Bir də Azərbaycan futbolu var…

528

Hörmətli oxucular! Bu sayımızdan etibarən qəzetimizdə yeni bir rubrika ilə, yəni “Sarı kart”la görüşünüzə gəlirik. Bu rubrikada idman aləmində baş vermiş olaylara Ezop dili ilə münasibət bildirməyə çalışacağıq. Bu dildə danışmağın nə qədər çətin olduğunun da fərqindəyik. Ola bilər ki, biz də çaşaq. Belə hallarda bizə sarı kart da göstərə bilərsiniz, qırmızı kart da. Hər halda, çalışaçağıq ki, “qırmızılıq” olmayaq. Yəni bizim məqsədimiz bu səhifəni sizinlə birgə ərsəyə gətirməkdir. Bu mənada bu rubrikada sizin hər birinizin görünmə, yəni yazılarınızın çap olunma ehtimalı var. Hə, yazılar necə olmalıdır? Kiçik həcmli, düşündürücü, həm də bir qədər yumorlu. Amma bu heç də o demək deyil ki, satiraya imkan verilməyəcək. O da olacaq. Təbii ki, etik normalar çərçivəsində. Yəni məqsədimiz kimləri isə topa tutmaq deyil. Sadəcə, həmin toplarla onları islah etməkdir. Amma çalışın ofsaydan qol vurmağa səy göstərməyin. Yaxud bilərəkdən kiməsə cərimə meydançasında badalaq atmayın. Futbol aləmində bilirsiniz ki, belə hallarda onbirmetrlik zərbə təyin olunur. Biz isə bir qəzet olaraq hər onbirmetrəni dəf etməyə qadir deyilik. Bəli, bu rubrikanın da öz qanunları var. Baxın, birini mən yazıram: “Arayış verilir bizim tanınmış futbolçu Topçu Qolvurmaz oğlu Adbatırana. Ondan ötrü ki, o indiyədək yaşıl meydançada keçirdiyi oyunların heç birində, həqiqətən də, bir oyunçu kimi kimsəni aldatmağa nail olmamışdır. Arayış hər hansı komandaya təqdim olunmaq üçün verilir”. Və yaxud: “Bizim zəif futbolçulardan birinin övladı anasından soruşur:

– Ana, mənim atam da futbolçudur?

– Yox, ay bala.

– Bəs onda onun sənəti nədir.

Anası:

– Bala, unutma ki, bizim məmləkətdə adbatıran sənəti də var, — deyə ona cavab verir».

Deyəsən, məndə alınır axı. Elə isə birini də deyim. Bildiyiniz kimi, bizim futbol aləmində “Xəzər Lənkəran” qədər məşqçi dəyişdirən ikinci bir klub yoxdur. Odur ki, növbəti ay üçün bu komandaya məşqçi tələb oluna bilər. Necə, birini də sən demək istəyirsən? De, qadası. Lətifə yox, sual vermək istəyirsən? Ver, lap unutmuşdum, bu rubrikamızın sual-cavab bölümü də olacaq. Hə, sualın necədir? Soruşursan ki, hamımızın sevdiyi böyük futboldan başqa bu oyunun daha hansı növləri var? Əziz oxucum, mən biləni, çay futbolu var, bataqlıq futbolu var, məhəllə futbolu var… Necə, bilmədim? Elə isə sən de… Necə? Bir də Azərbaycan futbolu var… Məzən olsun sənin, ay oxucu. Bu heç mənim ağlıma gəlməyib ki… Buna görə sənə nə düşür? Rəhmətliyin nəvəsi, adın bu rubrikaya düşdü də… Daha nə istəyirsən ki? Durub sənə “qızıl top”, “qızıl buts” verəsi deyiləm ki?

Deyəsən, bu rubrikanın məramını az da olsa sizlərə izah edə bildim axı… Bu yerdə bir əhvalat da yadıma düşdü. Onu da deyim. Hacı Qulunun çoxdan bəri işlətdiyi taxta qaşığını görən qonşusu belə sınıq, əldən getmiş qaşığı saxlamaq üstündə onu məzəmmət edir. Hacı Qulu isə ona deyir:

– Qaşığı çoxdan atardım, amma indiyə qədər öz canına çəkdiyi yağa heyfim gəlir. İndi o kişinin sözü olmasın, mən də bu köşəni heç bura yerləşdirməzdim. Sadəcə, çəkdiyim əziyyətə heyfim gəldi.

…Buna görə mənə sarı kart da göstərə bilərsiniz. İxtiyar sahibisiniz…

Qvami Məhəbbətoğlu