Birdən elə şeylər eşidirsən ki…

645

Birdən elə şeylər eşidirsən ki, matın-qutun quruyur. Çox şeyin xarab olduğunu bilirsən, çox adamdan çox şey gözləyirsən, amma bu qədərini də yox. Canın sıxılır, bir yerə, bir göyə baxırsan və hər şeyin yerbəyer olmadığını hiss edirsən. Hiss edirsən ki, nəsə ətrafında ciddi bir dəyişiklik var, çox şey pozulub, çox şey xarab olub və bu düşüncə ilə sanki udmağa hava tapmırsan, boğulursan. Elə bil hər şeyin bərəkəti qaçır, ağzının dadı itir, çox şeydən əlini üzürsən, gördüklərinlə barışa bilmirsən.

İnternet xəbərlərindən birində Çindən yayımlanan bir görüntü məni dəhşətə gətirdi. Demək belə, hanısa zəngin turistləri yaxşıca əyləndirmək üçün zooparkın ortasındakı geniş ərazidə “şellənən” aslanların arasına canlı bir dana buraxır və vəhşilərin o yazıq heyvanı necə parçalayacağını əyani şəkildə nümayiş etdirirlər. Yük maşınının kuzasından yerə düşürülən heyvan o andaca aslanların diqqət obyektinə düşür və heç 15-20 addım qaçmamış onların pəncəsi altında yerə sərilir. Dəhşətli bir ölümlə üz-üzə qalan danadan elə bir böyürtü çıxır ki, sözlə ifadə etmək mümkün deyil. Əslində o böyürtünün ən doğru adı fəryad idi, eyni vəziyyətə insan düşsəydi, onun da çıxardığı səs bundan az fərqli olardı. İki aslanın boğub yarımcan hala gətirdiyi, orasını-burasını parçaladığı heyvanı indi də bir maşının arxasına qoşaraq aslanların arasından çıxarırlar. Aslanlar yenə də ondan aralanmır və əldən çıxmaqda olan ovdan “nə qoparsan qənimətdir” məntiqi ilə daha çox qoparmağa çalışırlar.

Bu mənzərəni görmək də, yazıya almaq da, danışmaq da insana ağır gəlir. Dilsiz-ağızsız bir heyvana o işgəncəni verə bilmək üçün insanın insanlıqdan nə qədər uzaq olması lazımdır, heç bunu düşünürsünüzmü? İnsan gərək Allah xofundan xəbərsiz olsun ki, bu cür vəhşiliyi işləyə bilsin. Aslanların nə təqsiri var ki? Bir dananı parçalamaq aslan üçün nə cinayət sayılar, nə günah. Yəni onun yaşaması, balalarını doyurması üçün bu dana bir neçə öynəlik yemdən başqa bir şey deyil. Daha doğrusu, aslanın dananı parçalaması vəhşilik deyil, vəhşilik bu mənzərəni təşkil etmək və o dəhşətli mənzərədən zövq ala bilməkdir. Söhbət bir dananın söhbəti deyil, söhbət məhv olmağa üz tutmuş insanlıq söhbətidir. Görün özünü insan adlandıran bu zavallılar nə hala gəliblər ki, aslan ağzında parçalanan bir dananın fəryadında zövq axtarırlar.

İnəyin, qoyunun yaradılış qayəsi insanın ərzaq ehtiyacını ödəməkdir. Bu heyvanları əyləncə obyektinə çevirmək, əyləncə bir tərəfə qalsın, bir canlının aslan ağzında parçalanmasından zövq almaq bəşəriyyətin çox böyük bir təhlükə ilə üz-üzə qaldığını xəbər verir. Biz nağıllarda oxumuşduq ki, padşah kimə hirslənsə, onu aslanların qabağına atdırır. Sivilizasiyanın yüksək mərhələsi sayılan XXI əsrdə bu vəhşiliyi gözümüzlə görürük.

Hər il İspaniyada nə qədər öküz on minlərlə tamaşaçının gözü qarşısında nizələnərək öldürülür. Motodor hər dəfə nizəni öküzün belinə sancanda yazıq heyvan səndələyir, tamaşaçılarsa əl çalırlar. Buyurun, bu da sizə sivil Avropa mədəniyyəti. Bir də ki, Əndəlüsdə vicdanı sızlamadan müsəlmanların kökünü kəsən bir toplumun öküz öldürməkdən zövq alması bizə niyə qəribə gəlməlidir axı?

Gələk özümüzə. Guya bizdə azdirmi belə hallar? 1990-cı il yanvarın əvvəllərində və bir də 1993-cü ilin yayında gördüyüm mənzərələrdən bu yazımın əvvəlində dediyim o vəziyyətə düşmüşdüm, yəni udmağa havam çatmırdı. Hər dəfə də elə ağır zərbələr aldıq ki, hələ də belimizi dikəldə bilmirik və Allah bilir dikəldə biləcəyikmi? Anladığım və inandığım bir gerçək var: neyləyirsən-elə, amma ədəbinə, əxlaqına uyğun elə. Əgər düşmənlə üz-üzəsənsə, ölümünü gözaltına alıb savaşacaqsan. Savaşacaq və öldürəcəksən; təbii ki, savaşda ölmək də var. Və əmin olduğum bir gerçək də var ki, düşmənlə savaşan mərd oğullar heç zaman düşmənin hər hansı şəraitdə ələ düşmüş qoca qarısını təpikləyərək öldürməz. Ömər Muxtarın təbirincə desək, başının tükü sayda düşmən öldürər, amma birini də təhqir etməz. Hərdən mənə elə gəlir ki, biz düşmənlə savaşa-savaşa düşmənə oxşamağa başlayırıq.

Nə deyim, vallah, hərdən gördüklərimdən heyrətə düşürəm, boğula-boğula qalıram, deməyə söz tapmıram. Cahillər dünyanı yaşanmaz hala gətirdilər; istər Asiyada, istər Avropada, istərsə də elə evimizin içində. Cavidin sözü yada düşür: “Təməddünün sonu vəhşətmidir, nədir əcəba?!” Yəni bu cür mədəniləşmənin sonu vəhşilikmidir?

Bəli, hər kəs əslinə dönəndə özü olur, daha xeyirli və daha rahat bir həyat içində yaşayır. Biz də o dönüşü istəyirik, amma çox qəribədir ki, hara dönmək, kim olmaq məsələsində heç də həmfikir deyilik. Ona görə də bu haqda fikirləşməli, tarixi kimliyimizi bərpa etmək haqqında düşünməliyik.