“Birinci kitabımın qonorarına “Jiquli” almışam”

517

Ədəbiyyat dünya insanlarının bir-birinə yaxınlaşma yeridir. Şeir, poeziya insanların mənəviyyatının saflaşmasında böyük rol oynayır. Məşhur yəhudi əsilli yazıçı Frans Kafka ədəbiyyat haqqında belə deyirdi. “Ədəbiyyatdan kənar hər bir iş məni iyrəndirir”. Biz bu gün ədəbiyyat haqqında söhbətimizi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə ilə aparacağıq.
– Qəşəm müəllim, adətən, belə deyirlər ki, insanlar məişət problemləri ilə qarşılaşdıqları zaman şeir yazmağa başlayırlar. Sizcə, şeir yazmaq belə asandır?
– Deməzdim ki, şeir yazmaq asandır və ya çətindir. Yaza bilirsənsə, yazmaq vaxtı gəlirsə, o, heç məişətə də baxmır. İnsanın həyatındakı hər hansı problemə də baxmır. Ya insan məişət problemindən bezir, ya da həyatdakı çətinlikdən bezir şeir yazır. Əslində elə deyil, çətinlikdən sonra şeir yazılmır. Şeir nə çətinliyə baxır, nə məhrumiyyətə, nə kasıblığa, nə varlılığa, nə dövlətə. Bu, insanın adi halında yaranır. İndi bizim ədəbiyyatımızda şeir yazanlar çoxdur; bunu belə deyirlər. Ancaq mənim fikrimə görə, Azərbaycanda şair çox azdır. Yəni az sayda mən öz yaşıdlarım içərisində baxıram ki, aralıdan baxanda çox görünür, dərinə varanda görürsən ki, çox azdı.
“Oğlum Kəramət Böyükçöl də olmaqla, gənclər klassikləri bəyənmirlər”
– Yeni nəsil yazarlar klassik yazarları bəyənmirlər, bəs özləri ədəbiyyatda görünürlərmi?
– O da bir dəcəllikdi, o da bir nadinclikdi. Bəziləri bunu başa düşməyərəkdən, mütaliə etmədən edirlər; içi mənim oğlum Kəramət Böyükçöl qarışıq. Mahiyyətə varmırlar. Məsələn, “Vaqif” dramında olan elə gözəl lövhələr var, elə ictimai-siyasi hadisələr var ki, bizim gənclərimiz bundan xəbərsizdi. Ancaq onların reaksiyalarına ciddi əhəmiyyət vermək lazım deyil, müəyyən vaxt, zaman keçdikcə onlar həqiqətə qayıdacaqlar. Klassiklər bizim ədəbiyyat böyükləridi, ədəbiyyat adamlarıdı, biz onlardan öyrənirik. Keçmişdən yaxşı arayış almasan, gələcək sənə heç nə vəd eləmir, gələcək sənə heç nə vermir. Ona görə də Səməd Vurğunu , Füzulini bəyənməsələr də, onlar ədəbiyyatda qalacaqlar. Bu, tarixən belə olub.
– Ədəbi düşüncə ilə yaşamaq çətin deyil ki, sizin üçün?
– Xeyr, əslində mənim istirahətimdi. Ədəbi düşüncələr indiyə qədər qazandığım məhsuldu. Ruzbeh, sənin şeirlər kitabını oxudum, xoşuma gəldi; sənin şeirlərindən aldığım zövq istirahətdi mənim üçün. Və gərək zövq də ola o şeiri qəbul eləyəsən. Adamlar var ki, zövqü, dadı korlayırlar. Yəni mütaliə eləmirlər, yaxşını pisdən ayırmırlar, bəzən şeir oğurluğu baş alıb gedir, şeirlər bir-birinə oxşayır. Adi tək-tək şeirlərin oğurlanması deyil, təfəkkür oğurluğudu, düşüncə oğurluğudu. Bu o deməkdir ki, bir adam o biri adamın təfəkkürünə şeir yazır.
– Şeirlərinizi ən çox harada yazırsınız?
– Mənim şeirlərimin konkret olaraq yazmaq yeri yoxdu. Mən elə həmişə səs-küydə, dizimin üstə kompüterimdə, harda gəldi yazıram.Və mən şeir yazmaq üçün fiziki şərait yaratmamışam. Amma düşüncələrimi səliqəyə salmışam, düşüncələrimə səviyyə vermişəm, onu müəyyən səviyyəyə gətirmişəm. Mən ancaq düşüncələrimlə mövcudam, şeir harda olsa yazıram. Birdən duyğulanıram, hisslərimə nəsə təsir eləyir və mən onda o şeiri yazıram. Amma hər an şeir yazmağa hazıram. Yəni o qədər dolub durmuşam, o qədər doluxsunmuşam, o qədər kövrəlmişəm, həmişə şeir yazmaq halındayam.
– Sizin şeirlərinizdə səmimilik var, həyatda şair üçün səmimi olmaq nə dərəcədə lazımdır?
– Səmimi olursansa, sənin üçün şeir yazmaqda heç bir çətinlik yoxdur; şeiri çox asan yazıram. Səmimi olmasam, şeirləri yaza bilmərəm. Bu bilirsən nəyə bənzəyir, birdən-birə deyirsən ki, sizin üçün nəfəs almaq çətin deyil ki? Mən doğulandan nəfəs alıram, demək doğulandan səmimiyəm. Səmimilik elə şey deyil ki, gətirib özünə tətbiq edəsən. Bayaq səmimiydim, indi səmimi deyiləm. İnsan gərək doğulandan səmimi olsun. Mənə görə, bütün yaxşı şeirlər səmimiyyətdən yaranıb. Çünki səmimiyyət müəlliflə oxucu arasında körpüdür. Səmimiyyət körpüsü yoxdusa oxcuyla şair heç vaxt reaksiyaya girməyəcək. Onun fikirlərini yaşatmayacaq, oxucu bir tərəfdə qalacaq, şair bir tərəfdə qalacaq.
“Qonorar şirin bir şeydi”
– Bu günə kimi neçə kitabınız çap olunub, dövlət hesabına çap ediləni olubmu heç?
– Birinci kitabım Yazıçı Nəşriyyatında çap edilib, onun qonorarı 10 000 manat pul eləyib. 9 600-nü verib, “Jiquli” (VAZ-2106) almışam. İkinci kitabımın puluynan İmişlidə bina evindən 3 otaqlı ev almışam. Üçüncü kitabımın puluynan rayonda torpaq sahəsi alıb, ev tikdirmişəm. Yəni bunlar dövlət hesabına çap olunurdu. Sovet hökuməti dağıldı, ancaq sovet dövründə kitablara yaxşı qonorar verirdilər. Ən adicə televiziyada çıxışımıza qonorar verirdilər. Mən televizyada çıxış eliyirdim 50-60 manat pul alırdım. “Azərbaycan jurnalı”nda romanı çıxan bahalı bir maşın alırdı və ya bir ev alırdı. Mənim, demək olar ki, “Azərbaycan”da 15 şeir kitabım çıxıb, 10 kitabım da xaricdə çıxıb. Cəmi 25 kitabım çıxıb. Belçikada fransız dilində, Hollandiyada holland dilində, Kolumbiyada ispan dilində, Avstriyada alman dilində, Moskvada iki kitabım rus dilində, Tehranda iki kitabım fars və Azərbaycan dilində, Türkiyədə kitabım çıxıb. Amma Hollandiyada çıxan kitabıma yüksək qonorar almışam, o pula yenə də maşın almışam. Düzdü, mənim həyatda ayrı qazanclarım da olub və onunla başqa işlər görmüşəm, Söhbət qələm pulundan , kitab pulundan, yazı pulundan gedir.
– Elə şeiriniz varmı, onu təkrar oxuyanda darıxırsınız?
– Darıxıram, ancaq darıxmağım şeirlə bağlı deyil. Mən böyük şeylər üçün darıxmıram. Darıxıram kəndə getmək üçün; darıxıram bulvara getmək üçün; darıxıram nəvəm üçün. Ancaq mən ən çox atam üçün darıxıram. Atam həyatda yoxdu. Bütün şairliyimin hamısını atamdan öyrənmişəm. 500 səhifəlik kitabım çap olunacaq. Mən nəsri də, şeiri də atamdan öyrənmişəm. Atam çoban idi. Ancaq atam mənim üçün ən yaxşı yazıçı idi. Düzdü, heç nə yazmamışdı, onunla söhbətlərim, onun həyata baxışı, münasibəti mənə həyatı öyrətdi. Atam həyatda mənim müəllimim olub. Ən çox atam üçün darıxıram. İstəyirəm ki, hərdən onu görəm, bir dəfə onu görəm, ona çoxlu baxam, yadımda saxlayım əllərini, baxışlarını, qayğılarını yadımda saxlayım. Atam bizi zülmlə böyüdüb. Atamın hər bir hərəkəti mənim üçün yeni ideya olub.
“Əgər sən kostyum geyinsən, qalustuk taxsan, olacaqsan heca şeiri”
– Mütaliə edirsiniz, yoxsa peşəkar olduğunuzu düşünüb kitab oxumursunuz?
– Ən pis, bədbəxt tərəfim odur ki, kitab oxuya bilmirəm. Vaxtilə çox kitab oxumuşam; şeiri də, yazını da oxuyub başa çatdırmağa səbrim çatmırdı. Gücüm çatmrdı. Bəzi şairlər var ki, kitabı yarıya qədər güclü yazıb, yarıdan oyana pis yazıb. Deməli, onun istedadı, gücü yarıya qədərdi. Ən yaxşı yazı yazmaq üçün insanda iradə lazımdı. İradəni özümüzdə tərbiyə etməliyik. Yaxşı yazı yazmaq üçün oturmağı bacarmaq, yaxşı mütaliə etməyi bacarmaq lazımdır. Çox təəssüflər olsun ki, mən özümü yaxşı mütaliəçi hesab eləmirəm, bu mənim qüsurlu cəhətimdi. Mütaliə etdikcə yaxşı yazmağın üsulunu tapırsan.
– Gənclərdən kimi oxuyursunuz, işıqlı gənclər varmı?
– Çox istedadlı gənclər var. Mən sevinirəm ki, belə istedadlı gənclərimiz var. “Ulduz” jurnalının iyul nömrəsi də gənclərə həsr olunub. Sağ olsun ki, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs gənclərə dəstək olur.
– Sərbəst şeiri oxuyan azdı, ölkədə sərbəst şeir birmənalı olaraq başa düşülmür, bu ciddi problem sayılırmı?
– Sərbəst şeiri yazmaq asandı deyənlər var ha, sərbəst şeiri yazmaq heca şeirini yazmaqdan çətindi. Adamlar elə bilirlər ki, sözləri arxa-arxaya düzürsən, gəlir olur sərbəst şeir. Ancaq elə deyil. Mən əruzu da sevirəm, hecanı da sevirəm. Dünyaya heca şeiriylə, əruzla çıxmaq mümkün deyil. Sərbəst şeir yazmaq mənim içimdən gəlir. Azərbaycan folklorunda da sərbəst şeir var. Sən indi necə sadə geyinmisən; sərbəst geyinmisən, əgər sən kostyum geyinsən, qalustuk taxsan, olacaqsan heca şeiri. Dünya sərbəstliyə gedir. İnsan təbiətə inteqrasiya edir. İnsan gedir meşədə ev tikir, təbiətə can atır. Bizim gözəl heca şeirlərimiz də çoxdu.
Ruzbeh Məmməd, Rasim Məmmədli