Bir rolik haqqında

527
…Müəllim sinfə daxil olur və uşaqları salamladıqdan sonra belə bir sualla müraciət edir:
– Kim deyə bilər, bu dünyada bizi əhatə eləyən ətraf mühitdə nələr dəyişir?Bəli, sinif uşaqları bu suala ətraflı cavab verirlər. Cavablardan ruhlanan müəllim yeni bir sualla sinfi sınağa çəkir:

– Bəs indi kim deyə bilər, dəyişməyən nədir? Bilənlər əlini qaldırsın…

Ömər adlı bir uşaq deyir:

– Ağzımızın dadı.

Başqa bir uşaq isə adını çəkmək istəmədiyim şirkətin adını dilə gətirərək başlayır onun istehsal etdiyi məhsulu – kolbasanı tərifləməyə… Üstəlik, çantasından həmin məhsulu çıxarıb yoldaşları ilə birgə həzm-rabedən keçirir…

Az sonra həmin şagird müəllimə yaxınlaşaraq soruşur:

– Müəllim sizə çatmadı?

– Yox.

Şagird: “Buyurun”, – deyib müəllimə də kolbasa-çörək təklif edir.

Müəllim şagirdə: “Çıx bayıra, get… get buradan,- deyib onu sinifdən qovur. Və başlayır acgözlüklə, başqa sözlə desək, günlərin açı imiş kimi yeməyə…

Bəli, bu, kolbasanın təbliği ilə bağlı bir reklam rolikindəki görüntülərdəndir. Onu sizə çatdırmağa çalışdım.

Yəqin, deyəcəksiniz, hə, nə var bu reklam rolikində, indi də onu hədəfə almısan? Bəri başdan deyim ki, mənim reklam olunan məhsula heç bir iradım yoxdur. Heç onun içindəkiləri analiz etmək, yaxud da içindən nələrsə çıxdığını söyləmək fikrində deyiləm. Çünki bu kimi şeylərdən söz açıb yazımı ağırlaşdırmaq istəmirəm.

Bəli, ilk baxışda bu reklamda elə bir ciddi qüsur yoxdur… Lakin həmin məhsulları bir müəllim vasitəsilə, daha doğrusu, müəllimi acgöz kimi göstərməklə təbliğ etmək, vallah, təəssüfləndiricidir. Axı niyə biz müəllimi bu şəkildə aşağılayırıq? Bilmirəm, bu reklam rolikini izləyənlər bunun fərqinə varıblar, yoxsa yox?

Mənim fikrimcə, müəllimlər bizim mənəvi dayaqlarımızdır. Elə isə biz bu yolla bilərəkdən, ya bilməyərəkdən mənəvi dayaqlarımızı baltalamırıqmı? (Çox qəribədir ki, son illər müəllimlərimizi baltalayanlar sırasında daha yüksək əyarlı ziyalılarımız da var. Mən burada millət vəkili cənab Hadı Rəcəblinin məşhur kəlamını – əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır – xatırladıb bir daha qanqaraçılıq salmaq istəmirəm). Özü də bu dəfə nəyin xatirinə? Kolbasının xatirinə… Təbii ki, bu roliki ərsəyə gətirənlər bu işlərinin müqabilində həmin şirkətdən öz zəhmət haqlarını alıblar. Onların müəllimi aşağılamaq müqabilində nə qədər aldıqlarını deyə bilmərəm. Lakin, kim nə deyir-desin, bu rolik reklam olunan məhsuldan daha çox müəllimin anti-reklamı kimi yaddaşlara həkk olunub. Görəsən, həmin şirkətin bundan xəbəri varmı? Varsa, əgər hələ də o roliki ekranlardan yığışdırmayıbsa, çox pis. Bu elə növbəti dəfə müəllimi aşağılamaqdan başqa bir şey deyil. Yoxdursa, onu demək istəyirəm ki, cənablar, vallah, sizi aldadıblar. Orada kolbasadan çox müəllimin acgözlüyü “reklam” olunur.

O rolikin ssenaristinə isə tək bircə kəlmə sözüm var: cənab, bizdə dəyişməyən təkcə ağzımızın dadı deyil, dəyişməyən həm də məni, səni bu səviyyəyə gətirən müəllimə olan münasibətdir. Nə yazıq ki, biz hələ də onlara layiq olduqları qiyməti verə bilmirik. Min bir əziyyətə qatlaşan müəllimi şəkildə nümayişi etdirməklə nə demək istəyirsiniz axı? Barı, heç olmasa belə “komediyalarla” onları gülüş hədəfinə çevirməyin, gülüş hədəfi etməyin. Bu yerdə adını unutduğum bir dövlət xadimi ilə bağlı eşitdiyim bir ibrətamiz hekayət yadıma düşdü. Həmin dövlət xadiminə deyirlər ki, bəs millət vəkillərinin maaşlarını qaldırmaq istəyirik. O nə cavab versə yaxşıdır? Elə edin ki, onların maaşları müəlliminkindən çox olmasın… Nə yazıq ki, bizdə müəllimə münasibət dəyişmir ki dəyişmir…