Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib

33

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonundakı, Bakının Ramana və Xocasən qəsəbələrindəki yeni yaşayış komplekslərindən daha 50 mənzil şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələrinin məzunlarına təqdim edilib.

Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və Milli Qəhrəman İbad Hüseynov iştirak ediblər.

A.Kərimov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bir il əvvəl 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı geniş miqyaslı dəstək tədbirlərini diqqətə çatdırıb. Ümumilikdə 31 min şəhid ailəsi üzvü və qaziyə, erməni terrorundan zərər çəkən şəxsə 39 min istiqamətdə dəstək göstərildiyini vurğulayıb. Cari ilin əvvəlindən şəhid ailələri və müharibə əlilləri üçün sosial ödənişlərin növbəti dəfə ciddi şəkildə artırıldığını qeyd edib.

Nazir müavini ötən dövrdə 11 minə yaxın şəhid ailəsi və müharibə əlilinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edildiyini deyib. Dövlət başçısının sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olanlara verilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, onlardan 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri aparılır.

A.Kərimov  bu il şəhid ailələri və müharibə əlillərinə artıq 1750-yə yaxın mənzilin verildiyini deyib. Bildirib ki, eyni zamanda Vətən Müharibəsi Qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının mənzillə təminatı işləri aparılır.

Həmin mənzillər də daxil olmaqla Nazirlik cari ildə ümumilikdə 2 mindən çox vətəndaşı mənzillə təmin edib. Bu gün şəhid ailələri, müharibə əlilləri ilə yanaşı, gözdən əlilliyi olan şəxslərə və dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına da mənzillər təqdim edilir. Bu da ölkəmizdə bütün həssas qrupların dövlətin qayğısı ilə əhatə olunduğunu bir daha təsdiq edir.

Ehtiyatda olan baş çavuş, Milli Qəhrəman İbad Hüseynov şəhid ailələrinə, müharibə əlillərinə mənzillər verilməsinin onlara yüksək dövlət qayğısının daha bir təzahürü olduğunu vurğulayıb.

Mənzillərlə təmin edilən vətəndaşlar daim dəstəklə əhatə olunduqlarını bildiriblər. Sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.