Bir payız ovqatı

1345
payiz-fesli_50QCENAT (1)

Səhər pəncərədən həyətə baxıram, hər tərəf sarı-qızılı yarpaqlarla döşəli.

Dünən həyətimizin dalandarı Fəttah kişi günortaya qədər əlində uzun bir süpürgə xəzəli toplayıb, harasa daşımışdı. Ümumiyyətlə, bizim bu Fəttah kişi tanıdığım orijinal insanlardan biridir. Bu iş üçün özünə xüsusi bir araba, iş alətləri düzəldib. Ağac budaqlarından düzəltdiyi uzun süpürgə ilə həyəti elə təmizləyir, deyirsən bəs evinin içidir. El arasında bu süpürgəyə çalğı da deyirlər, kiminsə bu sözü anlaya bilməyəcəyindən qorxduğum üçün süpürgə deyirəm. Həə, qayıdaq Fəttah kişiyə. Yaşı yetmiş beşi keçsə də, şax duruşlu, pəhləvan cüssəli bu adam çoxumuzdan fərqli olaraq həyət süpürməyi özünə ar bilmir. Əslində bu cəhətinə görə mənim ona böyük hörmətim var. Hər görəndə salam verir, kefini soruşuram. Yalan olmasın, təxminən on beş pişiyi var Fəttah kişinin. Pişiklər də o qədər nazlı, o qədər ərköyündürlər ki, heç adamın üzünə də baxmırlar. Kişi həyətdə işləyəndə pişiklər də onun ətrafında oynayır, gərnəşirlər. Kişi onlara xüsusi baxır, gündəlik qazancının bir hissəsini onlara xərcləyir, kolbasa, sosiska alıb yedirir. Məsəli çox-çox uzaq olsun, Fəttah kişi işləyəndə pişikləri ətrafda o qədər qayğısız, rahat gəzişir, oynaşırlar ki, deyirsən bəs bağça müəlliməsi uşaqları parkda, bağda gəzintiyə çıxarıb. Özü də hara getsə sürü ilə dalınca gedirlər. Bu pişiklərin hamısının da adı var, biri bir azca aralanan kimi kişi onu çağırır, pişik də qaça-qaça gəlir.

Payız ovqatı ilə başlamışdım, necə oldusa bu pişik məsələsi ortaya girdi. Ağlıma nə gəlir, bilirsinizmi? – 20-30 yaşlarım olanda payızı bu cür dərk edə bilməmişdim. Əslində o yaşda payızı olduğu kimi dərk eləmək heç mümkün də deyil. Payız əlli yaşdan sonra başlayır. Üzünü pəncərənin soyuq şüşəsinə söykəyib budağından üzülüb düşən sarı-sarı yarpaqlara tamaşa edir və baxdıqca da itirdiyin dostları xatırlayırsan. Payızın ən xarakterik cəhəti odur ki, zamanın sürətlə axdığını sanki gözlə görürsən. Məsələ hansısa işi çatdırıb-çatdırmamaqda deyil, sadəcə, səhər gözünü açırsan, bir ora qaçırsan, bir bura qaçırsan, bir də baxırsan ki, qaş qaralıb. Payız insana hər şeyin nə qədər axıcı, vəfasız olduğunu o qədər canlı, təbii bir yolla xatırladır ki, sözə ehtiyac qalmır. Uşaq vaxtı bitib-tükənməyən uzun yay günləri vardı, hələ ortasında yatırdın da, amma yenə o qədər uzun gəlirdi ki… Amma yaşın əllini keçib altmışa yaxınlaşanda, xüsusilə də bu payız günlərində həyatından keçən hər gün budaqdan qopan bir yarpaq kimi gəlir sənə. Dünən budağındaydı, bu günsə xəzəldir, dalandarın süpürgəsini gözləyir ki, aparıb harasa basdırsın. Bu soyunan ağaclara baxanda mənə elə gəlir ki, insanın bir ömürdə yaşadıqlarını onlar bir ildə yaşayır. “Başlandı bir nəslin yarpaq tökümü”… mən demirəm, şair deyib bu sözü. Həqiqətən də, obrazlı, canlı mənzərədir. Müəyyən yaşdan sonra insanlar da yarpaqlar kimi tökülüb gedirlər. O sənin yarpağındı, bu mənim yarpağım, o da onun… saniyəsi çatan kimi qopub düşür. Hər yazda torpaq yarpaq olur, hər payızda yarpaq torpaq olur, buludun suya, suyun buluda dönməsi kimi.

Payızın ovqatı kövrəklidir, dadı duzlu göz yaşı. Çiyninin üstündən qanrılıb keçmişinə baxanda böyük bir boşluq, ya da vicdan əzabı görənlər son yarpağa son ümid kimi baxarlar. Doğrudan da, heç fikir vermisinizmi, adam var ki, yanında ölüm sözünü dilə gətirmək olmur, o saat halı dəyişir, əsəbləri gərilir. İnsan da bir növ meyvə kimidir, doğru-düzgün yaşayıb, zamanında yetişərsə, hər şeyi rahatlıqla qəbul edir. Adam da var ki, qış qapını alsa da, kal armud kimidir, yetişmir, heç yetişənə də oxşamır.

Alnını pəncərənin soyuq şüşəsinə söykəyib tökülən yarpaqlara tamaşa edirsən. İçəridən səs gəlir: “Soyudu, gəl çayını iç, işə gecikirsən”.

Əli Məcidov