“Bir çox xüsusiyyətləri var ki, Şəkini digər regionlardan fərqləndirir”

674
“Şəkinin qədim tarixi digər regionlarla müqayisədə fərqlənir. Bu gün Azərbaycana gələn xarici turistlərin böyük əksəriyyəti, təxminən 80%-dən çoxu Şəki ərazisindən keçir. Çünki Şəki elə bir coğrafi mövqeyə malikdir ki, həm Gürcüstan, həm də Bakı istiqamətindən gələn turistlər mütləq bu ərazidən keçməlidirlər. Mən keçən əsrin əvvəllərindən etibarən turistlərlə işləyən bir mütəxəssis kimi deyə bilərəm ki, bütün turistlər bu ərazidən keçirlər və mütləq bir və ya iki gün burada qalmağa həvəs göstərirlər. Burada abidələri gəzirlər, Şəkinin mətbəxindən, şirniyyatından dadmağa, səfalı təbiətini seyr etməyə həvəs göstərirlər”.
– Nəsib müəllim, Şəki daha çox hansı xüsusiyyətlərinə görə turistlərin diqqətini cəlb edir?

– Şəki respublikamızda Bakıdan sonra ən böyük turistik iqtisadi zona hesab olunur, 7 iqtisadi zonaya ayrılır. Təbii ki, Şəkinin özünün qədim turizm tarixi var. Araşdırmalar göstərir ki, Şəkinin turizm tarixi XVI əsrə təsadüf edir. Burada əsas nəzərdə tutulan ticari turizmdir. Belə ki, Şəki böyük İpək Yolunun üzərində yerləşdiyinə görə ta qədim dövrlərdən bu əraziyə maraq olmuş və bunun nəticəsində də XVIII əsrdə Şəkidə ticarət məqsədi ilə 5 böyük karvansaray tikilmişdir. Məlumdur ki, Avropadan Çinə qədər uzanan böyük İpək Yolu Şəki ərazisindən keçmişdir. Bu ərazi ipəyinə görə xarici tacirlərin həmişə marağını cəlb etmiş, həmin karvansaraylar bu məqsədlə tikilmişdir. Onlardan ikisi bu günə qədər qalmaqdadır. Biz qeyri-statistik məlumatlarda görürük ki, XVIII əsrdə Şəkiyə həm yerli, həm də xarici olmaqla 1500-ə yaxın tacir gəlib-getmişdir. Bunu da turizmin bir növü kimi qeyd etmək olar. Şəkinin turizm tarixi belə səciyyələndirilir.

Şəki eyni zamanda Böyük Qafqaz Albaniyasının mərkəzi hesab olunur, bu da Şəkidə bir çox tarixi abidələrin (Qafqaz alban məbədlərinin) tikilməsinə səbəb olmuşdur. Onlardan biri hazırda Kiş kəndində yerləşən, Böyük Qafqaz Albaniyasının tarixi abidəsi hesab olunan Kiş Alban Məbədi bu gün də qalmaqdadır və demək olar ki, bütün yerli və xarici turistlərin marağına səbəb olur. Şəkinin demək olar ki, hər bir guşəsində, kəndində Alban məbədlərinə rast gəlmək mümkündür.

Şəkinin şah abidəsi sayılan Şəki Xan Sarayı da yerli və xarici turistlərin diqqətini cəlb edir. Böyük türk şairi Nazim Hikmət qeyd etmişdir ki, Azərbaycanın heç nəyi olmasaydı belə, Şəki Xan Sarayını bütün dünyaya göstərmək yetərdi. Ümumiyyətlə, Kiş Alban məbədi və Şəki Xan Sarayı dünya əhəmiyyətli tarixi abidələrdən hesab olunur.

Tarixi abidələrdən başqa, Şəkinin bir çox xüsusiyyətləri var ki, onu digər regionlardan fərqləndirir. Yerli əhalinin ləhcəsi, insanlara münasibəti turistlərdə xoş təəssürat yaradır. Bununla yanaşı, Şəkinin mətbəx mədəniyyəti də turistlərin dəyər verdiyi amillərdən biridir. Şəki pitisini, şirniyyatlardan Şəki halvasını və s. misal göstərmək olar ki, bunlar da turistlər tərəfindən müsbət qiymətləndirilir. Şəkinin coğrafi mövqeyi də turistlərin buraya olan marağını artıran amillərdən biridir. Həm florası, həm faunası ilə Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşən gözəl bir şəhərdir. Dəniz səviyyəsindən 675 metr yüksəklikdə yerləşən regiondur. Bu, insanların xoş istirahət etməsinə, təmiz hava almasına şərait yaradan bir faktor kimi qeyd edilir.

– Nəsib müəllim, Şəkinin qədim tarixi, zəngin mədəniyyəti və s. dəyərləri turistlərə kifayət qədər ətraflı çatdırılırmı, bu sahədə nə kimi işlər görülür?

– Bayaq da qeyd etdiyim kimi, Şəkinin qədim tarixi digər regionlarla müqayisədə fərqlənir. Bu gün Azərbaycana gələn xarici turistlərin böyük əksəriyyəti, təxminən 80%-dən çoxu Şəki ərazisindən keçir. Çünki Şəki elə bir coğrafi mövqeyə malikdir ki, həm Gürcüstan, həm də Bakı istiqamətindən gələn turistlər mütləq bu ərazidən keçməlidirlər. Mən keçən əsrin əvvəllərindən etibarən turistlərlə işləyən bir mütəxəssis kimi deyə bilərəm ki, bütün turistlər bu ərazidən keçirlər və mütləq bir və ya iki gün burada qalmağa həvəs göstərirlər. Burada abidələri gəzirlər, Şəkinin mətbəxindən, şirniyyatından dadmağa, səfalı təbiətini seyr etməyə həvəs göstərirlər. Təbii ki, buraya turistlər əsasən qruplar şəklində gəlirlər. İndividual gələn turistlər də olur. Qruplar şəklində gələn turistlər bələdçilər və tərcüməçilərlə təmin olunurlar. Bəzən isə biz özümüz Şəki Turizm İnformasiya Mərkəzi olaraq, bu işləri həyata keçirə bilirik. Yəni bizə müraciət edən yerli və xarici turistlərlə işləyirik.

 

-Şəki qəbul etdiyi turistlərin sayına görə ölkə səviyyəsində təqribən neçənci yeri tutur?

-Belə desəm, yəqin ki, səhv etmərəm – Şəki turizmi Bakıdan sonra ikinci yeri tutur. Çünki Şəki turizmində mövsüm anlayışı bir o qədər rol oynamır. İlin istənilən mövsümündə Şəkidə yerli və xarici turistlərə rast gəlmək mümkündür. Şəki həm tranzit yolun üzərində yerləşdiyinə görə, həm də tarixi abidələrin sayının çoxluğuna görə burada turistlərin sayı daha çox olur.

 

-Ötən illərlə müqayisədə bu il Şəkiyə gələn turistlərin sayında nə kimi dəyişikliklər var?

– Şəkidə turizm statistikasına nəzər saldıqda, sovet dövrü ilə müstəqillik əldə olunandan sonrakı dövrü müqayisə etdikdə görünür ki, son illərdə turizm sahəsi sürətlə inkişaf etməkdədir. Qarabağ müharibəsi başlamamışdan qabaq turistlərin sayı kifayət qədər çox idi. Daha sonra müharibə başladı, Sovet İttifaqı dağıldı və bu ərəfədə turistlərin sayında azalma müşahidə olundu. Ancaq müstəqilliyimizi qazandıqdan sonrakı mərhələdə turizm sahəsi yenə də qalxan xətt üzrə inkişaf etməyə başladı. Bu həm daxili, həm də xarici turizmdə özünü göstərir.

– Turistlərin bu qədim şəhərə olan marağını artırmaq üçün və daha çox turist cəlb etmək üçün hansı tədbirlər görülməlidir?

– Gələn turistləri burada daha çox saxlamaq üçün yuxarıda adını çəkdiyimiz abidələrdən başqa, digər abidələrimiz də var. Məsələn, Daşbulaq kəndində yerləşən Alban Məbədini, Daşüz kəndində yerləşən Turizm Atçılıq Mərkəzini misal göstərmək olar. Bunlar həm turistlərin tarixi abidələri ziyarət etmələri və Turizm Atçılıq Mərkəzində əylənmələri, gözəl vaxt keçirməsi üçün çox gözəl potensial imkanlardır. Bundan başqa Şəkidə Fazıl kəndində labirint yeraltı muzey var. Bu muzey unikallığı ilə seçilir. Bu muzeyə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri baş çəkiblər. Bu ərazilərə turist marşrutları təşkil etmək məqsədəuyğun olardı. Təbii ki, biz öz turist qruplarımızı həmin ərazilərə istiqamətləndiririk. Həmçinin Zəyzid, Baş Küngüt, Bideyiz kəndlərində də tarixi alban məbədləri qalmaqdadır. Bütün bu abidələrə onları istiqamətləndirmək çox məqsədəuyğun hesab olunardı. Ancaq bu məbədlərin təmirə, bərpasına ehtiyacı var. Bu abidələrə aparan asfalt yollar mövcud olsa da, onların yenidən rekonstruksiya olunması vacibdir. Bütün bunlar Şəkidəki turist sayını artırmaq üçün lazım olan şərtlərdir. Belə olsa, gələn turist iki gün yox, hətta bir həftə qala bilər. Turistlərin sayının artması bizim regionun iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir.

Həmçinin biz, kəndlərdə kənd turizmini inkişaf etdirə bilərik. Bunun üçün bizim kifayət qədər potensialımız var. Kənd turizmi, turizm ədəbiyyatında “Yaşıl Turizm” adlandırılır. Bu, Avropa və Asiya ölkələrində inkişaf etmiş turizm sahələrindən biridir. Son dövrlərdə “Yaşıl turizm” bizim kəndlərimizdə də inkişaf etməkdədir. Kiş kəndində yerləşən Kiş Alban Məbədi yaxınlığındakı ərazidə turistlərin qalması üçün yerlər təşkil olunub, müəyyən işlər görülüb. Çünki turistlər burada daha çox qalmaq, kəndlərə gedərək orada qalmaq, kənd həyatını yaxından tanımaq üçün maraq göstərirlər. Heyvandarlıq işləri, əkin-biçin işləri, ümumiyyətlə, gündəlik kənd həyatı turistlər üçün tamamilə yeni, görmədikləri bir mənzərə yaradır. Şəxsən mən bir alman turist tanıyırdım ki, o hər il Şəkiyə gəlirdi. O deyirdi: “Mən burada qalmaqdan həzz alıram”. Məncə, bunun səbəbi Şəkinin insanlarının qonaqpərvər, gülərüz, şirindilli olmasıdır. Çünki Şəki insanı evindəki ən yaxşı yeməyi qonağa verir, yorğan-döşəyin ən yaxşısını evin bir küncündə nə vaxtsa gələcək qonaq üçün ehtiyat saxlayır. Bütün bunlar turistlərdə xoş təəssüratlar yaradır.

 

– Turistlər Şəkinin ən çox hansı cəhətini bəyənirlər: qədimliyini, mədəniyyətini, mətbəxini, səfalı təbiətini, qonaqpərvərliyini və s.

– Bayaq da qeyd etdiyim kimi, gələn turistlər həm tarixi abidələrə, həm zəngin mətbəximizə, həm səfalı təbiətimizə böyük maraq göstərirlər. Ancaq turistlərə Şəkini ən çox sevdirən amil insanların qonaqpərvərliyidir. Adi bir nümunə göstərmək olar ki, bazara girən hər hansı bir turist buradan heç nə almasa belə, satıcıların gülərüzlü olması, “götür dadına bax” kimi isti münasibətləri ilə rastlaşır və bu onlarda xoş əhval yaradır.

 

– Turistlərin istirahətə görə ödədikləri məbləğ (otellərdəki xidmət) onları qane edir mi?

– Şəhərimizə gələn idmançıları, diplomatları, biznesmenləri də gələn turistlərin siyahısına aid etmək olar. Belə turistlər üçün qiymət o qədər də vacib deyil. Lakin, sadəcə, istirahət üçün gələn turistlər əsasən ucuz yerlərdə qalmağa üstünlük verirlər. Belə turistlər onları qəbul edən evlərdə, həmçinin istirahət məkanlarında tikilən kotteclərdə qalmağa üstünlük verirlər. Qrup şəklində elə turistlər olur ki, onlar “Şəki Saray” otelində, “Şəki Palace” otelində qalmağa üstünlük verirlər.

 

 

Coşqun Mövlamov Şəki