Bir məni qandır görüm

0
661

A kişi, de görüm bu nə işdir? Amanın günüdür, bir söylə bu nə işdir? Mən ölüm, sən əzizlərinin canı, məni qandır görüm, bu nə məsələdir? Vallah, ürəyim partladı, bir məni başa sal görüm, bu nə işdir? Son illər bu boyda sökhasök görməmişdim axı. Bir yandan bir zamanlar bəh-bəhlə penoplastla örtülmüş binalar bu odadavamsız materialdan azad olunur, digər tərəfdən də villalar sökülür. Ölmədim, bunu da gördüm. Amanın günüdür, bağrım çatladı, bir məni qandır görüm, bu nə işdir? Nə sökhasökdür? Balam, bunlar öz qurub-yaratdıqlarını niyə sökürlər axı… Sənə quzu kəsim, axır məni başa sal görüm, bu nə işdir, nə olar. Belə sənin qadanı alım, qoyma ciyərim dağlansın, söylə görək bu nə oyundur? Şəhərin bəzi rəsmiləri gur-gur guruldayırlar axı. Yaman qayğıkeş olublar axı. Bir zamanlar şəhərdəki istər köhnə, istərsə də yeni binaların üzlənməsini reklam edən onlar deyildimi? Amma bunu uşaq da bilirdi ki, penoplast (adətən, televizor alanda qoruyucu ağ baloncuqlardan ibarət olan materialla küncləri bərkidilmiş olur, penoplast həmin materialdır) binalara gözəllik versə də, yaşayış üçün təhlükəlidir. Gərək bu adi həqiqəti onların başa düşməsi üçün bir binada (Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 )15 nəfərin həlak olması (Allah onlara rəhmət eyləsin) lazım idi? Aha, deyəsən, onların niyyətlərini qanmışam axı… Deyəsən, indi onların, camaatın sözləri ilə desək, quyruqları qapı arasında qalıb… Can şirin şeydir axı. Ah, necə də tanış ssenaridir. Binaları maskalayanda (fikrimcə, həmin üzlüklər binalarda maska rolunu oynayır) camaata rahatlıq, təmizlik vəd etmişdilər onlar. Bu maskalanma onların ciblərini doldururdu axı… Ortaq olub yeyirdilər axı… Bu yeyintiyə görə onlar dürlü-dürlü tostlar deməli idilər də… Amma tale elə gətirdi ki, həmin maskalı binalar onların maskalarını yırtdı. Ey dili-qafil, bunu qandım, bir şeyi yenə qanmadım axı. Bir məni başa sal görüm, bəzi vəzifə sahibləri niyə bu qədər pulgir olurlar? Yoxsa vəzifəyə keçən kimi onların mədəsi genişlənir? Bilirəm, çətin sualdır, amma bir o qədər də yox. Mənə elə gəlir ki, oturduqları kreslo onları dəyişdirir, nəfslərinin üstünə nəfs qoyur. Onlar çalıb-çapmağa daha çox meyilli olurlar. Nəticədə elə nəfslərinin qurbanı olurlar… Amanın günüdür, bağrım çatladı, bir məni qandır görüm, bu nə işdir? Nə sökhasökdür? Balam, bunlar öz qurub yaratdıqlarını niyə sökürlər axı… Sənə quzu kəsim, axır məni başa sal görüm, bu nə işdir, nə olar. Belə sənin qadanı alım, qoyma ciyərim dağlansın, söylə görək bu nə oyundur? Şəhərin bəzi rəsmiləri gur-gur guruldayırlar axı. Üstəlik, and da içirlər ki, bəs filan məkanda qeyri-qanunu inşa edilmiş əlliyədək villadan xəbərləri belə yoxdur. Vallah, onların bu açıqlaması lap bişmiş toyuğu da güldürür… Amma şəxsən mən o gün mənzilimin divarına bir mıx vurmaq istədim, şəhərin bütün səlahiyyətliləri bu “hadisə”dən 5-10 dəqiqə keçməmiş başımın üstünü kəsdirdi axı… Məni tənbeh etdilər axı… Elə isə aman günüdür, mənə deyin görüm, bəs necə ola bilir ki, o boyda villalar tikilir, bu qədər qurumun heç biri xəbər tutmur? Vallah, bu inandırıcı deyil, ay belə bir bayatını söyləyənlər. Olmaya, həmin qurumların gücü ancaq kasıb-kusuba çatır? Bir də xəbəriniz yoxdursa, lap pis… Elə buna görə də onları sərt cəzalandırmaq lazımdır… Daha bu şoular kimə lazımdır? Sənə quzu kəsim, axır məni başa sal görüm bu nə işdir, nə olar. Belə sənin qadanı alım, qoyma ciyərim dağlansın, söylə görək bu nə oyundur? Olmaz ki, hər kəs öz işinə məsuliyyətlə yanaşsın? Deyirəm, nə yaxşı ki, ölkə başçısı onların qurub-yaratdıqlarını sökmək komandası verməklə batırdı. Yoxsa hələ çox adam, sözün həqiqi mənasında, onların odunda yanacaqdı. Xudavəndi-aləm, sən özün Prezidenti bizə çox görmə…

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here