Bizə nə olub belə?

İllərdən bəridir ki, səhər işə gələndə, əvvəlcə, xəbər portallarına göz gəzdirir, dünyada, ölkədə baş verənlərlə qısa tanışlıqdan sonra “Ya Allah” eləyib işə başlayıram.
 Bəzən elə xəbərlər oxuyuram ki, ağrısını uzun müddət zehnimdən çıxara bilmirəm. Elə heysiyyətsiz, əxlaqdan, mənəviyyatdan uzaq kriminal xəbərlər qarşına çıxır ki, oxumasan belə adı kifayət eləyir ki, ürəyin bulansın, duyğuların alt-üst olsun. Belə xəbərlərdən iyrənirəm, amma ən çox üzüldüyüm intihar xəbərləridir. 17 yaşlı gənc də canına qıyır, səksəni keçmiş baba da… Nə olub axı bizə? Son bir neçə gün ərzində ən populyar və güvənilən xəbər portallarından birində getmiş intihar xəbərlərinin adlarını verirəm:

– Qadın özünü Kürə atdı.

– 82 yaşlı kişi özünü öldürdü.

– Bir gündə iki intihar.

– Müəllim intihar etdi.

– Biri dərman, digəri isə sirkə turşusu içdi – intihara cəhd.

– İki uşaq anası özünü qəbiristanlıqda asmaq istədi.

– Mayor intihar etdi.

– Müharibə veteranı özünü asdı.

Müxtəlif səbəblərlə baş vermiş ölüm xəbərlərinin adlarını bura cəmləsək, səhifə tutmaz, biz, sadəcə, öz canına qıyanların xəbər başlıqlarını verdik. İntiharın nə qədər ağır günah olduğunu necə anladaq, necə başa salaq ki, insanımız bu addımı atmaqdan çəkinsin? Hansısa məişət problemindən qurtarmaq üçün canına qıyan insan anlamır ki, həyatının ən böyük cinayətini edir. Bəli, sənin xətan, günahın, cinayətin ola bilər, amma onlardan daha betəri intihar etməyindir. Hansısa dərd dediyin problemdən, ağrıdan qurtarmaq üçün intihar etmək ilandan qorxub əjdahanın ağzına girməkdir.

Təsəvvür edirsinizmi, yaşı səksəni keçib, amma o yaşda belə canına qıyır. Yaxud da müharibənin alovundan keçmiş, ölümün hənirini duymuş veteran evində hansısa problemə görə özünü öldürür. İki balasını evdə qoyan ana qəbiristanlığa gedib özünü asır. Yəni son anda heç balalarını da düşünmürmü?  Bilirsinizmi niyə belə olur? – Çünki insan ölümün o üzündə onu nələr gözlədiyini düşünmür, bəlkə heç zaman düşünməyib də. Bütün bu halların təməlində də savadsızlıq, axirət düşüncəsinin zəifliyi və bəlkə də, yoxluğu dayanır. Kim nə deyir desin, cəmiyyətdə baş verən bu tip cinayətlər dini bilgilərin tədrisinin, təbliğinin qaçılmaz olduğunu ortaya qoyur. Əminəm ki, insanımız dinimizi bilsə, heç vaxt intihar etməyi ağlından  keçirməz. Təkcə intihar edənlər deyil, qatillər də cinayəti cahillik, savadsızlıq ucbatından işləyirlər.

Allah-Təala (c.c.) Quranda israrla buyurur ki, intihar etməyin, Allahın verdiyi cana qıymayın. Allah-Təala bir bəndəyə onun çəkə bilməyəcəyi yükü yükləməz. Əgər diqqət etmisinizsə, Quranda ən çox tövsiyə edilən davranış halı səbir etməkdir. Səbir – Allaha güvənərək, Allaha sığınaraq hər bəlayla, çətinliyə dözməkdir, lap ürəyin sıxılsa, dünya başına yıxılsa belə.

İntihar etmək – cəsarət kimi görünsə də əslində qorxaqlıqdır, fərarilikdir, dünya adlı döyüş meydanından qaçmaqdır, Allahın verdiyi can əmanətinə xəyanət etməkdir. Bil ki, daşıdığın can sənin deyil, Allahındır və o cana qıydığın üçün Allah da sənə haqq elədiyin qarşılığı verəcək.

İnsanımız elə bil ki, kiməsə dərdini danışıb yardım istəyə bilmir. Yəni bu qədərmi laqeyd olmuşuq bir-birimizə? 82 yaşlı dədə bir qapını döyüb: “Ay bala, bu məsələ məni cana gətirib, kömək elə”,-deyə bilmirmi? Əgər deyərsə, bu məmləkətdə onun bu halına yanmayacaq neçə vicdansız tapılar?

Bir şeyi bilirəm ki, telekanallar ucuz şou göstərməkdənsə bu mövzuya geniş diqqət ayırmalıdır. Hər axşam mütəxəssislər, xüsusilə də səmimiyyətinə güvənilən din xadimləri xalqın qarşısına çıxıb öyüd-nəsihət verməlidirlər. Yəni nəsə eləmək lazımdır, bilənlərin əlini, dilini bağlayıb oturması o günaha ortaq olmaq kimidir.

Xahiş edirəm, bircə o addımı atma! Bilirəm ki, dərdin var, ürəyin sıxılır, canını qoymağa yer tapmırsan, amma nə olur olsun, bircə intiharı düşünmə! Allah xatirinə, o addımı atma! İntihar müəyyən mənada Allaha üsyan etməkdir, o üsyandan uzaq dur, özünə yazığın gəlsin!

Əli Məcid