Bir neçə milyon vətəndaşımıza “otxod” deyir bu “millət vəkili”

395

Millət vəkili Astan Şahverdiyev “Azadlıq Radiosu”na verdiyi müsahibədə “Rusiyaya gedənlər bizim cəmiyyətin “otxodları”dır” deyə qeyd edib. Deputatın bu qalmaqallı müsahibəsi sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Yeniavaz.com saytı səsləndirilən fikirlərdən bəzilərini təqdim edir.
Jurnalist İmdad Əlizadə: “Şahtan Asverdiyevin (bu ifadənin müəlliflik hüququ Milli Məclisin sədri hörmətli Oqtay Əsədova məxsusdu) öz el-obasında, qohumlar arasında olan hörmətinə dair bir fakt: 2010-cu ilin parlament seçkiləri zamanı onun bir neçə qohumu Şahtan müəllimin də namizəd olduğu 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliklərini irəli sürmüşdülər. Onların İTV-dəki debatı zamanı məlum oldu ki, bu qohumlar deputat seçilmək üçün deyil, daha çox Şahtan müəllimə “ürək” sözlərini deməyə imkan qazanmaqdan ötrü seçkiyə qatılıblar. Efirdə və sonra İTV-nin həyətində deputat və yenidən deputat olmaq üçün namizəd olan Şahtan müəllimlə qohumları arasında baş verən dava, yəqin, çoxlarının yadındadı. Seçki oldu, Şahtan müəllim Milli Məclisdəki kreslosunu ikinci dəfə tutdu. Aradan 1-2 ay keçmiş olardı. Milli Məclisin iclasının birinci hissəsi bitmişdi, ikinci hissənin başlamasını gözləyirdik. Fasilə zamanı foyedə jurnalist dostlarla söhbət edirdik. Gəlib çıxdı, ordan-burdan uzun-uzadı danışdı, söhbət hərlənib-fırlanıb seçkinin üzərində dayandı, qohumlarının qarasına xeyli gileyləndi, onları “başdan xarab” adlandırdı, dedi ki, onların gözü məni götürmür, paxıllıq edirlər. Əlindəki siqaretdən dərin bir tüstü aldı, sonra siqareti barmaqlarının arasında çənəsindən yuxarı qaldıraraq üzünə müdirik bir görkəm verərək dedi: onlar (qohumlarını nəzərdə tutur) heç nəyə nail olmadılar, əksinə hörmətim daha da artdı. Mən seçkidə 95 faiz (MSK-nın rəsmi məlumatında 62,14 faiz göstərilib) səs toplamışdım. Sadəcə, dedilər ki, bu qədər çoxdu, səslərimin xeyli hissəsini rəqiblərimə yazdılar”.
Sabiq millət vəkili Etibar Hüseynov: “O sifət ki, o “otxod” da var haa, sabah durub deyəcək ki, bəs mən elə deməmişəm. İndi görərsiniz”.
Jurnalist Simnarə Həmidqızı: “Biz jurnalistlər üçün millət vəkilləri 3 qrupa ayrılır:
1. Camaatın problemlərini qaldıranlar (təəssüf ki, belələri barmaqla sayılacaq qədərdir).
2. Gündəmə gəlmək üçün ağıllarına gələni danışanlar.
3. Ağızlarına su alıb Milli Məclisdə mürgü vuranlar. Astan Şahverdiyev də 3-cü qrupa aid olanlardan idi. İndi ikinci pilləyə “yüksəldi”, təbrik edirəm. Sonra da çıxıb and-aman edəcək ki, mən elə söz deməmişəm, fikirlərimi konteksdən çıxarıblar”.
Gənc fəal Bəxtiyar Hacıyev: “Öz ölkəsində iş tapa bilmədiyinə görə ailəsini burada qoyub, Rusiyada soyuqda, şaxtada səhər oyanıb, bazarda işləyib, ailəsinə pul göndərən bir neçə milyon vətəndaşımıza “otxod” deyir bu “millət vəkili”. Sabah da ölkəsində iş tapa bilməyən, problemlərdən bezib xaricdə yaşayan və işləyən gənclərə bu qiyməti verəcək.
Ay jurnalist dostlar, danışdırmayın da, bu deputatları. Hər dəfə danışdıranda belə şeylər buraxırlar”.
Nicat