Bir yolu il ərzində bir neçə dəfə qazmaqdansa…

Xeyli müddət idi Bakıda belə tıxac yaşanmırdı. Düzdür, Bakının tıxacsız günü olmur, amma biz insanların səbir kasasını daşıran tıxacdan danışırıq. 13 nömrəli marşruta minib işə gələndə sürücünün avtobusu tam tərs istiqamətə – üzü metronun “Gənclik” stansiyasına doğru sürməsi mənim də, sərnişinlərin də təəccübünə səbəb oldu. Sərnişinlərdən bəziləri bunu sürücünün tələskənliyi kimi başa düşdüyündən etirazlar gecikmədi. Sürücü də aqressiv idi. Amma onun: “Ay camaat, Həsən Əliyev küçəsi bağlanıb, başqa çıxış yolumuz yoxdur”,-deməsi sərnişinləri bir qədər sakitləşdirdi. İsti havada uzun müddət tıxacda qalan və alternativ yol axtarışına çıxan digər sürücülər də elə oradaca qalmalı olurdular. Adi günlərdə 20 dəqiqəyə gedilən yolu bu dəfə 40-50 dəqiqəyə, özü də sürücünün bəzi yerlərdə qaydaları pozması hesabına birtəhər gedə bildik.  Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə əlaqə saxlayıb, yolun hansı səbəbdən bağlanması ilə maraqlandıq. Qurumdan bildirildi ki, Həsən Əliyev küçəsi tam bağlanmayıb. Söhbət həmin küçənin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissənin bağlanmasından gedir. Bağlanmanın səbəbi isə ərazidə kommunikasiya xətlərinin qazılmış xəndəklərində kipləşdirmə işlərinin aparılmasıdır. Həmçinin kommunikasiya quyularının dəmir-beton piltələri dəyişdirilir. Bundan sonra isə frezlənmə üsulu ilə köhnə asfalt-beton örtüyü qaşınacaq və yeni asfalt-beton örtüyü salınacaq. ASC-dən bildirdilər ki, bütün bu işlər 10 gün davam edəcək. Məlumat üçün onu da bildirək ki, bir neçə gün öncə həmin küçənin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsi də təmirə bağlanmışdı. Artıq yolun həmin hissəsində təmir başa çatdığı üçün nəqliyyatın hərəkəti bərpa olunub.
Belə… İsti havada tıxacda qalanda, sürücülərin vəziyyətdən çıxmaq üçün alternativ yol axtarışına çıxdığını görəndə, səs siqnallarından səbrimiz gəriləndə təmir işləri ürəyimizcə olmur, amma başqa çıxış yolumuz da yoxdur. Amma burada bir məqamı da qeyd etməyi özümüzə borc bilirik. Söhbət ondan gedir ki, bəzən aidiyyəti qurumların bir-biri ilə əlaqəli işləməmələri bir küçənin qazılıb təmir edilməsindən bir az keçmiş yenidən qazılması ilə nəticələnir. Yaxşı olardı ki, aidiyyəti qurumlar bu məsələdə bir-biri ilə əlaqəli işləsinlər. Bir yolu il ərzində bir neçə dəfə qazmaqdansa, bir dəfə qazıb, bir neçə işi eyni vaxtda görmək daha yaxşı olmazdımı? Hətta gələcəkdə dövlət qurumları arasında bu işləri koordinasiya edəcək ayrıca bir qurumun da yaradılması pis olmazdı: Hər halda bu, bir təklifdir…Nicat İntiqam