“Birinci sinif şagirdlərinə yanaşma həvəsləndirici olmalıdır”

927
“Psixoloji ədəbiyyatda uşaqların məktəb yaşı keçid dövrü kimi xarakterizə olunur. Yəni uşaq ev şəraitindən institutlaşdırılmış, müəyyən nizam-intizamı olan təhsil müəssisəsinə qədəm qoyur. Bununla da, uşaq məcburdur ki, məktəbdə olduğu müddətdə müəyyən qayda-qanunlara əməl etsin. Valideynlər məktəbdəki qaydalar, yeniliklər, şagirdlərin ev tapşırıqları və s. məsələlərlə bağlı mütəmadi olaraq məlumatlandırılmalıdırlar. Bunun məqsədi odur ki, məktəbdə hansısa məsələ ortaya çıxanda valideyn deməsin ki, mənim bundan xəbərim olmayıb. İbtidai sinif müəllimləri valideynlərlə danışıb, şagirdlərinin xasiyyətləri haqqında ətraflı məlumat əldə etməlidirlər. Müəllim şagirdlərinin xasiyyətlərinə bələd olmalıdır ki, onu dəstəkləyib, düzgün istiqamətləndirə bilsin. Bunun üçün də müəllim psixoloji dözümlülük nümayiş etdirərək, sinifdəki problemlərin aradan qaldırılmasına çalışmalıdır
Təhsil ocağına ilk qədəmlərini atan körpə fidanlar üçün sinif otaqlarına, şagird yoldaşlarına, eləcə də məktəb intizamına uyğunlaşması böyük əhəmiyyət kəsb edir. Belə ki, birinci sinif şagirdlərinin məktəb və onun insana verdiyi dəyərlər haqqında düşüncələri məktəb illərinin ilk günlərindən etibarən formalaşmağa başlayır. Bu səbəbdən də birinci sinif şagirdləri ilə məktəb arasındakı münasibətin düzgün qurulması çox vacibdir. Əks halda, gələcəyimizin təminatçıları olan birincilər şagirdlik həyatlarının ilk illərindən məktəbə mənfi münasibət bəsləyə bilərlər.

Mövzumuzla bağlı suallarımızı cavablandıran Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə bildirdi ki, birinci sinif şagirdlərinin, birinci növbədə, məktəb psixoloqlarının dəstəyinə böyük ehtiyacı var: “Psixoloji ədəbiyyatda uşaqların məktəb yaşı (7 yaş) keçid dövrü kimi xarakterizə olunur. Yəni uşaq ev şəraitindən institutlaşdırılmış, müəyyən nizam-intizamı olan təhsil müəssisəsinə qədəm qoyur. Bununla da uşaq məcburdur ki, məktəbdə olduğu müddətdə müəyyən qayda-qanunlara əməl etsin”. Birinci sinif şagirdlərinin valideynlərinin də tədris prosesinə qoşulmasının önəmindən danışan ekspert bunları dedi: “İbtidai sinif müəllimləri valideynləri tərəfdaş kimi tədris prosesinə cəlb etməlidirlər. Valideynlər məktəbdəki qaydalar, yeniliklər, şagirdlərin ev tapşırıqları və s. məsələlərlə bağlı mütəmadi olaraq məlumatlandırılmalıdırlar. Bunun məqsədi odur ki, məktəbdə hansısa məsələ ortaya çıxanda valideyn deməsin ki, mənim bundan xəbərim olmayıb. İbtidai sinif müəllimləri valideynlərlə danışıb, şagirdlərinin xasiyyətləri haqqında ətraflı məlumat əldə etməlidirlər. Müəllim şagirdlərinin xasiyyətlərinə bələd olmalıdır ki, onu dəstəkləyib, düzgün istiqamətləndirə bilsin. Bunun üçün də müəllim psixoloji dözümlülük nümayiş etdirərək, sinifdəki problemlərin aradan qaldırılmasına çalışmalıdır”. E. Kazımzadənin sözlərinə görə, birinci sinifdən etibarən müəllimlər şagirdlərdə komanda ruhunun inkişafını dəstəkləməlidir: “Müəllimin didaktik yanaşması şagirdlər arasında mehribanlıq, əməkdaşlıq ruhunun yüksəldilməsinə xidmət etməlidir. Sinifdə əməkdaşlıq şəraitinin formalaşmasına verdiyi töhfəyə görə hər şagird ayrı-ayrılıqda dəyərləndirilməlidir”.

 

“Müəllimlər nadinc uşaqlara daha çox diqqət ayırmalıdırlar”

Nadinc, məktəbə uyğunlaşa bilməyən uşaqların məktəbə adaptasiyası məsələsinə də aydınlıq gətirən həmsöhbətimiz vurğuladı ki, müəllim heç bir şagirdini özündən uzaqlaşdırmamalıdır: “Bu, uşaqların məktəbə uyğunlaşması əvəzinə, onun təhsil ocağından təcrid olunmasına gətirib çıxara bilər. Ona görə də ibtidai sinif müəllimləri ehtiyatlı olmalı, nadinc uşaqlara daha çox diqqət ayırmalıdırlar”. E. Kazımzadənin sözlərinə görə, birinci sinifdən etibarən uşaqlara təzyiq göstərilməsi şagirdlərin məktəbdən soyumasına səbəb olur. Bu da uşaqların təlim prosesindən də soyumasına gətirib çıxarır.

 

 

“Müəllim şagirdlərə verdiyi ev tapşırıqlarının normasına diqqət etməlidir”

Aşağı sinif şagirdlərinə ev tapşırıqlarının normasına da aydınlıq gətirən müsahibimiz bunları dedi: “Müəllim şagirdlərə verdiyi ev tapşırıqlarının normasına diqqət etməlidir. Çünki uşaqlara çox tapşırıqların verilməsi o demək deyil ki, bunun nəticəsi mütləq yaxşı olacaq. Valideynlər uşaqların yuxu, dərs çalışmaq, qida rejiminə nəzarət etməlidir. Fiziki yorğunluq əqli yorğunluğa gətirib çıxarır”. Ekspertin sözlərinə görə, birinci sinif şagirdləri üçün oyun formasında olan təlim metodlarından mümkün qədər çox istifadə olunmalıdır: “Birinci sinif şagirdlərinin idrak prosesinin inkişafı üçün hərəkətli tapşırıqların verilməsi faydalıdır. Sinifdə maksimum şərait yaradılmalıdır ki, şagird hərəkətli olsun. Bu yaşda olan uşaqlar diqqətlərini 5-10 dəqiqədən çox bir yerə cəmləyə bilmirlər. Onlar bu səbəbdən də istər-istəməz eyni vəziyyətdə dura bilməzlər. Bu, uşağın təbii halıdır və mütləq nəzərə alınmalıdır. Həmçinin birinci sinif şagirdlərinə yanaşma həvəsləndirici olmalıdır. Uşağın əldə etdiyi istənilən nəticədən çıxış edərək, onun uğur strategiyasını planlaşdırmaq lazımdır. “Sən bunu bacardın, amma daha çoxunu bacara bilərsən” şansı şagirdlərə verilməlidir”. Müsahibimizin sözlərinə görə, birinci sinifdən etibarən uşaqlarda özünə nəzarət etikası aşılanmalıdır.

 

“Dərs ilinin ilk günü birinci sinif şagirdləri məktəblə  tanış edilməlidir”

E. Kazımzadə onu da qeyd etdi ki, dərs ilinin ilk günü birinci sinif şagirdləri məktəblə  tanış edilməlidir. Bundan başqa, məktəb açılmamışdan qabaq orada təhlükəsizlik tədbirlərinin hansı səviyyədə görüldüyü müəyyən olunmalıdır. Bu, ibtidai sinif şagirdlərinin təhlükəsizliyi üçün çox vacibdir. Həmsöhbətimiz onu da əlavə etdi ki, birinci siniflərin dərs otaqlarının aşağı mərtəbədə olması daha məqsədəuyğundur.

Sağlam həyat tərzinin qidalanma amilindən çox asılı olduğuna diqqət çəkən E. Kazımzadə qeyd etdi ki, direktorlar və müəllimlər məktəbin bufetinə nəzarət etməlidirlər: “Bu məsələ ilə bağlı hesab edirəm ki, valideynlərin maariflənməsinə ehtiyac var. Valideynlər bilməlidirlər ki, uşaqlarının qidalanmasında şirniyyat və qazlı sulardan çox istifadə etməsinlər. Uşağın qida norması müəyyənləşdirilməlidir. Kiçikyaşlı şagirdlər üçün bufetdə xüsusi saatlar ayrılsa, daha yaxşı olar”.

“Uşaqlar məktəbə məhz

bağçada hazırlanmalıdır”

Psixoloq Hüseyn Xəlilov isə suallarımıza cavab olaraq bildirdi ki, uşaqlar məktəbə gedəndə çətinlik yaşamasınlar deyə onları bağçaya göndərmək faydalıdır: “Bağça təhsili alanlar üçün məktəbdə oxumaq asan olur. Uşaqlar məktəbə məhz bağçada hazırlanmalıdır”. Müsahibimizin sözlərinə görə, valideynlər uşaqlarını məktəbə göndərməzdən əvvəl onlarda həmin təhsil ocaqlarına maraq oyatmalıdırlar: “Daha yaxşı olar ki, valideynlər birinci sinifə gedəcək uşaqlarını məktəbin açılmasına 5-10 gün  qalmış oraya aparıb, sinifləri, təhsil ocağının həyətini gəzdirsinlər. Çünki birdən-birə məktəbə gedib, qələbəlik görəndə uşaqların əksəriyyətində qorxu yaranır”. Psixoloq  vurğuladı ki, valideynlər uşaqlarının 4 yaşına qədər sosiallaşmasına xüsusi diqqət etməlidirlər: “Özünə qapalı uşaqlar məktəbə gələndə daha çox təşviş içində olurlar. Onlardan bəziləri bir həftədən sonra məktəbə getmək istəmirlər. Müəllimin mimikası, səs tonu belə şagirdlərə pis təsir edir”.

Birinci sinif şagirdlərinin məktəbə adaptasiya olunması sahəsində Türkiyənin təcrübəsindən danışan müsahibimiz bunları dedi: “Türkiyədə dərs ilinin başlanmasına bir həftə qalanda birinci sinfə gedəcək uşaqlar valideynləri ilə birlikdə məktəbə gəlirlər, siniflərdə oturub, hazırlıq dərsləri keçirlər. Beləliklə də, uşaqlara tədricən başa düşürlər ki, bu, hazırlıq mərhələsidir, məktəb açılanda valideynləri onların yanında olmayacaqlar. Müəllimlər də mümkün qədər təmkinli və gülərüzlü olmalıdırlar ki, yeni şagirdləri ilə dil tapa bilsinlər”.

H. Xəlilov onu da əlavə etdi ki, uşaqlar məktəbə getməyə başladıqdan sonra valideynləri onlar üçün müəyyən qaydalar qoymalıdırlar: “Valideyn qaydalarının faydalı olmasına uşaqlarını inandırmalıdırlar. Beləliklə də, məktəbə adaptasiya ilə paralel olaraq, uşaqlarda yeni  vərdişlər formalaşmağa başlayır. Valideyn qaydalar qoymazsa, uşaqlar  yeni vərdişlərə yiyələnə bilməzlər”. Sonda H. Xəlilov sosial fəaliyyətlərin uşaqların zəkasının formalaşmasına müsbət təsir etdiyini bildirdi.

 

Elvin Əliyev