“Bir çox dövlətlər Qarabağda yaşanan insanlıq faciəsindən söz açmır”

460
Türkiyənin paytaxtı Ankarada “Qarabağ: işğal öncəsi və sonrası” adlı şəkil və “3 nəsil 1 soyqırımı” adlı əşya sərgisi keçirilib. 
Toplantıya Türkiyə Respublikası Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, millət vəkilləri prof. Yusif Halacoğlu, dr. Sinan Oğan,  Həsən Hüseyn Türkoğlu, Fəramuz Üstün, Əli Heydər Önər, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin əməkdaşları, Milli Məclisinin deputatı Musa Qasımlı, diplomatik korpusun, medianın və QHT-lərin çox sayda nümayəndələri qatılıb. TURKSAM sədri, millət vəkili Sinan Oğan sərgini açıq elan edərək həyata keçirilən layihənin mahiyyəti haqqında iştirakçılara məlumat verib. Sərgidə çıxış edən TBMM-nin sədri Cəmil Çiçək deyib ki, bir çox dövlətlər və beynəlxalq təşkilatlar Suriya, Ukrayna və İraqdakı insan haqlarının vəziyyətindən narhatlıqlarını durmadan bildirmələrinə rəğmən 22 ildən artıq müddətdə 1 milyondan çox azərbaycanlının yurd yerlərinin işğal altında olmasından, Qarabağda erməni təcavüzkarlığı səbəbindən insanlıq faciəsi yaşanmasından söz açmırlar. “Haqqa, hüquqa söykənməyən bir işğal və bunun nəticəsində hələ də cəzasını almamış vəhşiliklər, cinayətlər var. Bu cinayətlərin əmrini verənlərin içərisində Ermənistanın bugünkü Prezidenti də var” deyən Cəmil Çiçək Qarabağ münaqişəsinin ədalətli həlli üçün yalnız Azərbaycanın deyil, özünü türk sayan hər kəsin çalışmasının vacibliyini vurğulayıb. Tədbirdə Qarabağa heç zaman getməyən, orada soydaşlarımızın başına gətirilən faciələrdən məlumatlı olmayanlar üçün  kifayət qədər foto və əşyanın olduğunu deyən TBMM-nin sədri 10 dekabr beynəlxalq insan haqları günündə bu sərginin Türkiyə Böyük Millət Məclisinin binasında da təşkil edilməsini təklif edib. Toplantı iştirakçılarına “Qarabağda 3 nəsil, 1 soyqırım” adlı kitab hədiyyə olunub.

Layihə çərçivəsində “Qarabağda 3 nəsil, 1 soyqırım: tarixi, təsiri və edilməsi lazım olanlar” adlı konfrans da keçirilib. Sərginin İstanbul və digər Avropa şəhərlərində də təşkil edilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, yuxarıda qeyd olunan sərgilər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində TURKSAM Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı baş tutub.