Bizə nələr yedizdirmirlər ki?

0
565

Son illər insanlar bir-birinə nə gəldi yedizdirirlər. Nə bilim, at əti, eşşək əti… Elə bu kimi səbəblərdən insanlar öz insanlıqlarından çıxmaqdadırlar. İndi öz rəftarı ilə müxtəlif heyvanları xatırladanlar azdırmı? Məgər küçələrdə anqıra-anqıra gedənləri, keçi kimi tullananları, qurbağa kimi quruldayanları, it kimi hürənləri görməmisiniz? Bunlar isə zənnimcə, yediyi qidanın insanın xarakterinə əhəmiyyətli dərəcədə təsirinin bariz nümunələridir. Bəli, artıq insanlarda yedikləri qidaya görə müəyyən xarakterlər formalaşmaqdadır. Atalar əbəs yerə deməyib ki, nə tökərsən aşına, o çıxar qaşığına…

Mən hələ geni modifikasiya olunmuş meyvə-tərəvəzlərin insanların xarakterinə nüfuz etməsini demirəm. Hətta iş o yerə çatıb ki, indi ticarət dükanlarında “əmma”sız ərzaq tapmaq müşkül məsələdir (Bir məsəldə deyildiyi kimi, bunun səsi sonra çıxacaq). Məsələn, iddialar var ki, satışda kərə yağı kimi təklif olunan məhsulların çoxunun gerçək kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi heyvanların iç yağı, piylərdən hazırlanır, bəziləri isə kimyəvi tərkiblidir. Onlara kərə yağının dadını və qoxusunu verən xüsusi qatqılar vurulur ki, bunlar da sağlamlığa təhlükə yaradır. Doğrudur, bu sahədə müəyyən tədbirlər görülür, yəni bu işlə məşğul olanlar ifşa olunur. Di gəl, vəziyyət hələ də düzəlmir ki, düzəlmir. İnsanlıqdan çıxmış belələri yenə də öz işlərindədirlər.

Amma mənim fikrimcə, bu insanlıqdan çıxmanı yalnız at, eşşək əti və yaxud digər qida məhsulları ilə izah etmək doğru olmaz. Bunun başqa bir səbəbi də var. Nə yazıq ki, həmin maddi qidalara mənəvi qidalar da əlavə olunmaqdadır. Onların gözə görünəni də var, görünməyəni də… Hər gün, demək olar ki, insanlara onlarla dürlü-dürlü yalanlar yedizdirirlər. Onları iştahı olanlar da yemək məcburiyyətindədir, iştahı olmayan da… Yalanlara etiraz isə bir nəticə vermir. Hər gün minlərlə insana süründürməçilik yedizdirilirmi? Hər gün minlərlə insanın əsəblərini gərməklə onlara dərd-qəm yedizdirmirikmi?

Necə ildir ki, Avropa öz mənəvi dəyərlərini bizə yedizdirir. Biz də dədə-baba ənənələrindən əl çəkib onları bəh-bəhlə həzm-rabedən keçiririk. Nəticədə Əli aşından da oluruq, Vəli aşından da… Neçə ildir ki, dünya ölkələri insanlara təşviş, qorxu, həyəcan yedizdirir. İndi kimsəyə sirr deyil ki, bir adamın başının kəsilməsi ilə toyuq başının kəsilməsi arasında elə də bir fərq qoyulmur.

Nə isə… Bu kimi nəsnələrin bir qismini sadalamağımın bəlli səbəbi var. Mənim aləmimdə bizə yedizdirilən bu kimi mənəvi qidalar insan xaraketerinin dəyişməsində yuxarıda adını çəkdiyim maddi qidalardan heç da az rol oynamır. Bəlkə də onlardan daha çox rol oynayır.