Bir Fatihə verib keç

35

“Kəndimizin girəcəyində, yolun kənarında üç Vətən müharibəsi şəhidimiz – Balayev Orxan Vidadi oğlu, Məlikov Aqil Niyaz oğlu, və Murtuzov Mehdi Muxtar oğlunun… rəngli portretləri qoyulmuşdur. Məni narahat edən məsələ bu üç şəhid balamızın yanından hər iki istiqamətdə maşınların şütüyüb keçməsidir”. (Rahib Sədullayevin “Vicdanımızın radarı” yazısından)
Şütüyərək o ki var
Sən Allah, belə keçmə!
Nə olar ki buradan
Dönüb bir yelə keçmə.

Axı bu yer bilirsən,
Bir müqəddəs məkandır.
Sənə, mənə boylanan
Aqil, Mehdi, Orxandır.

Onlar Vətən yolunda
Canlarından keçdilər –
Özləri özlərini
Yurdçün şəhid seçdilər.

Qanlarıyla silərək
Alnımızdan ləkəni
Qaytardılar qürurun
Bu yurdun, bu ölkənin.

…Sən buradan ötəndə
Nəfəsini dərib keç,
Şəhidlərin ruhuna
Bir Fatihə verib keç.
Qvami Məhəbbətoğlu (Rəsulov)

5 noyabr 2021