Bir daha “Kübra bacının yadigarı” haqqında

30
Bu günlərdə kəndimizin xəstəxanası (hazırda Alpan həkim məntəqəsi adlanır) ilə əlaqədar “Kübra bacının yadigarı” adlı bir yazını diqqətinizə çatdırmışdım. Lakin həmin yazıda bu sağlamlıq ocağının ilk müdiri barədə məlumat verməmişdik. Həmin yazıya bir daha münasibət bildirən “Tərəqqi” medallı “Əməkdar həkim” Cabir İsrafil oğlu Məmmədov öz yaddaşına istinadən bildirdi ki, kəndimizin xəstəxanasının ilk müdiri Xanım adlı bir həkim olub. Onun bu məlumatı ilə axtarışlara başladım. Elə bu gün o zamanın dövri mətbuatından əldə etdiyim məlumat Cabir həkimin dediyinin həqiqət olduğunu ortaya qoydu. “Mühəndis səhlənkarlığı” adlı həmin yazını (1950-c il, sentyabr) sizə də təqdim edirəm: “1949-cu ilin dekabrında Alpan kənd sovetinin mərkəzində 10 çarpayılıq böyük bir xəstəxana binası tikilib istifadəyə verilmişdir. Lakin Azərbaycan SSR Səhiyyə Nazirliyinin əsaslı tikinti şöbəsinin mühəndisi Q. Kravçikin səhlənkarlığı və dövlət işinə məsuliyyətsizliyi üzündən binanın bir neçə yeri uçub dağılmışdır. Dekabr ayında çəkilmiş suvaqlar tamamilə qopub tökülmüşdür.
Q.Kravçikin başdansovma işi nəticəsində binanın yanında tikilməli olan su anbarı da yarımçıq qalmışdır.
Əlaqədar təşkilatlar səhlənkar mühəndis haqqında tədbir görməlidir.
Alpan kənd xəstəxanasının müdiri həkim X. Ələkbərova”
Qvami Məhəbbətoğlu (Rəsulov)