“Bir günahsız insanın öldürülməsi bütün bəşərə qarşı cinayətdir”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dünya ictimaiyyətinə müraciət edib. Şeyxülislam müraciətində bildirir ki, İraq torpağında cərəyan edən dəhşətli cinayətlər, insan qətlləri bizi hədsiz narahat edir: “İslam bir günahsız insanın öldürülməsini bütün bəşərə qarşı cinayət kimi dəyərləndirir. Burada məqsəd, bəşər ailəsində çaxnaşma və nifaq salmaq, insanlar arasında qarşıdurma yaratmaq, dözümsüzlük meyillərini alovlandırmaqdır”.
Şeyxülislam Allahşükür Paşazadə dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanlara etdiyi müraciətdə qeyd edir ki, dünyada qardaşlıq, dostluq ideyalarını inkar edən, insan qanının tökülməsinə, qətlə, təcavüzə tərəfdar çıxan insan tapmaq qeyri-mümkündür: “Bizim hamımızı O Bir Olan Yaradan xəlq edib.  İslam dünyasının ayrılmaz hissəsi olaraq, biz – Qafqaz, Azərbaycan müsəlmanları da dinimizdə müqəddəslik kəsb edən məkanlara qarşı hörmətsiz, aqressiv münasibəti hiddətlə qarşılayır, bütün beynəlxalq ictimaiyyəti dünyamızın salamatlığı, sabitliyinin qorunub saxlanılması, məzhəblər, dinlərarası qarşıdurmanın önlənməsi naminə Yaxın Şərqdə baş verən faciələrə biganə qalmamağa çağırırıq. Mübarək Ramazan ayının daxil olmasını nəzərə alaraq, müsəlman dünyasının gərgin nöqtələrində – İraq, Suriya, Əfqanıstan, Fələstin və s. müsibətlərin sona yetməsi üçün döyüşlərin dərhal dayandırılmasını, minlərlə insanın həyatını məhv edən davamlı terror hadisələrinə son qoyulmasını, bu torpaqlarda böyük tarixi və dini önəm kəsb edən abidə və ziyarətgahların məhvinin durdurulmasını, sülh və əmniyyətin bərqərar olmasını vacib sayırıq”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri öz müraciətində daha sonra bildirir ki, yalnız xalqların qətiyyətli iradəsi qarşısında belə ünsürlər öz mənfur niyyətlərinə çata bilməzlər: “Dinlər, məzhəblərarası tolerantlığın hökm sürmədiyi cəmiyyətdə əmin-amanlıq ola bilməz, əmin-amanlıq olmayan yerdə isə tərəqqi, inkişaf mümkün deyil. Odur ki, biz müsəlman qardaş və bacılarımıza üzümüzü tutaraq, onları belə təxribatlara uymamağa, əməllərində müqəddəs dinimizin təlqin etdiyi yüksək mənəvi dəyərlərə sadiqlik nümayiş etdirməyə çağırırıq. İslam adından, “Allahu-Əkbər” sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyəti yoxdur”.