Birsaatlıq ölüm

527
Reanimasiya şöbəsində yeni işə girmişdim. Necə deyərlər, “həkim” sözünə yeni alışmağa çalışırdım. Bütün böyük xəstəxanalarda olduğu kimi, burada da işimiz çox ağır idi. Ancaq təcrübəli həkimlərin yanında mənə o qədər də yük düşmürdü. Mən, sadəcə olaraq, baş verənlərə kənardan tamaşa edir və təcrübə qazanmağa çalışırdım…
Gecə saat 1 idi. İki qadın 16-17 yaşlarında olan bir gəncin qollarından tutub, xəstəxanaya gətirdilər. Onların arxasınca isə yaşlı bir adam gəldi. O, bir tərəfdən nəfəsini çatdırmağa çalışır, bir tərəfdən də: “Oğlumu xilas edin! Oğlumu xilas edin!” – deyə yalvarırdı. Bu mənzərəni görən növbətçi həkim tez yerindən qalxdı. Bir tərəfdən də, tibb bacıları yeni gələnləri qarşılamağa çıxdılar. Mən növbətçi həkimin yanında dayanmışdım. Yaşlı ata bir tərəfdən yalvarır, bir tərəfdən də: “Həkim, oğlum intihar etmək istəyirdi. Ancaq anası xəbər tutan kimi xəstəxanaya gətirdik”, – deyirdi. Nəhayət, növbətçi həkim:

– Oğlunuzun içdiyi dərmanlar yanınızdadır? – deyə soruşdu.

Yaşlı ata tez pencəyinin cibindəki dərman qutularını çıxardı və əlləri titrəyə-titrəyə həkimə göstərdi:

– Bu həbdən 10-15 dənə, bundan 10 dənə, bundan da 5 dənə…

Həkim dərman qutularına diqqətlə baxdı və sonra:

– Dərmanları nə vaxt içdiyini bilirsiniz? – deyə soruşdu.

– İki saat olar…

Həkim bir daha dərman qutularına baxdı və başını bulayaraq:

– Heyif, çox heyif, –  dedi.

Hamı həyəcan içərisində növbətçi həkimdən bir söz gözləyir, növbətçi həkim isə susmaqda davam edirdi. Adətən, belə hallarda həkim tibb bacılarını çağırır və xəstənin mədəsini yuyurdu. Ancaq, görünür, bu dəfə vəziyyət başqa idi. Nəhayət, “səssizliyi” yaşlı atanın sualı pozdu:

– Nə edə bilərik, həkim?

Həkim isə soyuqqanlı bir şəkildə:

– Heç nə. Artıq gecdir. Əlimizdən bir şey gəlməz…

Həkimin ağzından çıxan bu sözlər sanki güllə kimi xəstəyə və xəstənin yaxınlarına dəydi. Doğrusu, bu cavab mənim üçün də gözlənilməz idi.

Mən gözucu xəstənin yaxınlarına baxdım. Hamısının gözləri böyümüş, rəngləri saralmışdı. Xəstənin üzündə isə sanki min illərin qorxusu var idi. Ayaq üstə çox çətinliklə dayansa da, gücünü toplayıb, diqqətlə həkimin üzünə baxdı. Həkimin üzündəki ciddiyyəti görəndə isə birdən-birə sarsıldı. Sonra da qeyri-ixtiyari yerə çökdü. Xəstənin yaxınları da çarəsizlikdən hərəsi bir tərəfdə oturdular. Ancaq hələ də heç kim ümidini itirməmişdi:

– Həkim, yəni heç bir ümid yoxdur? Yəni heç bir kömək etmək olmaz?..

– Artıq çox gecdir. Təəssüf ki, belə hallarda heç nə edə bilmərik. Əgər etsək də, bir faydası olmaz. Yəqin ki, xəstənin bir saat vaxtı qalıb. Ancaq yenə də xəstəni nəzarət altında saxlayacağıq…

Həkimin bu “birsaatlıq” diaqnozu hamını lərzəyə salmışdı. Hamı kimi, mən də yerimdə donub qalmışdım. İstər-istəməz xəstənin gözlərinin içinə baxdım. Ölüm qorxusu, bir də ümidsizlik sanki iliklərinə qədər işləmişdi. Bir anlıq onun indi hansı hissləri keçirdiyini düşündüm. Yəqin ki, ölümə bu qədər yaxınlaşmaq çox dəhşətli bir hiss olmalı idi. Görəsən, indi o hansı hissləri keçirirdi? Bir də ki, nə vaxtsa, hamımız ölümə bu qədər yaxınlaşmayacağıqmı? Ya da, nə vaxtsa, hamımız ölümü bu qədər yaxın hiss etməyəcəyikmi? Elə isə ölümü özümüzdən bu qədər uzaq görmək nə üçün idi? Ya da, ölümü özümüzdən bu qədər uzaq hiss etmək nə üçün idi?..

Ancaq bu gənc oğlanın vəziyyəti başqa idi. O artıq bir saat sonra öləcəyini bilirdi. Kim bilir, bəlkə də indi dostlarını, yaxınlarını düşünürdü. Ya da, keçmişini, gələcəyini (daha doğrusu, bir saat sonra nə olacağını) gözlərinin qarşısına gətirirdi. Halbuki nə qədər planları var idi. İndi isə nəinki gələcək üçün plan qurmaqda, hətta yaxın bir saat üçün plan qurmaqda aciz idi.

Həyat isə davam edirdi. Bir tərəfdən, bir xəstə xəstəxanadan evinə buraxılır, bir tərəfdən də, bir xəstə evindən xəstəxanaya gətirilirdi. Buna, bəlkə də, “həyatla ölümün üz-üzə gəldiyi an” demək daha doğru olardı…

Xəstənin yaxınları çarəsiz oturmaqda davam edirdilər. Nəhayət, ata özünü bir daha topladı və bir daha:

– Həkim, yəni heç bir ümid yoxdur? Yəni heç bir kömək etmək olmaz? – deyə soruşdu.

Ancaq həkim eyni soyuqqanlılıqla başını buladı. Elə bu vaxt onlara başqa bir həkim yaxınlaşdı və qaş-göz işarəsi ilə nə baş verdiyini soruşdu. Birinci həkim:

– Növbəti intihar cəhdi. Ancaq nə yazıq ki, gecdir. Bundan sonra nə isə etməyin bir mənası yoxdur. Xəstəlik kağızını sonra bir yerdə hazırlayarıq, – dedi.

Həkimin ağzından çıxan sözlərə ən çox xəstənin özü qulaq asırdı. Görünür, ölümlə üz-üzə gəlmək onu çox qorxutmuşdu. Nəhayət, titrək bir səslə həkimə:

– Xilas olmaq üçün nə desəniz, hazıram. Nə olar, həkim, məni xilas edin, ölmək istəmirəm, – dedi.

Həkim isə sanki onu eşitmirdi. Kim bilir, bəlkə də eşitmək istəmirdi. Mən isə ölümə bu qədər yaxın olan bir adamı ilk dəfə idi ki, görürdüm. Üstəlik də, o bu qədər gənc idi…

Deməli, bir saat sonra bu canlı bədən cansız cəsədə çevriləcək və yarılmaq üçün meyitxanaya göndəriləcəkdi. Bu fikirlər o qədər dəhşətli idi ki, doğrusu, insan düşünmək belə istəmirdi. Ölümün və həyatın, yaşamağın və ölməyin bu qədər yaxın olduğunu sanki o anda dərk etdim.

Nəhayət, həkim oradan uzaqlaşdı və mən də onun arxasınca getdim. Bir az getmişdik ki, bir az da təcrübəsizliyimdən doğan bir ifadə ilə:

– Həkim, məgər xəstəyə çoxlu maye verə və qanını təmizləyə bilməzdik? – deyə soruşdum.

Həkim birdən dayandı və gözlərimin içinə baxdı:

– Məgər, görmürsən? Yaşlı insanlar belə, yaşamaq üçün mübarizə apardıqları bir vaxtda bu gənc oğlan 17 yaşında intihar etmək istəyir. Madam ki, ölmək istəyir, elə isə ona niyə mane olaq? Qoy bir az da öz istəyi ilə baş-başa qalsın. Həyat nədir, ölüm nədir düşünsün. Dünya nədir, insan nədir anlasın. Və nəhayət xatırlasın, Onu Yaradanı, onu Var Edəni xatırlasın…

Təəccübdən donub qalmışdım. Ancaq ən təəccüblüsü bundan sonra baş verdi və həkim qəhqəhə çəkərək (həm də heç gözləmədiyim bir halda):

– Yoxsa, sən də onun öləcəyinə inandın? – deyə əlavə etdi.

Mən də qeyri-ixtiyari:

– Necə yəni! İndi deyirsiniz ki, bu gənc ölməyəcək? – deyə soruşdum.

Həkim heç bir cavab vermədi və əlindəki dərman qutularını göstərdi. Əlində adi vitamin həblərindən başqa bir şey yox idi…