“Bircə sanballı şair belə qalmasa, ədəbi proses dayanmaz”

711

Bu dəfəki həmsöhbətimiz nasir, publisist Əkbər Qoşalıdır. Qısa arayış: Əkbər Qoşalı 1973-cü il aprelin 3-də Tovuz rayonunun Qoşa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Texniki Universitetində təhsil alıb. (1990-1995).

Azərbaycan Gənclər və İdman Nazirliyi aparatının əməkdaşı olub (1996-2000). Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib (1998-2001). 90-cı illərdən ədəbi fəaliyyətə başlayıb. Gənc türk yazıçılarının şeir, hekayə və publisist əsərlərindən ibarət “Qar çiçəyi” (1997), “Türkün səsi” (1999-cu ildən) toplularını tərtib edib.

İlk kitabı “Ömür qoyub gedənlər” (1998) Tovuz rayonunun Böyük Qışlaq bölgəsinin şəhid övladlarından bəhs edir. Türk dünyasının görkəmli şəxsləri seriyasından “Nursultan Nazarbayev” siyasi portreti kitabçasının müəllifidir (2002). Həmin il nəşr olunan “Azərbaycan türkologiyası”nın (1920-1938) tərtibçilərindən biridir.

Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Gənc Türk Yazarları Birliyinin başçısı seçilib (1998).

Sonrakı illərdə Çuvaşıstanda və Azərbaycanda keçirilən IX-X qurultaylarında yenidən başqan seçilib (1999-2000). Hazırda Atatürk Mərkəzinin İctimai-siyasi şöbəsinin müdiridir.

– Əkbər müəllim, siz uzun illərdir türkologiya sahəsi ilə məşğulsunuz. Çox sayda kitabların tərtibçisi, layihələrin müəllifi kimi bu sahəyə diqqət ayırmısınız. Bu sahədəki problemlərin həlli üçün ilk olaraq nədən başlamalıyıq?

– Niyə ortaq türk abidələrini, ortaq türk keçmişinin möhtəşəm əsərlərini daha çox başqa ölkələrə, başqa xalqlara mənsub bilginlər üzə çıxarıb, oxuyub, sistemləşdirib? – Türkologiya bu ağrılı suala cavab tapmalı, türk ellərinin, türk elm adamlarının gələcəyi baxımından çıxış yolları cızmalıdır.

Çağdaş türkologiyanın, necə deyərlər, obrazı bəlli olmalıdır. Deyək, klassik türkologiya daha çox tarixi, ideoloji-siyasi mahiyyət daşıyırdısa, maarifləndirici özəlliklərə malik idisə, çağdaş türkologiya bu yollarla yanaşı gələcək bilimçiliyi (bir anlama, futurologiya), ortaq gələcək quruculuğu yolunu daha geniş işləməlidir; daha çox və belə deyək, bilavasitə elm olmalıdır – yəni ideoloji-siyasi, tarixi yükümlülüyü, ona acı həqiqətləri deməkdə, eləcə də türk insanına sabaha ümid aşılamaq işində maneə olmamalıdır!.. – deyə düşünürəm…

Düşünürəm, niyə bizdə (başqa türk respublikalarında) rusologiya, çinşünaslıq, farsşünaslıq, ingilisşünaslıq yox ikən(yaxud ən “barışıq şəkli” ilə desək, yox kimiykən- parlaq verimləri yox ikən), əvəzində, örnək verim, Çində Türküstanı öyrənən 100-dən çox gizli-aşkar institut (araşdırma mərkəzi) var?!.

Türkologiyanın yaşayan ustadları, yetki yiyələri istedadlı yeni nəsil araşdırmaçılarına diqqət və məhəbbət göstərməlidirlər. Örnək, Çingiz Qutsalruhun “Saylar. Səslər” əsərinə münasibət bildirilməlidir, deyə düşünürəm. – Bu əsərdə, ana türk dilindəki qeyri-adi qanunauyğunluqların inkaredilməz şəkildə çatdırıldığını – deyərdim, yeni bir KƏŞFi görürük. Bu kəşfə olumlu münasibət dünya riyaziyyatşünaslığına, dilçilik elminə devrimsəl yeniliklər qazandıracaqdır, deyə düşünürəm.

Yenə yeni nəsil alimlərimizdən dr. Vüsal Qasımlının “GeoEkonomika” əsəri türkologiyanın uyğun sahəsi ilə uğraşan bilginlər, institutlar tərəfindən ələ alınmalı, bir Azərbaycan yeni nəsil aliminin qeyri-adi elmi işi, mümkün olduğunca “Nobel Ödülü”nə daşınmalıdır.

O cümlədən şərti adla desək, “Türk Nobel”i təsis edilməli, yüksək ədalətli münsiflər tərəfindən türkologiyaya, türk birliyinə xidmətləri olanlar ödülləndirilməlidir.

Bax, türkologiya öz ilkin klassik “geyim”ini bu və bənzəri suallarla dəyişdirməli, təzələməli, yeniləməlidir…

– Dünya Gənc Türk Yazarlar Birliyi ədəbi prosesin canlanmasında önəmli rol oynayır. Necə düşünürsünüz, indi ədəbi proses bir proses kimi özünü göstərə bilirmi?

– Ədəbi proses bizli-bizsiz olub, olacaq da. Bircə sanballı şair belə qalmasa, ədəbi proses dayanmaz – o öz şairini, şeirini, yazıçısını, tənqidçisini doğuracaqdır…

Ədəbi proses “Frenel dalğaları” kimidir: bir dalğa sönən yerdə o biri dalğa ya-ranar…

Ədəbi proses canlı orqanizm kimidir: doğar-ölər… ancaq ölməmişdən öncə “balalayar”… Sağlam düşüncəli yazarların çalışdığı odur, bu “balalama” sürəci “bicbala”, “ölüuşaq” şəklində təzahür etməsin…

DGTYB-nin “at izinin it izinə qarışdığı zamanlar”da “yazılmamış missiyası” o olub ki, sağlamlaşma sürəcini başlatsın, yaxud ən azından bu sürəcəqatqısı, töhfəsi olsun…

Son dövrlər ədəbiyyata gələn gənclər daha çox poeziyanı seçirlər. Nəsr sahəsində yazmaq və ya peşəkar bir tənqidçi kimi yetişmək heç ağıllarının ucundan belə keçmir, sanki… Sizcə, nə üçün hamı şair olmaq istəyir? Bəs digər boşluqları kim dolduracaq?

– Ellikcə hamı şairlik yolu tutur, hamı şeir yazır… demək bir qədər dartışmalı olardı. Çoxluq şeir yolundadır… demək olar, elə həmişə belə olub; burada təzə bir şey yoxdur, məncə. Bu da şeirin gələnəyinin dərinliyi, genişliyi ilə və əlbəttə, şeirin istedadın üzə çıxmasının ən “birbaşa yol”u olması ilə bağlıdır…

Bununla belə, son illər şeir yazan da, yazmayan da, bir başqa janrı – romançılığa meyil edir – bəlkə bu meyil də özünə münasibət istəyir. O romanların neçəsi ədəbiyyat tarixində, oxucu masasında qalacaq?!. – Xeyli gərgin suallar var. Deyərdim, bu “roman bumu”nun özü qalıcı olmayacaq. Bunlar, sanki bəhsə-bəhs, yarış ovqatı ilə meydana çıxan şəkillənmələr kimi gəlir mənə… Məncə, yazar əlinə qələm aldıqda, yaxud bilgisayar önünə keçdikdə, janrı yox, mövzunu fikirləşməlidir. Bəlkə, bu cümlə də, fikrimizi tam açmır. – Əsl yazar qondarmır, qurmur, məhz yaradır – o üzdən onun janrı da, mövzusu ilə yanaşı doğulur, meydana çıxır, deyə düşünürəm… yəni yaradıcılıq bütöv bir hadisədir.

– Gəlin janr məsələsindən, kitab məsələsinə – oxu mövzusuna keçək.

Bildiyimiz kimi, son illər kitaba maraq həddindən artıq azalıb, sanki gənclər maariflənməkdən, savadlanmadan qorxurlar. Sonucda da neqativ hallar artır, insanlar aqressivləşir… Müxtəlif televiziya və internet resurslarının keçirdiyi sorğulardan da bəlli olur ki, oxucular bunun günahını yazıçılarda görürlər. Yazıçılarsa oxucuların təfəkkürünün çox aşağı olmasından gileylənirlər. Prinsip etibarilə hansı yanaşmanı daha doğru hesab etmək olar?

– Bu yanaşmalar hansı sosioloji sorğu sonucunda bəlli olub, bilmirəm. Açığı, bir o qədər də dəqiq təsbit kimi gəlmir mənə.

“Son illər” deyə-deyə, “son illər”i də, “gənc şair” sözünün gününə salmışıq (gülür). Görürsən, adam 50 yaşa çatıb, elə gözləri, dilləri öyrəşənlər “gənc şair” deyib-dururlar… Bəyəm, bu “gənc şair(lər)”dən sonra yeni gənc şairlər meydana çıxmadımı? – Çıxdı. Bax, gənc şairlər onlardır, bir öncəkilər, bəlkə problemləri ilə, sadəlöhvlükləri ilə, nə bilim, nələri ilə gənclik havasında ola bilər, lakin gənc deyillər!.. İndi onun işi olmasın, “son illər”dən sonra neçə son illər gəlib-keçib, a sağolmuş!.. Ən son illərdə isə kitab çapı, kitab yayımı, kitab təqdimat-satışları, kitab dükanları xeyli səliqə-sahman qazanıb. Artıq “kitab oxunmur!” harayının “son illər”inə son verəlim, lütfən! Məncə, bu harayı başqa haraylarla dəyişdirmənin zamanıdır. “KitabEvimAz” kimi yalnız Bakının, Azərbaycanın deyil, bütövlükdə Qafqazın fərqləndiriləcək, öyüləcək Kitab Evini, Kültür Ocağını yaratmış qardaşlarımız var.

Bir də, “kitab oxunmur” dedikdə, nəzərə almaq lazımdır ki, oxuma şəkli dəyişsə də, oxu sənəti sıradan çıxmayıb. – Biz klassik kitab formatında oxunu xoşlayırıq, bir başqası bilgisayarda, “planşet”də, “telefon”da kitab oxumağı üstün tutur; bir başqası isə “audio-kitab”ı tərcih edir…

Əfəndim, bilməm, anlaşıldımı?

– Əlbəttə. Bəlkə, anlaşılması o qədər də asan olmayan, yaxud yeni anlayışlar tələb edən bir suala da cavab axtaraq. Baxın, kim nədən və necə istəyir yazır. Səbəbini isə çağdaş ədəbi cərəyanlarla bağlayırlar. Axı hansı ədəbi cərəyan yazıçıdan vulqar söz işlətməyi və ya çox anlamsız bir mətn ortaya qoymağı tələb edə bilər?

– Nədən necə istəyərək yazan, bunu qanmazlıqdan edən, yaxud azadlıq hadisəsi sayan adamlar başqa vaxtlarda da olmayıbmı? Sən özün yeniyetməlik illərindən ədəbi proses(lər)in içindəsən, neçə tanınmış imza ilə fikir alış-verişində olmusan, kitablar yazmısan, tədbirlər düzənləmisən. Atan tanınmış pedaqoqdur, məncə, sənə gün üzü kimi aydındır ki, o hətərən-pətərən yazanlar öz kiçik çaplılıqlarında da qalacaqlar, sabah boy verib görsənə bilməyəcəklər. Sözün qədrini, qədərini bilənlərdir sabahın yazarı – sabah da oxunacaq şair, yazıçı…

– Hal-hazırda hansı yeni layihələriniz var? – Necə deyərlər, axırıncı yox, axarıncı sualım olsun…

– Sənə də bəlli olduğu kimi, “Şeiri-sənəti, geyimi və mətbəxi ilə Can Azərbaycan” adlanan, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, həmkarın Əfsanə Ələsgərlinin başçılıq etdiyi yeni layihənin məsləhətçisiyəm. Layihə artıq başlayıb, gələn ayın I ongünlüyünədək, türk ölkə və topluluqlarından bir neçə yeni nəsil yazarı, araşdırmaçısı layihə çərçivəsində Azərbaycana səfərə gələcəkdir. Hesab edirəm, daha öncəki layihələrdə olduğu kimi, bu dəfə də, hamımız üçün məsuliyyətli bir dönəmdir. – Gərək, çağırılan qonaqlar zəngin proqram əsasında burada anlamlı günlər keçirsinlər, respublikamızdan məmnun ayrılsınlar, inşallah.

Söhbətləşdi: YEQZAR CƏFƏRLİ