“Bir il gəldi keçdi, oğlumun nə ölüsü tapıldı, nə də dirisi”

583

2015-ci il dekabr ayının 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oğlu İsgəndərov idi.

Mingəçevirdə 1957-ci il noyabrın 29-da anadan olan İnqilab ixtisasca nəqliyyatçı idi. O, ömrünün axırıncı 10 ilini dənizdə işləyib. İki övlad atası olan neftçi hadisə zamanı itkin düşdü. Bu günə qədər onun cəsədi də tapılmadı. Artıq bir ildir ki, ananın gözləri yoldadır. Qəmər ana ümid edirdi ki, oğlu İnqilab gələcək. Çünki o anası və ailəsi ilə hadisədən bir gün əvvəl danışımışdı. Bildirmişdi ki, gələcəyəm, ad günümü birlikdə qeyd edərik.
br1İnqilabın anası Qəmər xanım Mingəçevirdə ibtidai sinif müəlliməsi olub. Ana oğlunun yoxluğuna bu gün də inanmır. O, bütün günü: “Oğlum mütləq gələcək”, – deyir.
“Həmişə deyirdim ki, oğlum sağ-salamat qayıtsın, amma oğlumun cəsədi də tapılmadı, gözlərim yoldadır, indi də deyirəm ki, heç olmasa cəsədini görsəydim, rahat ölərdim, onsuz da ömrümün son günlərini yaşayıram. Bu mənə yaman ağır dərd oldu”.
Qeyd edək ki, bu gün İnqilabın itkin düşməsindən bir il keçir. Amma bu günə qədər heç bir səs-soraq çıxmadı.
Esmira Hidayətova, Mingəçevir.