Bir qazi kimi mən də hər an döyüşə atılmağa hazıram

392

Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə əmr verilib. Qisas əməliyyatları  nəticəsində düşmən işğalı altında olan bir sıra yaşayış məntəqələrimiz ordumuz tərəfindən azad edilib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklər tutulub. Bu döyüşlərdə də şəhidlər veririk, yaralılarımız var. Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə “Bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm” deyən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev  bildirmişdir ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik: “Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir”. Üstəlik vurğulamışdır ki, siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq.

Qeyd edək ki, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, şəhid ailələrinə, müharibə əlillərinə bu qədər qayğı göstərir.

II qrup Qarabağ əlili, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, şəxsən mən sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündəki çıxışını böyük maraqla izlədim: “Möhtərəm Prezidentimizin həmin görüşdəki məzmunlu çıxışını dinlədikcə sevindim. Dövlətimizin başçısı əminliklə vurğuladı ki, Azərbaycan xalqı onlarla qürur duyur. Çox yaxşı haldır ki, ölkə ­Prezidenti qayğıya, köməyə ehtiyacı olan insanları sevindirməyə çalışır. Müharibədə vuruşmuş və əlil olmuş vətəndaşlar üçün şəraitin yaradılmasını bizim mənəvi borcumuz kimi xarakterizə edən dövlətimizin başçısı yaxşı bilir ki, şanlı tarix  yazan əsgərlərimiz hər cür qayğıya layiqdir. Elə ordumuzda hökm sürən ruh yüksəkliyinidə digər amillərlə yanaşı, bu xidmətin də kifayət qədər rolu vardır. Yeri gəlmişkən, elə həmin görüşdə Prezidentimiz bir arzusunu da dilə gətirdi: “Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib”. Ali Baş Komandanın çıxışının sonunda isə dedi: “Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu sözlər isə hamı kimi, sözün həqiqi mənasında, mənim də ürəyimi dağa döndərdi. Bu müqəddəs yolda bir qazi kimi mən də hər an döyüşə atılmağa hazıram.”