“Bir insan cəmiyyəti tərbiyə etməzdən əvvəl özünü düzəltməyə başlamalıdır”

905

Həzrəti İsanın “Mühakimə etməyin ki, mühakimə olunmayasınız” sözləri demək olar ki, hər dövrə xitab edir. Az insana rast gəlinər ki, ətrafında baş verən hadisələr qeydsiz qalsın. Tutduğu vəzifədən, gördüyü işdən, haqqında sahib olduğu məlumatdan asılı olmayaraq, hər kəsin ehtiyatda deyəcək sözü, bildirəcəyi fikri mövcuddur. Bir çoxumuz nadir hallarda dönüb özümüzə baxır, baxdıqda baş alıb gedən səhvlərimizi görə bilir və ən əsası bunu qəbul edə bilirik. Çoxumuz empatiya qurmaqda çətinlik çəkir, qınamaqda isə az qala dərs verəcək pillədəyik. Halbuki çox zaman pislədiyimiz, qəti şəkildə qınağıdımız davranışları elə özümüzdə təkrarlayırıq. Bəs qınamaq bizə nə qazandırır? Cəmiyyətdəki problemlərin aradan qaldırılmasında ictimai qınağın nə kimi rolu var?

Cəmiyyət müxtəlifliklərdən ibarətdir. Yuxarıda sadaladıqlarımızı təbii ki, hər kəsə şamil etmək olmaz. Cəmiyyət geniş bir məfhumdur və burada hər cür insana rast gəlirik. Mehribanı da var, acıdili də. Şən insan da var, qaraqabaq insan da. Kifayət qədər dünyagörüşünə sahib olan da var, olmayan da. Empatiya qurmağı bacaran, səhv yolda olanı ittiham etmək əvəzinə doğruları göstərməyə çalışan şəxslər də az deyil. Lakin bu o demək deyil ki, insanlar ətrafda gördükləri yalnışlara reaksiya verməməlidirlər. Bəzən edilən səhvə bir nəfərin münasibət bildirməsi lazımi nəticəni vermir. Buna cəmiyyət olaraq, topluluq olaraq reaksiya vermək mövcud problemin həll olunmasında az da olsa rol oynaya bilir.
“İctimai qınağı ortaya qoyan
insan özü doğru insan olmalıdır”
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov zaman.az-a açıqlamasında ictimai qınağın cəmiyyətdəki yalnışlardan sığortalanmağa kömək etdiyini bildirdi: “İctimai qınaq ən azından cəmiyyətdəki yalnışlardan sığortalanmağa kömək edir. Bu istər münasibətlərin normallaşmasında, istər qohumluq əlaqələrinin formalaşmasında və digər istiqamətlərdə də çox böyük təsir gücünə malikdir. Nəzərə almaq lazımdır ki, ictimai qınaq Azərbaycan cəmiyyətinin tam formalaşmasında və inkişaf dinamikasında müəyyən rol oynayıb. Hesab edirəm ki, bu gün cəmiyyətdə bir çox problemlərin yaranmasında ən böyük səbəb ictimai qınağın zəif olmasıdır. Təbii ki, hər şeyin ifratı zərərlidir. Əvvəllər bizdə ictimai qınağa cəmiyyətdə sayılıb seçilən insanlar təsir göstərirdilər. Hər hansı bir rayonun ziyalısı, sözünə dəyər verilən ağsaqqalı insanlara istiqamət verirdi. İndi dövr dəyişib, bu işi artıq başqa pozisiyada olan insanlar həyata keçirirlər. İctimai qınağı ortaya qoyan insan özü doğru insan olmalıdır. Biz bunun əksini gördüyümüz üçün problem yaranır. Lakin qeyd edim ki, hər şeyin ifratı zərərli olduğu kimi, bu mövzuda da qarşı tərəfi nəzərə almaq lazımdır. Biz başqalarını çox asanlıqla qınayırıq, lakin eyni səhvi özümüz ediriksə, bu zaman özümüzə haqq qazandırırıq. Ramiz Rövşənin şeirində də qeyd olunduğu kimi, “Hamı günahkardır, lakin dünyada heç kimin günahı yoxdur”. Əslində insanın öz səhvini etiraf etməsi, nöqsanını qəbul etməsi onun geniş dünyagörüşünə sahib olmasından irəli gəlir. Bu cür insanlar hər zaman tənqidə açıq olurlar. Onlar daim inkişaf edir, dəyişir və belə demək mümkünsə, başqasının da dəyişməsinə yardım edir. Lakin indi insanların eqosu üst səviyyədədir. 5 səhifə kitab oxuyub, 5 kitab qədər danışırlar. Və yaxud kiməsə xırda bir yaxşılıq edirsə, bunu car çəkmək üçün fürsət axtarır. Bir insan cəmiyyəti tərbiyə etməzdən əvvəl özünü düzəltməyə başlamalıdır. Hesab edirəm ki, bu həm də dönəmlə bağlı problemdir. İndi yaxşıyıq, qarşıda bizi daha ağır mənzərə gözləyir”.

“Özünümüdafiə instinkti insanın içində var”
Psixoloq Murad İsayev isə zaman.az-a açıqlamasında insanlarda cəmiyyətdəki proseslərdən özünü müdafiə etmək, öz mənafeyini güdmək hissinin olduğunu bildirdi: “İnsanın özünü haqlı və ya haqsız görməsi onun mənəvi dəyərlərindən asılı olan bir haldır. Lakin o daima özünü müdafiə etmək ehtiyacı hiss edir. Bu insanın içində olan bir instinktdir. İnsanların beynində ictimai dəyərlər bloku var. Bu, cəmiyyətdə gedən prosesləri, insanların fikirlərini nəzərə almağımız üçün bizə siqnallar verir. İndi insanların xarici ölkələrə inteqrasiya etməsi onlarda ictimai fikrə olan münasibəti zəiflədib. Ümumiyyətlə, insanların başqasını qınaq obyektinə çevirməsini doğru hesab etmirəm. İnsan cəmiyyətdəki azadlığını, şəxsiyyətini qorumalıdır. Cəmiyyətin qıyanıcı fikirlərindən özünü təcrid etməlidir. Heç kim heç kimin əlindən azadlığını ala bilməz. Bəzən cəmiyyətdə elə bir vəziyyət yaranr ki, qınaq, tənqid artıq təhqir səviyyəsini alır. Təbii ki, dəyərlərimizi tapdalayan hər hansı bir davranışı düzəltmək lazımdır. Lakin mental dəyərləri qoruyarkən qarşıdakını alçaltmamaq şərti ilə həyata keçirmək vacibdir”.

Xəyalə Sadıqova