“Bizə lazım olan məlumatları gətirəcək”

565

Martın 28-də Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə (Azərbaycan – Malta oyunu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək) oyuna çıxacaq. Millimizin bu oyuna hazırlığı necə gedir? Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin sözlərinə görə, hələ kimlərin heyətdə yer alacağı tam dəqiqləşməyib. XXVI turun oyunlarına baxılandan sonra yekun siyahı açıqlanacaq: “Martın 18-də ölkə çempionatında daha bir turun oyunları keçiriləcək. Həmin vaxtı gözləməliyik. Amma ümumi götürdükdə, artıq 5 aydır Azərbaycandayam və demək olar ki, futbolçuların hamısının bacarığına bələdəm. Fevralda Antalyada təlim-məşq toplanışı keçirdik. Martın 22-də millinin üzvləri bir araya gələcək”.

Buna rəğmən o, dəvət edəcəyi futbolçuların əksəriyyətinin artıq müəyyənləşdirdiyini bildirib: “Dəvət edəcəyim futbolçuları böyük ölçüdə müəyyənləşdirmişəm. 23-24 futbolçuya dəvət göndərəcəyəm. Fevraldakı Antalya toplanışından fərqli olaraq, bu dəfə ölkə xaricində legioner həyatı yaşayan futbolçular da yığmanın düşərgəsində olacaqlar. Belədə komanda daha güclü təsir bağışlayacaq”.

Azərbaycan millisində rəsmi debüt edəcək xorvatiyalı baş məşqçi Robert Prosineçkinin fulbolxeber.az-a verdiyi açıqlamaya görə, onun üçün futbolçunun hazırkı durumu daha vacibdir: “Əvvəlki xidmətlərinə görə kimisi komandaya götürmək düzgün deyil. Seçim zamanı da bunu nəzərə alacağıq. Kim hazırdırsa, ona da dəvət göndərəcəyik. Çempionatın oyunlarını daim izləyirəm. Malta ilə görüşə klublarında mütəmadi oynayanlar dəvət alacaqlar”.

Qeyd edək ki, martın 28-dəki oyundan əvvəl, daha doğrusu, martın 25-də Malta Gürcüstanla qarşılaşacaq. Baş məşqçi deyib ki, Maltanın keçirdiyi bir neçə oyunun videoyazısına dəfələrlə baxılıb, müəyyən təhlillər aparılıb. Amma komandanın oyununu canlı görmək başqa şeydir. Bu səbəbdən də Malta-Gürcüstan matçını onun köməkçisi Elxan Abdullayev stadiondan izləyəcək: “Bizə lazım olan məlumatları gətirəcək”.

Baş məşqçi Malta komandasını heç də zəif olmadığını, üstəlik, bu komandaya qarşı oynamağın çətin olduğunu da dilə gətirib.

Məlumat üçün bildirək ki, Avro-2016-nın seçmə mərhələsinin ilk oyununda millimiz Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzub. II turda  Palermo şəhərində İtaliya ilə qarşılaşan millimiz 2:1 hesabı ilə məğlub olub. Səfərdə Xorvatiya ilə keçirilən oyun isə daha biabırçı sonluqa başa çatıb. Oyun xorvatların 6:0 qələbəsi başa çatıb. IV turda millimiz Norveç millisini qəbul edib ki, bu oyun da 0:1 hesabla Norveç millisinin qələbəsi ilə bitib.

Beləliklə, millimiz seçmə mərhələdə keçirdiyi hər oyunda meydanı xalsız tərk edib.

Əgər udsaq…

FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə Azərbaycan milli komandası 8 pillə geriləyərək 198 xalla 139-cu pillədə qərarlaşıb. Reytinq cədvəlinə yeni Almaniya millisi 1770 xalla liderlik edir. Argentina yığması (1577 xal) ikinci, Kolumbiya komandası (1499) isə üçüncü pillədə qərarlaşıblar. FİFA milli komandaların növbəti reytinq siyahısını aprelin 9-da açıqlayacaq.

Mütəxəssislərin fikrincə, millimiz martın 28-də Malta ilə baş tutacaq AVRO-2016-nın seçmə oyununda qalib gəlsə və digər qarşılaşmalar da gözlənilən nəticələri versə, yığmamız 23 pillə irəliləyəcək. Qələbə ilə 66 xala qovuşacaq komandamız aktivini 264-ə çatdıracaq. Bu da proqnozlarda 116-cı olmağa yetərlidir.