Bir qurum asfaltladı, digəri 1 həftə sonra dağıtdı

455
Bakıda təxminən 1 həftə əvvəl asfaltlanmış yol yenidən qazılaraq bərbad hala salınıb. 
Söhbət Nəqliyyat Nazirliyinin yaxınlığından, yəni Tbilisi prospektindən Əbdülvahab Salamzadə küçəsinə doğru gedən yoldan gedir. Məlumat üçün bildirək ki, sözügedən yolun asfalt hissəsi deformasiyaya uğradığından təmirə ehtiyacı var idi. Bir neçə gün öncə yol müasir standartlara uyğun şəkildə təmir edilərək istifadəyə verilib. Bundan başqa, yolun sağ kənar hissəsində təmizlik işləri aparılmış, bordyurlar yeniləri ilə əvəzlənmişdi. İnsafən, yolda hərəkət rahatlaşdığı üçün son bir neçə gündə tıxac müşahidə olunmurdu.Amma artıq iki gündür bu ərazidə yaşayanlar və ya yolu tez-tez buradan keçənlər, sözün həqiqi mənasında, mat-məəttəl qalıblar. Belə ki, bir həftə öncə asfaltlanıb istifadəyə verilən yolun sağ tərəfi traktorlar vasitəsilə təxminən 1 metr enində, 1 metr dərinliyində qazılıb. Əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub. Məlumdur ki, yol qazıldığından ərazidə avtomobillərin sıxlığı müşahidə olunur, günün bəzi saatlarında isə tıxac yaranır. İndi bu vəziyyəti görənləri bir sual düşündürür: axı necə oldu ki, bir həftə əvvəl asfaltlanıb sürücülərin istifadəsinə verilən yol qazılaraq bu hala salındı. Olmazdımı ki, bu qazıntı işləri vaxtında, yəni yol asfaltlanmamışdan əvvəl aparılaydı? Yaxud əksinə, əgər qazılacağı məlum idisə, onda niyə asfaltlanırdı.

Bir dövlət qurumunun asfaltladığı yolu bir həftə sonra başqa bir dövlət qurumunun qazması, ilk növbədə, israfdır. Heyif ora sərf olunan vəsaitdən. Amma başqa bir məsələ də var – söhbət ondan gedir ki, yol təmir olunan müddətdə o ərazidə tıxac yaşanırdı, siqnal səsindən qulaq tutulurdu. Sürücülərin əzab-əziyyəti, əsəbi, narazılığı da kı öz yerində. Bu boyda haqq-hesabdan sonra yolu qazıb dağıtmaq nə dərəcədə məntiqlidir?

Bu və digər suallara cavab almaq üçün ərazidə çalışan işçilərə yaxınlaşıb sorğu-sual etdik. Qeyd edək ki, eyni yolda eyni şirkətdən iki işçi heyəti çalışır. Onlardan biri yolun əvvəlini, digəri isə sonuna doğru olan hissəni qazıb boruları yeniləyirlər. Yolun əvvəlində, yəni elə Nəqliyyat Nazirliyinin bir neçə yüz metrliyində çalışan işçilərə yaxınlaşdıq. Fəhlələrin işə rəhbərlik edən kimi bizə təqdim etdikləri şəxs suallarımızı cavablandırmaqda tərəddüd etdi. Bir qədər həyəcanlı görünən həmin şəxs: “Bizə deyiblər qazın, qazırıq”,-dedi. O, sifarişçinin “Azərsu” Açıq Səhmdar Cəmiyyəti olduğunu söyləsə də, işi hansı şirkətin gördüyünü açıqlamadı. Əvəzində bir neçə yüz metr irəlidə (Bakı Asiya Universitetinin qarşısında-N.İ) çalışan işçilərə yaxınlaşmağımızı məsləhət gördü: “Rəhbərlik oradadır, suallarınızı onlara ünvanlayın”.

İş gedən həmin ünvana yaxınlaşıb, “Zaman-Azərbaycan” qəzetinin əməkdaşı olduğumuzu bildirdik, qazıntı işləri ilə bağlı suallarımıza cavab almaq istədiyimizi dedik. İşə nəzarət edən şəxs əvvəl razılaşmadı. Dedi ki, bizim məlumat vermək səlahiyyətimiz yoxdur. Amma çox çək-çevirdən sonra bəzi suallarımıza cavab ala bildik. Həmin şəxsin dediyinə görə, qazıntı işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə “Hidro İnşaat Servis” MMC tərəfindən aparılır. Müsahibimiz ərazidə su borularının yeniləri ilə əvəz olunduğunu söylədi: “Buradakı su xətləri köhnə və bərbad vəziyyətdə idi, ona görə də tez-tez partlayırdı. Köhnə dəmir borular yeni plastik borularla əvəzlənir”.

İşlərin 2-3 gün ərzində yekunlaşacağını vurğulayan müsahibimizin sözlərinə görə, plastik boruların diametri 280 millimetrdir: “Ümumilikdə 780 metr uzunluğunda ərazi qazılıb və su boruları yenilənir. Bu xəttin köhnə olması Nəsimi rayonu ərazisinə su verilişində problemlər yaradırdı, yəqin ki, bundan sonra bir daha problem olmaz”.

Bu məqamda müsahibimizdən soruşduq ki, bəs bu yol ötən həftə asfaltlanmışdı, necə oldu ki, qazmaq qərarına gəldiniz? Onun cavabı belə oldu: “Ötən il yolun o biri tərəfində köhnə su boruları yeniləri ilə əvəz olunmuşdu. Belə ki, həmin vaxt 1195 metr uzunluğunda su xətti yenilənmişdi. Biz istədik ki, yolun indi işlədiyimiz hissəsində də boruları elə o vaxt dəyişək. İşə başladıq. Təxminən 40 metr uzunluğunda yeri qazıb boruları dəyişmək istədik. Amma Nəqliyyat Nazirliyi icazə vermədi, məcbur qalıb işi yarımçıq qoyduq. Yəqin ki, indi bu görülən işlərdən də digər aidiyyəti qurumların da xəbəri var. Sualınıza konkret cavab verə bilməyəcəyəm”.

 

“Azəryolservis” ASC-dən “Zaman-Azərbaycan”a cavab

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin münasibətini də öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev dedi:

– “Azəryolservis” ASC olaraq, biz istənilən bir layihəni yerinə yetirəndə – təmir işi görəndə, yol çəkəndə və s. bütün kommunikasiya qurğularının istismarı ilə məşğul olan qurumlara yazılı formada müraciət edirik. Bildiririk ki, biz filan yolda iş aparırıq, sizin oradakı kommunikasiyalarınızda problem varsa, yaxud köçürməyə ehtiyac varsa, gəlin bu işləri yerinə yetirin. Bir çox qurumların özlərinin layihə institutları var. Həmin institutlar tərəfindən layihələr hazırlanır, özlərinin seçdikləri podratçı şirkət də orada işləyir, gəlir xəttini çəkir, dəyişdirir və s. Gələcəkdə o xətdə nə isə problem olarsa, yol təsərrüfatı orqanı olaraq, Nəqliyyat Nazirliyinin “Azeryolservis” ASC heç bir məsuliyyət daşımır. Bir məsələ də var ki, məsələn, yeni çəkilmiş yoldakı təzə kommunikasiyada da nə isə baş verə bilər. Bu, mümkündür. Hər hansı bir yolda – fərqi yoxdur sovet dövründə çəkilmiş olsun, indi çəkilən yeni yol olsun – əgər kommunikasiyada bir problem varsa, fərqi yoxdur “Azərsu” olsun, “Bakıelektrikşəbəkə” olsun, “Azəriqaz” olsun – Nəqliyyat Nazirliyinə müraciət edir və icrası vacib olan “Texniki şərt” alır. Azərbaycanın avtomobil yolları dövlət mülkiyyətindədir. İcrası vacib olan “Texniki şərt”i almamış heç bir qurum qətiyyən o yolu qaza bilməz. “Texniki şərt”i aldıqdan sonra orada başlayır işini görməyə. Həmin şərtdə bir çox məqamlar öz əksini tapır. Məsələn, yolu qazarkən oradan çıxarılan torpağı təkrar qaytarıb ora tökmək olmaz. Yolu necə kəsmək lazımdır, ora hansı materiallar verilməlidir, neçə santimetr asfalt beton örtüyü vurulmalıdır, bunların hamısı “Texniki şərt”də öz əksini tapır. Bildiyiniz kimi, Avtomobil Yolları haqqında qanuna keçən il dəyişiklik olunub. Orada öz əksini tapıb ki, bu işləri yerinə yetirən qurum həmin avtomobil yolunu əvvəlki vəziyyətinə qaytarmağa borcludur. Fərqi yoxdur söhbət hansı kommunikasiya xəttindən gedir. Asfalt-beton örtüyünü qazan qurum yolu yenidən əvvəlki vəziyyətinə qaytarmağa borcludur. İndi əgər siz dediyiniz yolu “Azərsu” qazıbsa, həmin qurum yolu əvvəlki vəziyyətinə qaytarmağa borcludur.

– Pünhan müəllim, dediklərinizdən belə çıxır ki, “Azərsu” da həmin yolu qazmaq üçün “Texniki şərt” alıb?

– Mən bilmirəm, araşdırmaq lazımdır ki, onlar “Texniki şərt” alıblarmı? Yəqin ki, alıblar.

– Həmin yola yaxın ərazidə yaşayanlar təəccüb edirlər ki, əgər bu yol qazılacaqdısa niyə təmir edilirdi, təmir edilibsə, niyə qazılıb?

– Biz oraları niyə düzəldirik? Ziya Bünyadov prospekti boyunca əraziləri, o cümlədən siz dediyiniz yolu əsaslı şəkildə yenidən qururuq, artıq qurtarmaq üzrədir. Ziya Bünyadov prospektinin qurulmasında məqsəd odur ki, həm 20 Yanvar dairəsindən, həm də keçmiş “Qələbə” kinoteatrı dairəsindən Böyük Şor istiqamətinə nəqliyyatın fasiləsiz, təhlükəsiz hərəkətini təmin edək. Həm köməkçi yollar, həm əsas yollar yenidən qurulur. İndi hansı qurum yolu qazıbsa, bərbad vəziyyətə salıbsa, təbii ki, məsuliyyəti o daşıyır. Yol təsərrüfatı orqanının burada məsuliyyəti nədir?

– Orada iş görən şirkətin əməkdaşları bildirdilər ki, sifarişçi “Azərsu”dur, işi isə “Hidro İnşaat Servis” MMC görür.

– Bizdən icazəsiz qazanda biz işi dayandırırıq, qoymuruq. Bizim Yolları Mühafizə Xidmətimiz var, yolu “Texniki şərt” olmadan qazanda işi saxlayırlar, qoymurlar. Hansısa ərazidə qəza olanda, ekstremal şəraitlərdə dərhal biz köməklik edirik, tez bir zamanda “Texniki şərt”i veririk ki, yaranmış problem aradan qaldırılsın.

– Müəllim, mən son olaraq sözügedən faktla bağlı sualımı bir daha təkrar etmək istəyirəm… (sualımızı kəsir-N.İ)

– Xahiş edirəm, iki qurum arasında konflikt yaranmasın, amma mən sizə izah elədim, qayda-qanunu dedim. Əgər biz yeni bir yol tikmişiksə, lap təmir etmişiksə, orada kommunikasiya xəttində nə isə problem olursa, onda məsuliyyəti biz daşımırıq. Bəli, layihəni də özləri hazırlayırlar, podratçını da özləri seçirlər, yəni birbaşa cavabdehliyi özləri daşıyırlar. Yolda, kommunikasiya xəttində nə isə problem varsa, bizim heç bir cavabdehliyimiz yoxdur orada. Mən sizə Avtomobil Yolları Haqqında Qanunu göstərdim ki, yolu əvvəlki vəziyyətə qaytarmağa borcludur. Fərq etməz hansı kommunikasiya xəttidir, belə də yazarsınız. Hansı kommunikasiya xətti olur olsun, yolu qazan qurum yolu əvvəlki vəziyyətinə qaytarmağa borcludur.

– Bir yol təmir olunur, tıxac yaranır, insanların əsəbləri gərilir və s. Yol hazır olur, lap yaxşı. Bir həftə sonra başqa bir qurum gəlib o yolu qazır və eyni gərginlik yaşanır.

– Mən məsələni sizə konstruktiv olaraq tam izah elədim. Qayda-qanun nədir onu dedim. Mən qayda-qanun çərçivəsindən kənara çıxmağı xoşlamıram. Məsuliyyət o qurumun üzərindədir. Hansı qurum qazıbsa, yolu birmənalı şəkildə əvvəlki vəziyyətinə qaytarmalıdır. Özü də əsas gətirə bilməz ki, biz asfaltı filan quruma vurdurmuşuq. Fərq etməz asfaltı kimə vurdurub, o yolu qazıbsa, əvvəlki vəziyyətinə qaytarmalıdır.