“Bir-iki saatlıq qızıma bax” deyən ana bir həftəlik yoxa çıxdı və…”

483

Həyatda bizə hamıdan çox yaxın olan, hamıdan çox dayaq olan və hamıdan çox güvənə biləcəyimiz yeganə insan anamızdır. Lakin bəzən elə hadisələrlə rastlaşırsan, bəzən elə xəbərlər alırsan ki, çaşıb qalırsan, deməyə söz tapmırsan. Bu yaxınlarda Mingəçevir şəhərində baş vermiş bir hadisə dediklərimizə sübut ola bilər. Belə ki, noyabr ayının 21-də bir ana 2 yaşlı qız övladını tanımadığı yad qadına əmanət edib və necə deyərlər, aradan çıxıb.

Həmin qadın isə uşağı bir neçə müddət saxladıqdan sonra Mingəçevir Şəhər Polis Şöbəsinə təhvil verib. Polis Şöbəsi isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi ilə birlikdə uşağı Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına yerləşdirib. Sanatoriyanın baş həkimi Fəxrəntac Hüseynova ilə görüşüb, məsələyə aydınlıq gətirməsini xahiş etdik. Fəxrəntac xanım bildirdi ki, uşağın sənədi olmadığına görə nə adı, nə soyadı, nə də yaşı məlum deyil: “Biz ona Mələk adı ilə sənəd hazırladıq. Bu uşağı gətirib aidiyyəti qurumlara təhvil verən isə Binnətova Gülbahar Novruz qızıdır. Biz uşağı müayinə etdik, yəni uşaqda heç bir xəstəlik müşahidə olunmadı, sağ-salamat uşaqdır. Onun 2 yaşının olduğunu müəyyən etdik. Qadının dediyinə görə, o uşağın anası ilə guya parkda tanış olub. Uşağın anası bu qadına bildirib ki, kirayədə yaşayır, başqa mənzilə köçür, amma uşaq evi yığışdırmağa imkan vermir. Uşağın anası xahiş edib ki, bir-iki saatlığa uşaq yanında qalsın, işini görüb, sonra gəlib götürəcək. Gülbahar xanım ananın dediyinə inanıb, bir neçə saat parkda oturub və uşaq da elə onun yanındaca oynayıb. Amma aradan 3-4 saat keçməsinə baxmayaraq, anadan bir səs çıxmayıb. Gülbahar xanım da məcbur olub, körpəni Polis Şöbəsinə təhvil verib. Artıq 20 gündür bu uşaq bizdədir, valideyni haqqında isə heç bir məlumatımız yoxdur. Uşaq hər gün ağlayır, “mama”, “nənə” deyərək sızlayır. İşçilərimiz onu sakitləşdirir, nazı ilə oynayırlar. Amma toxtamaq istəmir”.

Adlarını ana qoyub məsuliyyətdən

kənar qalan valideynlərə nə deyəsən?

Müsahibimiz bu məsələdə valideynləri ittiham edir: “Əgər valideynin baxmağa imkanı yoxdursa, niyə ötəri hisslər üçün bu uşağı dünyaya gətirir və bədbəxt edirdilər. Axı bu canlıdır, tullantı deyil. Bu insandır, buna ana nəvazişi, ata qayğısı lazımdır. Özü də qız uşağıdır. Bəzən belə analar elə fikirləşirlər ki, uşağa baxa bilmirik, uşaq evində isə, heç olmasa, yeməyini, içməyini verirlər. Sonra da rahatca həyatlarını davam etdirirlər. Bizdə hazırda belə atılmış uşaqlar var. Biz bu atılmışlara 16 yaşına qədər baxırıq. Amma onların sonrakı taleləri çox acınacaqlı olur. İşlədiyim müddətdə belə hadisələrlə çox rastlaşmışam. Adlarını ana qoyub məsuliyyətdən kənar qalan valideynlərə nə deyəsən? Biz də çalışırıq ki, bu biçarə balalara əlimizdən gələn köməyi edək”.

Məsuliyyətsiz valideynin ucbatından günahsız körpə ata-ana nəvazişindən uzaq qalır. Belələri həmişə həyatı boyu bu nəvazişi, isti yuvanı xəyallarında yaşayırlar. Bəziləri isə ailədə qız uşağından daha çox, oğlan uşağını üstün tuturlar. Onlar isə kiçik yaşlarından etibarən həyatın çətinlikləri, haqsızlıqları ilə üzləşməyə başlayırlar.

Fəxrəntac Hüseynova sonda vətəndaşları ötəri hisslərlə yaşamamağa, atdıqları hər bir addımın məsuliyyətini anlamağa çağırdı.

P.S. Yazı çapa gedərkən şad bir xəbər aldıq. Dünən axşam saatlarında uşağın anası sanatoriyaya gəlib və onu geri götürmək istədiyini deyib. Məlum olub ki, uşağın adı Yağmurdur. O, uşağını atmasını və ondan xəbər tutmamasını Bakı şəhərinə həkimə getməsi ilə (?) əlaqələndirib və özünə haqq qazandırmağa çalışıb. Sevindirici isə odur ki, 2 yaşlı qızcığaz anasını görəndən sonra kiriyib…

Esmira Hidayətova Mingəçevir