Bir kiloqramı 5 manata mal əti satılır; alaq, ya almayaq?

641

Qaldığım binanın yaxınlığında bir mağaza var, burada hər şeyin ən ucuz olanını almaq mümkündür. Hərdən yolumu bu mağazadan salıb mən də lazım olan məhsullardan alıram. Dünən isə mağazada satılan ət istər-istəməz diqqətimi çəkdi. Vitrinin üzərinə “sümüksüz ət” yazılmışdı. Qiyməti isə 5 manat 50 qəpik. Açığı, təəccüblü gəldi və buna görə də satıcını sorğu-sual etdim:

– Qardaş, ilk dəfədir sümüksüz ətin bu qədər ucuz satılması ilə rastlaşıram. Nə əcəb belə ucuzdur?

– Bu ətin sümüyü çıxarılıb. Tərkibində sümük tapa bilməzsiniz. Hindistandan gətirilir, ona görə ucuzdur.

– Alan varmı?

– Mən deyərdim ki, daha çox kasıblar alırlar. İndi yerli sümüklü mal ətinin 1 kiloqramı 8 və ya 8,5 manatdır. Sümüksüz yerli mal əti isə 10-11 manata satılır. Ona görə hər adam ala bilmir.

– Alanlar dadı ilə bağlı nə deyirlər?

– Bu günə qədər gəlib narazılıq edən görməmişəm. Əksinə, alanlar davamlı şəkildə gəlib alırlar. Yenə deyirəm, bu ət sümüksüzdür, üstəlik, 5,5 manata satılır. Hər halda əsl kasıbın malıdır.

Buzu hələ tam açılmamış ətə diqqətlə baxıram, yerli mal ətindən heç nə ilə fərqlənmir. Satıcı diqqətlə baxdığımı görüb deyir:

– Bu ətin keyfiyyətində problem olsaydı, Azərbaycanda satışına icazə verilməzdi. Bura gəlib çıxana qədər bir neçə yerdən yoxlamadan keçir. İstəsəniz siz də alıb dadına baxa bilərsiniz. Hərdən biz özümüz də alıb istifadə edirik. Gündə bu ətdən ən azı 5-10 kiloqram satırıq…

Məlumat üçün qeyd edək ki hələ bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin Hindistandan Azərbaycana camış əti idxalını qadağan etməsi məsələsi gündəmə gəlmişdi. Belə ki, nazirlik yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini Emin Şahbazov o vaxt bildirmişdi ki, 10 ildən çoxdur Hindistandan Azərbaycana camış əti idxal olunur: “Lakin son vaxtlar xaricdən gətirilən camış ətinin satışı ilə bağlı şikayətlər çoxalıb. Dövlət Baytarlıq Xidməti isə şikayətlərin düzgün olub-olmaması ilə bağlı araşdırmalara başlayıb. Həmçinin DBX öz baytarlarını yaxın vaxtlarda Hindistana göndərməyi planlaşdırır. Mütəxəssislərimiz Hindistanda camış əti ixracı ilə bağlı vəziyyəti yerindəcə araşdıracaqlar. Hindistandan göndərilən camış ətinin sanitar tələblərə uyğun olmadığı təsdiqlənərsə, bu ölkədən Azərbaycana camış əti idxalına qadağa qoyulacaq”.

Lakin sonda Azərbaycan tərəfinin apardığı araşdırmalardan sonra Hindistandan Azərbaycana ət idxalına yenidən icazə verildi.

 

“Hindistandan ölkəmizə ətlər

dondurularaq idxal olunur”

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarqlıq Nəzarəti Xidmətinin (qurumun yeni adı belədir-red) rəsmisi Yolçu Xanvəlinin verdiyi məlumata görə, bu ilin 9 ayı ərzində Hindistandan ölkəmizə 4 min ton camış əti gətirilib. Onun sözlərinə görə, bir müddət əvvəl Hidistanda camış əti kəsilən şirkətlər yoxlanılıb və sanitar gigiyenik qaydalara əməl edən 5 şirkət seçilib ki, hazırda yalnız həmin şirkətlər ölkəmizə ət gətirirlər.

Y. Xanvəlinin dediyinə görə, 90-cı illərin əvvəllərindən etibarən Azərbaycana Hindistandan inək və camış əti gətirilir: “Bu ölkədən tək Azərbaycana deyil, ümumilikdə 30-a yaxın dövlətə ət ixrac olunur. Həmin ətlər gətiriləndən sonra bakterioloji, radioloji, virusioloji, toksikoloji və başqa sahələr üzrə yoxlamadan keçirilir”. Y. Xanvəlinin fikrincə, məhz buna görə, Hindistandan ixrac edilən ətlərin keyfiyyəti şübhə doğurmur.

Xidmət rəsmisinin dediyinə görə, Hindistandan ölkəmizə ətlər dondurularaq idxal olunur. Ona görə də keyfiyyətini itirmir.

Lakin Y. Xanvəli bu cür ətlərin alıcılarına bəzi tövsiyələr də verir: “Bəzən ola bilər ki, hansısa satış məntəqəsində saxlama qaydalarına əməl edilməsin. Bu halda həmin ətin keyfiyyətində mənfi mənada nə isə dəyişiklik baş verə bilər. Odur ki, istehlakçılar bu məsələyə diqqət yetirməlidirlər. Əslində donu açılan ətlər bir neçə saat ərzində istifadə edilməlidir. Amma çox vaxt bu mümkün olmur. Ona görə diqqətli olmaq lazımdır”.

 

Camış əti inək əti adı ilə satılarsa…

Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, əgər camış ətindən hər hansı məhsul, tutaq ki, kolbasa və s. istehsal edilirsə, bu barədə onun etiketində məlumat verilməlidir. Əks təqdirdə istehsalçı bu barədə hüquqi məsuliyyət daşıyır.

Bundan başqa, camış ətinin inək əti adı altında satılması da yolverilməzdir. Bu halda satıcıya qarşı istehlakçını aldatdığı üçün qanunvericilik çərçivəsində tədbir görülməlidir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də bu cür hallara qarşı mütəmadi tədbirlər həyata keçirir. Məsələn, Xidmət bir müddət öncə “Ay-Min” MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 26A ünvanında yerləşən istehsalat sahəsində aparılan yoxlama aparmış və müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilmişdi. Belə ki, müəssisə tərəfindən istehsal olunan kolbasa və sosiskaların istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulların mal ətindən istehsal edildiyi barədə yalnış məlumatların verildiyi aşkarlanmışdı. Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən sözügedən istehsal müəssisəsi barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı…

Nicat İntiqam