviyyatın ayrılmaz olduğunu bildirən qocaman ölkə çempionu: “İdman , tərbiyə bir-birindən ayrılmazdırlar. Hələ 6-cı əsrdə Aristotel demişdir ki, “Əxlaq insana cəsarət və cürət verir”. Demək biz idmançıya cəsarət vermək üçün əvvəlcə əxlaqını verməliyik. Belə bir deyim var “İnsan əxlaqla doğulmur”. Mən düşünürəm ki, biz uşaqlara ilk öncə əxlaqı verməliyik. Bunu verməsək, onun fəsadları çox böyük olar. Peyğəmbərimizin (S.A.V) belə bir hədisi var “Özünüzdən sonrakı nəsili öyrətməsəniz, insanlıq məhv olar”. Biz çalışmalıyıq ki, bizə gələn uşaqların əxlaqı bizdə artıq olsun. Ona görə də bildiklərimi və bacarıqlarımı böyük həvəslə uşaqlara öyrədirəm. Bura gələn uşaqlarla çox gözəl münasibətlərimiz var. Bəlkə buradakı uşaqlardan bəziləri güləşi sevmir, ancaq məni sevdikləri üçün hər gün idmana gəlirlər. Bura gələnlərin əksəriyyəti ata və ya ana qayğısından uzaq düşən uşaqlardır. Mən onlara bu qayğını verməyə çalışıram. Burada həm peşə hazırlığı, həm də mənəvi hazırlığı bir-biri ilə sintez edərək, onlara tədris edirəm. Belə olmasa idmançı yetişməz. Hazırda böyük idmanda bu olmadığı üçün çətinliklər var. İdmançıda əsas məqsəd pula yox, ölkənin idman şərəfini yoxlamağa yönəlməlidir. Zalın hər yerində şuarlar vardır, məsələn: “Bil ey vətən sənin üçün yaradıb bizi yaradan, sənin üçün yaşadır bizi yaradan”, “Mən yaşayıram ki, insanlığa xidmət edim” və s. insanın idealogiyası və əqidəsi bu yöndə olmalıdır. Psixoloji hazırlıqda uşaqlara bütün bunları tədris edirəm ki, gənc idmançıların məqsədi formalaşsın.

 

“İndi çox məşqçilər hələ də sovet dövründən qalma proqramdan istifadə edirlər”

Kazım Əliyev özündən sonrakı gələcək nəsilləri düşünərək, kitab və DVD disklər çap etdirir: “Mənim iki kitabım çapdan çıxmışdır. Birincisi “İdmançının qələbə psixologiyası”dır. İkincisi isə  “Məşqçinin stolüstü” rəhbər kitabıdır. Bundan başqa bir neçə kitab da çap etdirməyədə çalışıram. İndi çox məşqçilər hələ də sovet dövründən qalma proqramdan istifadə edirlər. Bu proqram 12 vərəqdən də balacadır. Bununla uşaqlara nə vermək olar? Bunları düşünərək, yeni kitablar hazırlamağa çalışıram. Dövrün tələbini nəzərə alaraq, DVD kitablar da yazıram. “Həyat psixologiyası”, “Peşə psixologiyası”, “İdmanda qeyri-ənənəvi tədris”,  kimi DVD kitablar artıq işıq üzü görmüşdür. “Məşqçinin həftəlik dərs planı” elektron dərsliyimdə isə son düzəlişlər edirəm. Yaxın zamanda bu diskim də idmançıların ixtiyarına veriləcəkdir. İstəyim budur ki, məşqçilərə asan olsun, onlar material axtarmasınlar. Elmin olmaması insanlığın və gələcək nəsilin olmaması deməkdir. Mənim də ən çox narahat olduğum məqam idmanın elmsiz olmasıdır”.