Bir cümləyə sözardı və yaxud “Bakı” barədə

474

Bu günlərdə AFFA-nın hüquqşünası Rəmiş Malıyevə istinadən verilən bir cümlə diqqətimi cəlb etdi. Həmin cümlə belədir: “Nə qədər acı olsa da, faktdır: “Bakı” tezliklə Azərbaycanın klub qəbiristanlığını “zənginləşdirəcək”. Olduqca poetik bir cümlə, buna söz ola bilməz. Dəqiq deyə bilmərəm, Rəmiş Malıyev öz fikrini belə çatdırıb, yoxsa bu, həmin xəbəri hazırlayan jurnalistin təxəyyülünün məhsuludur? Mənə belə gəlir ki, fikrin necə çatdırılmasından asılı olmayaraq, bu qurumun rəsmisinin nə demək istədiyi açıq-aşkar bəllidir. Yəqin bilirsiniz ki, ərəb (qəbr) və fars (…stan) sözlərindən əmələ gəlmiş “qəbiristan” qəbirlər olan yer, ölülərin basdırıldığı məkan, məzarlıq anlamındadır. Bu öz yerində… Digər tərəfdən, bu cümlə həm də bir çox mətləblərdən xəbər verir. Bu mənada onu lap geniş tutuma malik cümlə kimi də xarakterizə etmək olar. Hər halda mənə elə gəlir. Sübut üçün əvvəla ərz edim ki, məhz bu cümlədən məlum olur ki, sən demə, AFFA-nın klub “qəbiristanlığı” da varmış. Əgər mən həmin məkanın yerini bilsəydim, gedib onları ziyarət edər, bildiklərimdən oxuyub ruhlarını şad etməklə öz azarkeşlik borcumu yerinə yetirərdim. Amma bu cümləni oxuyana qədər elə zənn edirdim ki, bizdə sıradan çıxarılmış klubları harada gəldi dəfn edirlər, ya da heç basdırmırlar, yəni onları hara gəldi tullayırlar. Həmin cümlədən o da aydın olur ki, sən demə, onların əməlli-başlı mollası da olubmuş…
Lap yadımdan çıxacaqdı: son 10-12 ildə bu və ya digər səbəblərdən 17 komanda öz ömrünü tapşırıb. Həmin cümlədən o da aydın olur ki, onların “məzarlarını” da məhz həmin klub qəbiristanlığında tapmaq mümkünmüş. Sözün düzü, bir zamanlara mən onların axtarışına çıxmaq fikrinə düşmüşdüm. Hətta bu barədə Xoşqədəm xanımın bir zamanlar aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə də müraciət etmək istədim. Nə yazıq ki, həmin veriliş müəyyən səbəblərdən öz ömrünü digər verilişlərə bağışladı. Elə bu səbəbdən mənim arzum ürəyimdə qaldı. Nə isə… bu bir cümlə mənə çox mətləbləri anlatdı, buna görə onun sahibinə, sözün həqqiqi mənasında, təşəkkürümü bildirirəm. O cümlədə qaldı bircə “Bakı” ilə bağlı fikirlərim… Bəri başdan deyim ki, bir zamanlar futbolumuzu layiqli şəkildə təmsil etmiş, Çempionlar və Avropa Liqasında iştirak etmiş bir klub, komanda haqqında (17 yaşadək qızlar arasında 2012-ci il dünya çempionatında komandalar məşq meydançaları qismində “Bakı” klubunun bazasından istifadə ediblər) belə bir poetik ifadə işlətmək heç də yaxşı hal deyil. Bu məsələdə elə futbol terminləri ilə keçinmək olardı. Amma, ancaq, lakin… Bəli, I Divizionda təmsil olunan “Bakı”nın vəziyyəti bu gün heç də ürəkaçan deyil. Amma görəsən bunu bəh-bəhlə bəyan etmək nə deməkdir? İnandırım sizi, bir zamanlar heç Səməd Vurğun Bakının vəziyyətini belə şişirtməmişdi. Sadəcə, onun xəstə, dərdli olduğunu ürək ağrısı ilə vurğulamışdı. Bəli, ola bilsin ki, son dönəmlərdə başına gəlmiş müsibətlər “Bakı”nı da dərdli, xəstə edib. Əziz AFFA rəsmisi, yəqin ki, hər bir dərdin dərmanı olduğunu siz də yaxşı bilirsiniz. Amma nədənsə “Bakı”nın xəstəliyi ilə “baş həkim” kimi məşğul olmaq istəmirsiniz, niyə? İndiki zəmanədən niyə axı baş molla funksiyasını yerinə yetirməyə üstünlük verirsiniz? Elə bu suala özüm də cavab vermək istəyirəm: görünür kimə, yaxud kimlərə görə isə sizin Azərbaycanın klub qəbiristanlığını “zənginləşdirmək” adlı bir missiyanız da varmış.