Bir qəpiklik adam

742
10 07 11 zaman pazar ekine hazýrlanmýþtýr.

İnsan Allahın yaratdığı ən mükəmməl, heyrətamiz varlıqdır. O, o qədər qiymətlidir ki, onu dəyərləndirmək heç mümkün deyil. Lakin insan öz həmcinslərini qiymətləndirərkən Uca Yaradanın bu əvəzsiz sənət əsərinə insafsızcasına xəsislik göstərir, xoşlamadığı bir kəsə qarşı “bir qəpiklik adam deyil” damğası ilə ədalətsizlik edir. İnsan özü tərəfindən ərsəyə gətirilmiş sənət inciləri arasında ağlagəlməz dərəcədə yüksək qiymətli sənət əsərləri gördüyü halda, onda Allahın yaratdığına bu cür münasibət necə yaranır və ümumiyyətlə insanın qiyməti varmı və o, necə ölçülür?

Hamı bilir ki, özümüzə yaxın, bu və ya digər dərəcədə yararlandığımız insanlara layiq olmadıqları halda “qızıl kimi adamdır” deyir, həqiqətən dəyərli, qiymətli insanlara isə tez-tez “bir qəpiklik adam deyil” etiketinin yapışdıranların da şahidi oluruq.

Əsasən insanın nəfsindən yaranan bu münasibətə Həzrəti Mövlananın inci sözləri ilə nəzər salsaq, dünyada mutləq olaraq pis bir şey yoxdur. Aləmdə heç bir zəhər, yaxud şəkər yoxdur ki, birinə ayaq, o birinə ayaqqabı olmasın! İlanın zəhəri, ilana həyatdır, insana isə ölüm! Dəniz varlıqlarına dəniz, bağ, bağça kimidir… Fəqət quruda yaşayanlara ölümdür, dağdır! (Məsnəvi-Şərif – 65, cild 4)

***

Dostumuz Eyvaz müəllimin tanışlarından biri həmişə, başqalarının eşidə biləcəyi səslə: “Allah, mənə kömək ol”, – deyə dua edərmiş. Nə qədər irad tutsalar da, kişi duasını dəyişdirməzmiş. Bir gün sifətindən yumruqlanmış olduğu görünən cavana Eyvaz müəllim deyir:

– Deyəsən, dua etməyi unutmusan…

Bizə görə pis, dəyərsiz görünənlərə Həzrəti Mövlana ilk baxışda ağlımızın almadığı bir qiymət verir. Bu Allah dostunun dediyinə görə, bir vaiz var idi… Minbərə çıxdımı yol kəsənlərə dua etməyə başlayar, əllərini qaldırıb “Ya Rəb, pislərə, fəsadçılara, üsyançılara mərhəmət et! Xeyir sahiblərinə lağ edənlərin hamısına, bütün kafir könüllülərə mərhəmət et!” deyərdi. Təmiz adamlara heç dua etməzdi. Ona: “Heç belə bir adət görmədik. Fəsadçılara dua etmək mürüvvət deyil”, – dedilər. Dedi ki: “Mən onlardan yaxşılıq gördüm… Buna görə də, onlara dua etməyi adət elədim. O qədər pislik etdilər, o qədər zülüm və cövr etdilər ki, nəhayət məni şərdən qurtardılar, xeyirə qovuşdurdular. Mənim yaxşılığıma səbəb oldular… Ey ağlı başında adam, buna görə onlara dua etmək, boynumun borcudur!”

Qul dərddən, ələmdən Allaha əl açır, uğradığı çətinlikdən Ona şikayət edir. Allah da deyir ki: “Gördünmü, nəhayət dərd səni, mənə yalvaran bir qul halına gətirdi, səni doğrultdu. Həqiqətdə hər düşmən sənin dərmanındır, səni faydalandırır, könlünü alır! Çünkü ondan qaçır, Allah lütfündən yardım diləyirsən”. (Məsnəviyi-Şərif – 80-95, cild 4)

Xarakterin dərinliyinə heyran olmamaq mümkün deyil. Kim olur-olsun, onu Allahın yaratdığı üçün sevmək borcumuzdur. İnsanlığın üzləşdiyi problemlərin mənbəyi kiçik yaşlarından xarakter tərbiyəsinə laqeydliyin nəticəsidir. Xarakteri olmayan insanın dəyərini nə onun qazandığı var-dövlət, nə də yaşadığı imarət artıra bilər. İngilislərdə belə hallar üçün yaxşı bir deyim var: “fat purse but lean soul, big house but small character” – pul kisəsi kök, ruhu arıq, evi böyük, xarakteri kiçik olanlar”. Bənövşə bağ-bağçada da, kol dibində də bənövşə olduğu kimi, qanqal da hər yerdə qanqaldır.

***

Yüz il əvvəl “Adəmi adəm eyləyən paradır, Parasız adəmin üzü qaradır”, – deyən rəhmətlik M. Ə. Sabir dövrünün acı həqiqətlərini qələmə alanda fikirləşirdi ki, insanlar haçansa öz səhvlərini başa düşəcək, bir-birilərinə layiq olduğu qiyməti verəcək, “İnsan olanın cahü-cəlalı gərək olsun, İnsan olanın dövləti, malı gərək olsun”… kimi utanc verən meyarlar arxiv materialına dönəcək. Heyif ki, bu meyarlar köhnəlmək bilmir ki, bilmir.

İnsanın qiymətini bilməkdə dilimizdəki “zərin qədrini zərgər bilər” deyiminin də rolu böyükdür. Oxuduğum bir yazıda deyilir ki, köhnə bir evin əşyaları hərracda satılırdı. Əşyalar arasında toz basmış, üç dollar qiymət qoyulmuş bir skripka da var imiş. Skripka satılmaq üzrə ikən bir nəfər irəli çıxıb onu çalmaq üçün icazə istədi. Aləti diqqətlə nəzərdən keçirib çalmağa başladı. Ətrafa əsrarəngiz musiqi sədaları yayıldı. Sənətkar əlinin toxunması ilə skripkanın əsl qiyməti aşkar oldu və əvvəlcə min dollar təklif olundu, daha sonrakı təklifə – üç min dollara satıldı. “Zərgər”in məharəti skripkanın qiymətini üç dollardan üç min dollara qaldırdı.

***

İnsanın qiymətini yüksəldən əsas amillərdən biri də onun özünə qiymət verməyi bacarmasıdır. Özünə bir qəpik qiymət qoyan adama kim ondan artıq qiymət verə bilər?!

Öz əməlləri ilə özünü hörmətdən, nüfuzdan salan adamı buludlardan sallasalar da, insanların gözünə yerin dibində görünəcək. Albert Eynşteyn bəlkə də ona görə “Uğurlu insan olmağa çalışmaqdansa, dəyərli insan olmağa çaılşmaq yaxşıdır”, – deyirdi. Öz xarakteri ilə fərqlənən Napaleon haqqında isə deyirdilər ki, o, fransız ordusunda qırx min əlavə əsgər deməkdir.

Sovet dövründə insanın dövlət qiyməti yetmiş qəpikdir deyirdilər. Amerikada bu rəqəm bir zamanlar doxsan səkkiz sent olmuşdur.

***

İnsanlığına, şəxsiyyətinə hörmət qoymayanlara Mark Tven kimi “nəzakət göstərməyin” məncə də heç bir qəbahəti yoxdur.

Görkəmli yazıçı məclislərin birində gördüyü xanıma: “Siz çox nəcibsiniz, miss”, – komplimentini deyir. Xanım: “Heyif ki, mən eyni sözləri sizin haqqınızda deyə bilməyəcəyəm”, – qarşılığını verəndə, hazırcavab Mark Tven onun kobudluğunu: “Elə isə siz də mənim kimi edin, yalan deyin”, – sözləri ilə bağışlayır.

***

Ayrı-ayrı insanlara verilən dəyər qeyri-real, yanlış ola və ya devalvasiyaya uğraya bilir. Bir müdrikdən “Dünyada ən çox kimi sevirsən?” deyə soruşurlar. Adam: “Dərzimi”, – deyir. Səbəbi ilə maraqlananlara izah edir ki, dərziyə müraciət edəndə hər dəfə mənim ölçümü alır. Digər insanlar isə haqqımda olan təəssüratlarını ölənəcən dəyişmirlər. Aşıq Abbas Tufarqanlı demişkən, insanları ucuz tutmasan da, əsl dəyərini bilməkdə fayda var:

…Adam var ki, adamların naxşıdı,

Adam var ki, anlamazdı, naşıdı,

Adam var ki, heyvan ondan yaxşıdı,

Dindirərsən, heç insanı bəyənməz…

***

Biz insanın qiymətinə mənəvi mənada nəzər saldıq, bir-birilərinə verdikləri dəyərləndirmədən söz açdıq. İnsanlığın alt-üst olduğu zəmanəmizdə digər dəyərlər kimi insanın dəyəri də sürətlə enməkdədir. Əslində, bu gün insanın real qiyməti qəpiklərlə ölçülür. Allahın yaratdığı neçə-neçə varlıqların kökünü kəsib adını “Qırmızı Kitaba” yazan insan baş alıb gedən soyqırımlara göz yummaqla öz adını da həmin kitaba yazmağa doğru getməkdədir. Bu yolda o, qazanılmış nə bəşəri, nə milli, nə də dini dəyərlərə dəyər verir, hörmət qoyur. Məqsədi öldürmək olan, lakin sinəsində əsl ürək döyünən ovçu belə ovladığı, al qanına boyanmış şikarının halına acıyır, sızlayır.

Hər gün dünyanın müxtəlif yerlərində yüzlərlə insan qanına qəltan olunur, aclıqdan, ölümdən qaçanların da xeyli hissəsini sular udur. İnsanlıq baş verən bu məşəqqətləri maraqlı bir film tamaşaçısı kimi seyr edikcə, sədaqət, etibar, ümid yetimləşdikcə, dünyanı bürüyən haqsızlıq atəşinin alovları ərşə yüksəldikcə, qeyri-müəyyən səbəblərdən günahsız insanların qətli adiləşdikcə, insanlığın üzləşdiyi məchulluq zülməti dərinləşdikcə insanın qiyməti qəpikdən də aşağı olacaq.

Allahın yaratdığı ən mükəmməl abidəyə – insana qarşı bu münasibət, Uca Yaradana küfr deyilmi?! İnsanlar milli, dini xüsusiyyətlərinə görə fərqlənsələr də, insanılq bütün millətlərdə, dinlərdə eynidir, bölünməzdir. Digər tərəfdən, insanın dəyərini Allahdan başqa kim düzgün verə bilər? Nəinki başqaları, özü özünü sıfırlayan böyük insanlar Allah qatında yüksək dəyər sahibləridir. Allah insanı əbəs yerə yaratmamışdır. Onun əsas missiyası insan kimi yaşamaq və yaşatmaqdır. Təəssüf ki, bu gün nəinki yaşamaq, hətta yaşatmaq belə istəməyən insanlar öz ölüm saçan hərəkətləri ilə bütün dünyanı sarsıdırlar.

***

Allah insanlığı düçar olduğu fəlakətlərdən qurtarsın, onu bir daha belə vəziyyətə düşməkdən qorusun, insanılğın dərdinə şərik olanlara yardımçı olsun, insanın dəyərini və ona dəyər verənlərin sayını artırsın. Amin!