“Bir qurban da mən kəsəcəyəm…”

0
465

(Reynaldo Azarkeş təxəllüslü yazarımıza cavab məktubu “yazıb”. Onu sizə təqdim edirik).

– Çox hörmətli Azarkeş müəllim, salam. Sənin mənə ünvanladığın məktubun aldım. Hətta bir neçə dəfə diqqətlə oxutdum. Niyə oxutdurdum? Əzizim, axı sən mənim dilimi bilmədiyin kimi mən də sənin dilini bilmirəm. Məncə, bu, o qədər önəmli deyil. Əsas məsələ odur ki, səni futbol dilində anlamağa çalışmışam. Yenə deyirəm: çox sağ olun ki, ölkəndə top qovan bu qədər legionerdən məni seçmisən və məktub yazmısan. Bu, fikrimcə, mənə olan hörmətindən irəli gəlir. Onu da deyim ki, bu, bir azərbaycanlıdan aldığım ilk məktubdur. Heç bilirsən, necə sevinirəm?! İnandırım səni, necə gündür ki, bir oyunda rəqib qapısından 3 top keçirən futbolçu kimi atılıb-düşürəm. Zarafat deyil e… o boyda yazar, yəni sən Azarkeş hansısa bir futbolçuya məktub yollamısan. Belə bir məktubu cavabsız qoymaq istəmədim. Odur ki, cavab yazmaq qərarına gəldim. Unutmayın ki, biz braziliyalılar çox söhbətcil xalqıq.

Əvvəla, məktubun girişində yazdığın xoş sözlərə görə sənə bir daha təşəkkürümü bildirirəm. İkincisi, bir çox məsələlərdə sanki ürəyimi oxumusan və ən çox narahat olduğum mətləbləri vurğulamısan. Bəri başdan deyim ki, məktubunda mənə elə paslar vermisən ki, onlardan yararlamasam, bütün legionerlər məni topa tutarlar. İnandırım səni, hər bir pasın yüz faizlik qol mənzilindədir. Bəli, səninlə razıyam ki, mən bir qədər azərbaycanlılaşmışam. Fikrimcə, bu məsələdə qeyri-adi bir şey yoxdur. Axı bu məmləkətdə belə bir atalar sözü var: “Atı atın yanına bağlasan, rəngin götürməsə də xasiyyətini götürər”. Bu mənada, mənim dəyişməyimdə yeni bir nəsnə axtarmaq doğru deyil. Heç buna görə məndən inciməyə də dəyməz. Bu yerdə bir haşiyəyə çıxmasam, vallah, ürəyim partlayar. Amma mənim azərbaycanlılaşdığımı nədənsə səndən başqa görən yoxdur. Odur e… bütün azarkeşlər məni yalnız “Qarabağ”da deyil, həm də futbol üzrə milli komandada görmək istəyir. Lakin rəsmilər nədənsə bunu mümkünsüz hesab edirlər. Arqument də gətirirlər ki, mənim Azərbaycanla heç bir bağlılığım yoxdur. Adama deyən gərək, məgər o birilərinin var? Onlar peşəkar deyil, həvəskar futbolla məşğuldurlar axı… Onların adlarını çəkib, bu məmləkətin təbirincə desək, özümə düşmən qazanmaq fikrində deyiləm. Məni yandıran bilirsən nədir? O gün bir rəsmi deyir ki, Reynaldo dos Santos Silva adında da azərbaycanlı olar? İnandırım səni, bu söz mənim elə xətrimə dəyib ki… Növbəti oyunlarda bu, mənim oyunuma təsir etməsə yaxşıdır.

Digər tərəfdən, balam, siz bir sənədləri düzün, qoşun FİFA-ya göndərin, görüm onlar nə deyirlər də… Amma bunlar nədənsə belə bir addım atmaq istəmirlər, qarınlarının ağrısının nə olduğunu anlamaqda çətinlik çəkirəm. Sadəcə, mənə qırmızı kart göstərməklə kifayətlənirlər. Mən bilən, bu məmləkətin bacarmadığı bir iş yoxdur.

Hə, əzizim Azarkeş müəllim? Amma yaxşı olardı ki, belə məktublardan yerli oyunçulara da ünvanlayasan. Yoxsa onlara söz deməkdən çəkinirsən? Eşitdiyimə görə, onların elə villaları, elə bahalı maşınları (Sağlıqlarına qismət olsun), üstəlik, elə  cangüdənləri var ki… Görünür, meydanda onların gözlərinə top yerinə villa, yaxud maşın, oyunçular yerinə isə cangüdənləri canlanır. Fikir vermişəm, meydana çıxanda fikirləri alayı yerdə olur e… Adama deyərlər, ay filan-filan olmuş, hökumət sizə bu qədər pul verir, sizin üçün bu qədər şərait yaradır, qayğınıza qalır, oynayın da… Amma, bu məmləkətin tanınmış aktyoru Səyavuş demişkən, oynamaqlarına bax… Axı nə vaxta qədər bu məmləkəti pərişan edəcəksiniz? Balam, hər uğursuzluğun bir həddi olar da…

Hə, lap unutmuşdum, qarşıdan Qurban gəlir, bizim Qurban müəllimi demirəm ha, Qurban bayramını deyirəm, bu münasibətlə bütün müsəlmanları təbrik edirəm. Mən biləni, bu bayramda qurban kəsmək ibadətdir. Söz verirəm ki, Allahın köməyi ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansaq, bir qurban da mən kəsəcəyəm. Üstəlik, bir ağız “Qarabağ” şikəstəsi oxuyacağam.

Bir daha hər şeyə görə sağ ol, ay Azarkeş! Amma çox istərdim ki, səninlə heç olmasa bir fincan qəhvə içim. Unutma ki, biz braziliyalılar sutkanın istənilən vaxtı qəhvə içməyi sevirik.

Hörmətlə: tezliklə görüşmək ümidi ilə oyununu bəyəndiyiniz, buna rəğmən, hərdən topa tutduğun Reynaldo dos Santos Silva…

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here