Bir xanımın manifesti və digər məqamlar

0
637

Bu dəfə sizə Rəhimə müəllimədən, eləcə də onun ailəsindən söz açmaq istəyirəm. O Rəhimə müəllimədən ki, bir zamanlar bütün qız-gəlinlər ona oxşamaq istəyərdilər. O Rəhimə müəllimədən ki, öz səliqə-sahmanı ilə seçilərdi. O Rəhimə müəllimədən ki, nişanlı qızlar üçün cehiz hazırlamaqda  onlara yardımçı olardı. O Rəhimə müəllimədən ki, cəmi 43 il ömür sürüb.

Rəhimə xanımın tale yollarındakı bəzi izlər

Rəhimə Məmmədəli qızı Bayramova 25 noyabr 1930-cu ildə Quba şəhərində  anadan olub. O, ana tərəfdən alpanlı Hacı Əbdürrəhim kişinin nəticəsi,  Molla İslamın qardaşı Bağışın nəvəsi idi. Ata tərəfdən isə  Susay kəndindən olan məşhur Hacı Abdulxalıq kişinin  nəvəsi sayılırdı. Yeri gəlmişkən qeyd edək ki, o, iki dəfə Həcc ziyarətində olub.

Tacir, torpaq mülkiyyətçisi olan  Hacı Abdulxalıq, həm də mütərəqqi fikirli bir şəxs kimi tanınıb. Belə ki, o, ötən əsrin əvvəllərində 4 oğlundan 3-ünun  ali təhsil almasına nail olub: onun iki oğlu Avropada (bəzi məlumatlara görə Fransada), o biri oğlu, daha doğrusu Rəhimə xanımın atası isə Odessada təhsil alıb. Məhəmmədəli kişi  sonradan ali təhsilli mühasib kimi bir müddət Quba Maarif Şöbəsində baş mühasib kimi çalışıb. Özü də dövrünün hörmətli şəxslərindən sayılıb.    

Deyilənlərə görə,  Susay kəndinin keçmiş məktəb binası  da Hacı Abdulxalıqın mülkü olub. Sonradan Qubada yaşayan Hacı Abdulxalıqın həm Susaydakı, həm də Qubadakı mülkləri  sovet hakimiyyəti  tərəfindən müsadirə edilib. Hacı Abdulxalıqın həbsindən, iki oğlunun Böyük Vətən müharibəsində həlak olmasından sonra Rəhimə xanımın atası Məmmədəli kişi xəstəliyə düçar olub və 1943-cü ildə dünyasını dəyişib. Bundan sonra Rəhimə xanımgilin ailəsinin daha ağrılı-acılı günləri başlayıb.  7 uşaqlı (4 oğlan, 3 qız) ailənin bütün ağırlığı ailənin böyük övladı  Rəhimə xanımın üzərinə düşüb. Odur ki, o, 15 yaşında ikən əmək fəaliyyətinə, başqa sözlə desək,  işləməyə başlayıb. Rəhimə xanımın ilk iş yeri Quba şəhərindəki pioner (Sovet dövründə: könüllü uşaq kommunist təşkilatı) təşkilatı olub. Sonra o, Quba Müəllimlər İnstitutunda təhsil alıb. Elə təhsil aldığı illərdə də müharibə vaxtı valideynlərini itirmiş uşaqlar üçün açılmış uşaq evində tərbiyəçi müəllim kimi çalışıb. (Deyilənlərə görə, o zamanlar bu kateqoriyadan olan uşaqları müxtəlif rayonlardan da Qubaya gətirərlərmiş). Elə həmin illərdə Rəhimə xanım İspik, Qımıl, eləcə də Qusarın Gədəzeyxur kəndlərində pedaqoji fəaliyyətini davam etdirib.

 Rəhimə xanımla bağlı iki əhvalat

Əldə etdiyimiz məlumatlara görə, Rəhimə xanım Qımılda, İspikdə çalışarkən bir sıra hadisələrin şahidi olub. Məsələn,günlərin bir günü Rəhimə xanım müharibədən sonrakı illərdə çalışdığı Gədəzeyxur kəndinə piyada gələrkən otların arasında ayağı nəyə isə ilişirmiş. O, ayağına toxunanın açından ölmüş və qurd-quşa yem olmuş bir nəfərin cəsədi olduğunu biləndə dəhşətə gəlir. Bu olaydan sonra Rəhimə xanım bir müddət müalicə olunur. Qeyd edək  ki, müharibə illərində Rəhimə xanımın anası Gülzar xanım ailəni saxlamaqdan ötrü dəridən-qabıqdan çıxıb. Evin çaydanından başqa bütün əşyalarını satıb ki, balalarına ərzaq ala bilsin. Bütün bunlara baxmayaraq, Rəhimə xanımın 3 qardaşı və bacısı müharibə illərində açından ölüb.

Rəhimə xanım İspikdə çalışarkən isə…kirayənişin qaldığı evin xanımı ondan borc pul alır. Elə olur ki, həmin qadın təyinat müddətini başa çatdıran Rəhimə xanıma borcunu ödəyə bilmir. Odur ki, Rəhimə xanım həmin kənddən ayrılarkən qadın ona borcu müqabilində öz əli ilə toxuduğu xalçanı vermək istəyir. Amma Rəhimə xanımetiraz edir. Vəziyyəti belə görən qadın son anda: “Bunu sənə bir xatirə veririəm. Mən yadına düşəndə baxıb xatırlayarsan”, – dedikdən sonra Rəhimə xanım hədiyyə kimi təqdim olunan xalçanı qəbul edir. Və onu göz bəbəyi kimi qoruyur.

Qızı Hacı Nəzakət xanımın xatirələrindən: Günlərin bir günü həmin qadının yolu bizim tərəflərə düşür. O, bu olayı nəql edəndə dedim ki, həmin xalça cehiz kimi mənə verilib. O bizə gəlib öz əli ilə toxuduğu xalçanı elə özünün toxuduğu kimi görəndə çox sevindi. Üstəlik, bu sözləri də dedi: “Ancaq Rəhimə müəllimə kimi bir xanım bunu belə saxlaya bilərdi”.

Haşiyə

Olsam da qürbətdə mən,

Deyiləm heyrətdə mən.

Söz açıram anamdan

Hər düşən fürsətdə mən.

Sanma cəhdimi hədər,

Sizə deyim bir xəbər.

Anamdan deyəcəyəm,

Nəfəsim var nə qədər.

Sözüm var sənə, fələk,

Qoy deyim yenə, fələk,

Nədən axı anamı

Çox gördün mənə, fələk?

Bu nə qəmdir, kədərdir?

Dərd, qəm çəkmə hədərdir?

Hər kəsin öz anası,

Özgə gəldi-gedərdir.

Yoxa çıxmış qeydlər

Rəhimə xanım 1952-ci ildə təyinatla Alpan kəndinə göndərilib. Bu prosesdə həmin illərdə (1945-1954) Alpan kənd məktəbində direktor vəzifəsində (o, həm də tarix fənnini tədirs edərdi) çalışan dayısı Daşdəmir Hacıyevin müəyyən rolu  olub.

 Molla İslamın qardaşə Əmrəmzə kimi tanınan Əmirhəmzə (rəhmətlik Çeşminin atası) kişigildə (Əmirhəmzə Rəhimə xanımın anasının əmisi idi)məskunlaşan Rəhimə xanım hər həftənin sonu Qubada yaşayan anası, evdar qadın Gülzara da baş çəkərdi. Bir qarlı qış günü məktəbdən erkən çıxmaq məqsədi ilə məktəb direktorundan, yəni dayısı Daşdəmir Haçıyevdən izazə istəyir. Amma nizam-intizama həddindən artıq fikir verən Daşdəmir müəllim ona icazə vermir. Odur ki, Rəhimə xanım dərsdən sonra, yəni axşama yaxın məktəbi tərk etməli olur və şagirdi Vahid Qubatovla “Şimi yolu” ilə piyada Qubaya yollanır. Evə çatanda dəhşətə gəlir. Belə ki, görür ki, anası uşaqlar soyuqdan donmasın deyə evdə əlinə keçən hər şeyi, hətta qaloşları belə yandırıb. Bu açınacaqlı vəziyyət Rəhimə xanımı sarsıtsa da, özünü itirmir, elə gecə ikən bir eşşək yükü odun alıb evə gətizdirir. Bununla da o, ailə üzvlərini soyuqdan donmaqdan xilas edir.

Rəhim xanım bütün bunları bir xatirələr dəftərində toplamaq istəyibimmiş. Hətta bəzən deyərmiş: “İnşallah, təqaüdə çıxan kimi başıma gəlmiş bütün əhvlatları qələmə alacağam”.

Oğlu Malikin söylədiklərindən: “Anam elə bil həyatın vəfasızlığını duymuşdu. Yəni o, ölümündən bir neçə il əvvəl xatirələrini yazmağa başlamışdı. Təəssüf ki, anamın  qeydlərindən ibarət əlyazması, üstəlik, istifadə etdiyi Quran kitabı vəfatından sonra it-bata düşdü… Çox təəssüflənirəm ki, anam mənim tələbə olduğum günü də görə bilmədi. Belə ki, anam 1973-cü ilin fevralında rəhmətə getdi, mən isə həmin ilin yayında tələbə adını qazandım”.

Ailə həyatı

Rəhimə xanımla Qumalat kişi “Hacı parağı”nın (ora “Hacı Əbdürrəhim parağı” da deyilirdi) uşaqları hesab olunublar. Elə onların ailə qurmasında bu həyətin müəyyən rolu olub. Belə ki, Qumalat kişinin atası Oruc kişi o zamanlar həmin ailəyə himayədarlıq edən Daşdəmir Hacıyevdən öz xanım-xatınlığı ilə seçilən Rəhimə xanımı oğlu üçün istəyib. Rəhimə xanım da o dövrün adətinə uyğun olaraq, Daşdəmir müəllimin təklifinə müsbət reaksiya verib. Onlar 1953-cü ildə ailə qurublar və 1956-cı ilə qədər Qubada yaşayıblar.

Gülsənəm Rəsulovanın yaddaşından: “Rəhimə müəllimə mənim ibtidai sinif müəlliməm olub. O əgər belə demək mümkündürsə, hər bir şagirdin iç dünyasına daxil olmağı bacarardı. Mənə elə gəlirdi ki, o, hər bir şagirdi haqqında ayrıca düşünərdi. Yəni Rəhimə müəllimə hansı şagirdə necə yanaşmağı, hansı şagirdlə necə rəftar etməyi çox yaxşı bilirdi.  Rəhimə müəllimə uşaqları heç zaman qorxutmağa çalışmazdı. Sanki bir psixoloq kimi yaxşı dərk edirdi ki, məktəbə ilk dəfə qədəm qoyan şagird nə görsə, nə eşitsə, dərhal beyninə həkk edir və beləcə xasiyyətləri formalaşır.  Odur ki, Rəhimə müəllimə sinifdə elə davranardı ki, ona yalnız qibtə etmək olardı. Bir də məktəbdə həmişə onun başında şal, yaxud kəlağayı olardı. Sonradan qızı Nəzakət xanımdan öyrəndim ki, sən demə, onun başını bağlaması ədəb-ərkandan, üstəlik, əqidəsindən irəli gəlirmiş. Hətta ötən əsrin 50-ci illərində məktəbə gəlmiş bir inspektor Rəhimə xanımın bu imicinin zəmanəyə uyğun gəlmədiyini bildirərək ondan baş örtüyünü çıxartmasını tələb edib. Rəhimə xanım buna cavab olaraq sinfi tərk edib və üstəlik, inspektora bas örtüyünün dərsin mahiyyətinə heç bir aidiyyəti olmamasını söyləyib.

Maraqlı fakt

Rəhimə xanım məktəbdə öz fəallığı ilə seçilən müəllimlərdən olub. Elə bu fakt da bunu bir daha sübut edir. Belə ki, 1967-ci ildə Şıxəli Qurbanovun rəhbərliyi altında Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsini, fikrimcə,  hər kəs bilir. Həmin il Bakı ilə yanaşı, rayonlarda da bu bayram qeyd edilib. Qubada təşkil olunmuş həmin mərasimdə (20 mart) Alpan kənd məktəbini  Rəhimə xanımın rəhbərlik etdiyi qrup təmsil edib. Deyilənlərə görə, Rəhimə xanım həmin gün özünü dünyanın ən xoşbəxt insanlarından bir sanıbmış. Özü də hər Bahar bayramında o günü sevinclə xatırlayarmış.

Bir dostuluğun tarixçəsi

Nəzakət xanımın yaddaşından: Anamın xarakteri zadəgan xarakteri idi. Onun səliqəsi mənim üçün bir dünya idi. Hətta o, ərlik yaşına çatan qızları evə dəvət edər. Onlara cehizlərinin hazırlamasında yardımçı olardı. Anamın parça üzərində rəngli iplərdən yaxşı naxış vurmaq qabiliyyəti vardı. Onu da deyim  ki, o illərdə  mağazalarda belə şeylər olmurdu.

Anamın  “Kəsmə şikəstə”si, həm də “Arşın mal alan”dakı Tellisi ilə hamının ürəyində yuva salmış Fatma Mehrəliyeva ilə də xoş münasibətləri olib. Belə ki, Fatma xanım bir zamanlar onu himayə etmiş İspikdə yaşayan xalasıgilə tez-tez gələrmiş. Həmin gəlişlərin birində bu  kənddə işləyən anamla tanış olub. Və getdikcə onların dostluğu bacılıq səviyyəsinə gəlib çıxıb.  Hətta mən Bakıda təhsil alanda Fatma xanım məni aradı. Kirayə qaldlığım evdən çıxarıb öz evinə aparmaq istədi. Üstəlik, dedi ki, razı olmaram ki, bacımın qızı kimlərinsə evində kirayədə qalsın. Onu da deyim ki, o zaman Fatma xanım İçərişəhərdə yaşayırdı”.

Haşiyə

Gəl duy məni ünümdən

Söz açım bu günümdən.

Ana, sənin camalın

Çəkilmir göz önümdən.

Bulaq tək cağlayaram,

Sinəmi dağlayaram.

“Rəhimə” kəlməsini

Eşidəndə ağlaram.

Ayaq saxla, a qardaş

Gəl sən mənə ol sirdaş,

Həyat məni elə bil

Quru yuyub sərdi yaş.

Zənn etmə ki, Nəzakət

Qoparıbdır qiyamət.

Ay ana, sənsizlikdən

Eylədim mən şikayət.

Oğlu Malikin yaddaşından: Atam iş adamı idi, evə gec gələrdi. Bizimlə bir qayda olaraq, anam məşğul olardı. Onun da öz tərbiyə metodları vardı. Məsələn, anam bizə deyərdi ki, evə gələn qonağı mehriban qarşıladığınız kimi elə mehribancasına da yola salmaq lazımdır. Hətta biz hörmət əlaməti olaraq qonaq evimizi tərk edərkən onu gözdən itənə qədər müşayiət edərdik. Yaxud anam çörəyi, bu müqəddəs neməti süfrəyə gətirəndə hamımız ayağa durardıq…. Nə gizlədim, onun  ölümündən sonra evimizin mizanı pozuldu. 5 övladı (4 oğul, bir qız) olan anam 1973-cü il fevralın 9-da rəhmətə getdi. Təəssüf ki, mən və bacım Nəzakət xanım Bakıda olduğumuzdan  anamızın son nəfəsinə özümüzü çatdıra bilmədik.

Yaddaşlardan sətirlər

Neman Qədirbəylinin yaddaşından: “Rəhimə xanım atamın dayısı qızı idi. Ona “bacı” deyə müraciət edərdik. O, mənim yaddaşımda kübar, səliqəli, yaxşı əl qabiliyyəti olan bir xanım kimi  həkk olunub”.

Maarif Əmkişiyevin xatirələrindən: “Rəhimə müəllimə xeyirxah bir  insan idi. O, imkansızlara əl tutmağı çox sevərdi. Məsələn, Rəhimə müəllimə məktəbdə xadimə kimi çalışan bibim Süsəni müxtəlif bəhanələrlə evinə dəvət edər və  bu dul qadını həmişə pay-püşlə yola salardı. Eşitdiyimə görə, o, digər imkansız qadınlara da bu üsulla əl tutardı. Hə, bir də… Rəhimə müəllimə, həm də  insanların halına acıyan bir qadın idi. Elə həyat yoldaşı Qumalat kişinin bibisini öz evində saxlaması və ona öz doğma anası kimi baxması buna misaldır. Səhv etmirəmsə, Sayaxanım müəllimə onun ən yaxın rəfiqələrindən biri idi. Rəhimə xanımla bağlı epizod da danışmaq istəyirəm. Deməli, belə… Səkkizinci  sinifdə oxuyurdum. Qardaşımın qatilinın tapılması tələbi ilə o illərdə ölkəmizə rəhbərlik edən, daha doğrusu, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli  Axundovun ünvanına tez-tez şikayət məktubları yazırdım. Kimlərdənsə bunu öyrənən Rəhimə xanım bir gün məktəbin həyətində məni yanına çağırdı. İlk sualı bu oldu: “Bilirsən mən sənin kiminəm?” Dəqiq cavab verə bilmədim. Sadəcə: “Varisimsən”, – dedim.  Sonra dedi ki,  çalış, məktubları atanın adından yaz… Çünki uşaq olduğuna görə məktublarına ciddi yanaşmırlar. Rəhimə müəllimə bu işdə məndən öz köməyini əsirgəməyəcəyini də söylədi”.

“Tərəqqi” medallı, Əməkdar həkim Cabir Məmmədovun həyat yoldaşı Sədaqət xanımın yaddaşından: “Anam Qızyetər xanım Rəhimə xanımın rəfiqəsi olub. Anam deyərdi ki, o, çox mədəni, ailəsi üçün fədakarlıq göstərən, təşəbbüskar, həm də səmimi bir qadın idi. Hərəkətlərində və simasında bir xanımlıq, nəcib bir əxlaqın və mənəviyyatın gözəlliyi vardı. Hətta anam Rəhimə xanımla Qayakənddə istirahətdə də olub. Onların o günləri fotolarda da əks olunub. Rəhimə xanımın vəfatından sonra anam elə bil, əgər belə demək mümkündürsə, qanadı qırılmış bir göyərçinə  dönmüşdü.

Rəhimə xanımın həyat yoldaşı ilə bağlı bəzi kadrlar

Hər bir qadın istəyər ki, həyat yoldaşının sevimli qadınına çevrilsin, aralarında mehriban və isti münasibət olsun. Bu mənada Rəhimə xanımın bəxti gətirmişdi. İndi də onun həyat yoldaşı Qumalat kişi ilə bağlı bəzi mətləbləri diqqətinizə çatdırmaq istəyirəm. Poladov Qumalat Oruc oğlu 1925-ci il oktyabrın 25-də Alpanda anada olub.

Haşiyə

Qeyd edək ki, Qumalatın atası Oruc kişinin atasının adı Bəybala olub. Bəybala bəy olmasa da, onun kəndimizin ərazisində 93 hektar bağ sahəsi olub. Hətta həmin ərazinin ona məxsusluğunu özündə əks etdirən sənəd indiyədək qorunub saxlanılır. Bundan başqa, o, Molla İslamla birgə “Aşağı Talalar”da 4,5 hektary yer alaraq bağ  salıb.

Qumalat kişiAlpan kəndi məktəbində səkkizinci sinfi başa vurandan sonra Quba Sovxoz-texnikumunda (müharibə illərindən sonra Gəncə Kənd Təsərrüfaatı İnstitutunda oxuyub) təhsil alaraq, zootexnik peşəsinə yiyələnib. 1941-də bu məktəbi bitirəndən sonra Alpan və Qəçrəşdə  öz ixtisası üzrə fəaliyyət  göstərib. 1943-cü ilin fevral ayında könüllü olaraq cəbhəyə yollanıb və Belorusiya cəbhəsində döyüşüb. O, döyüşlərin birində yaralanandan sonra bir müddət müalicə olunub və yenidən ön cəbhəyə yollanıb. Amma… Belə ki, o, növbəti döyüşlərin birində yaralanmış döyüşçü yoldaşı, digahlı Şıxəli müəllimi döyüş bölgəsindən çıxarıb. Digər yaralılara kömək edərkən isə yanında partlayan mərmi onu ağır yaralayıb. Huşsuz vəziyyətdə olan Qumalat kişini döyüş meydanından Fileydan İsayev (digər bir versiyaya görə, həmkəndlimiz Ömərov Nəcməddin kişinin Yenikənddən olan həyat yoldaşının qardaşı) çıxarıb. Hospitalda müalicədən sonra, o, 1944-cü ildə ordu siralarından tərxis olunub və Alpanda zootexnik,  Qusar rayonun Həzrə dərəsində baş zootexnik kimi çalışıb. Daha sonra isə Qonaqkənd rayonunun baş zootexniki olub. Qonaqkənd rayonu Quba rayonu ilə birləşdiriləndə o, rayonun baş zootexniki təyin olunub. Daha sonra isə Quba rayon Mal-qara tədarükü İdarəsinn direktoru vəzifəsində işləyib. Quba, Xaçmaz, Qusarın mal-qara tədarükü  idarələri birləşdirilməsi ilə əlaqədar Regional Malq-qara Tədarükü İdarsinin baş direktoru kimi çalışıb. O, bir müddət İnkubator Quşçuluq Stansiyasıa və Ət İstehsalat İdarəsinə rəhbərlik edib. Əmək fəaliyyinə isə Quba Damazlıq Birliyinin  zootexniki kimi başa vurub.

Oğlu Malikin xatirələrindən: Atam öz peşəsinin vurğunu olub. O, öz sahəsi üzrə olan bütün kitabları, eləcə də aylıq jurnalları mütəmadi izləyərdi. Üstəlik, Nizaminin, Füzulininin, Hüseyn Cavidin, Sabirin, Bəxtiyar Vahabzadənin pərəstişkarı idi. Hər dəfə Bakıya gələndə də bizi özü ilə Milli Dram Teatrına, “Muzkomediya”ya aparardı. Deyərdi ki, hər tamaşa da kitab qədər önəmlidir.  Hər tamaşadan sonra nümayiş olunan əsərlərin məğzi barədə bizə ətraflı məlumat verərdi.

Nəslimizin ağsaqqalı sayılan atam, həm də mənim məsləhətçim idi. Məsələn, 24 yaşım olanda məni poliklinikaya müdir vəzifəsinə göndərirdilər. Amma mən tərəddüd edirdim. Bunu hiss edən atam dedi ki, şəxsiyyətinə hörmət edən, işinin məsuliyyətini dərk edən hər bir savadlı kadr müdir işləyə bilər. İdarəetməni öyrən, bir də qanundan qorx. Onun bu sözlərindən sonra mən həmin işə razılıq verdim”.

Nəzakət xanımın xatirələrindən: Atam Bədrəddın Talıbov, Agagül Camalov, bir də Callat Bayramovla möhkəm dost olub. Hətta Bədrəddin dayının anası mənə bir gün demişdi ki, onlar 4 qardaşdır, sadəcə, yatan yerləri ayrıdır. Onu da deyim ki, onlar orta məktəbdə bir yerdə oxuyublar. Bədrəddin kişi, Ağagül kişi və atamın tələbəlik illəri də  bir  institututda keçib.

Zabit Babayevin xatirələrindən: Qumalat kişi mənim yaddaşımda çox dəyərli məsləhətləri ilə qalıb. Belə ki, kəndin problemləri ilə  əlaqədar o, dəfələrlə mənim iş yerimə gələrdi. (O illərdə mən Quba ərazi partiya komitəsinin katibi vəzifəsində çalışırdım). Hətta Tofiq Qubatov tərəfindən başlamış kənd məscidinin təmiri onun vəzifədən uzaqlaşdırılması ilə əlaqədar yarımçıq qalanda Qumalat kişi bu işin davam edirilməsi məsələsini  gündəmə gətirdi. O, həm də problemli məsələlərin həllinə özü şəxsən yardımçı olmağı sevərdi. Məsələn, içməli su çəkilişi üçün nazirlikdən vəsait ayrılmasını razılaşdırmaq üçün nazir müavini ilə danışıqlara Qumalat kişini göndərmişdik. O, bu problemin öhdəsindən gələ bilmişdi. Yeri gəlmişkən, rəhmətlik mənim xətrimi çox istəyərdi. Hərdən də deyərdi: “Yaşın az olsa da davranışın ibrətamizdir”.

Oğlu Malikin yaddaşından:  Kəndimizə yol çəkilişində də atamın əməyi olub. Belə ki, kəndimizə ilk yolun çəkilməsində  Ağagül Camalovla, ya da Xıdır Balayevlə birgə atam da yaxından iştirak edib.  Vahid Qubatov isə  sonradan həmin yola  ikinci dəfə asfalt vurdurub, özü də  Bədrəddin Talıbovla birgə.  Onda Vahid müəllim ikinci katib, Bədrəddin müəllim isə  “Aqroprom”un sədri idi. Onları  ikisi də büro üzvü idilər.

Tarixi bir ştrix

Qumalat kişi Qusarda çalışarkən bu rayonun dağ kəndləri ilə Dağıstanın Qurut kəndi arasında örüş yerləri ilə bağlı mübahisə yaranıb. Bununla bağlı Nazirlər Sovetinn sədri Teymur Quliyevin sədrliyi ilə Dövlət komissiyası yaradılıb. Bu komissiyanın tərkibinə Qumalat kişi də daxil edilib. Deyilənlərə görə, mübahisə Azərbaycanın xeyrinə həll olunub:  4 min hektar örüş yeri Azərbaycanın ərazisi hesab edilib.

Rəhimə xanım, Qumalat kişi və Nəzakət xanım
Qayakənddə istirahətdə
Qayakənddə istirahətdə
Rəhimə xanımın əl işi

Qvami Məhəbbətoğlu (Rəsulov)