Bir birinizə vaxt ayırın…

511
İş həyatı, gərginliklər, yorğunluqlar… İşləyən ailələrin ən böyük problemlərindən biri də bir birilərinə kifayət qədər vaxt ayıra bilməmələridir. Xüsusilə də, əgər uşaqlar varsa, “ata ana” rolu istər istəməz “həyat yoldaşı” rolundan ön plana keçir. Beləliklə, tərəflər arasında ünsiyyət demək olar ki, itir. Təəssüf ki, təsvir etdiyimiz bu tablo həyatda tez tez baş verir. Bu cür həyat tərzi, təbii olaraq, tərəflər arasında soyuqluğa səbəb olur. Vaxt keçdikcə ailədə ciddi problemlər meydana gəlir. 
Halbuki insan həyatda bütün “rollarında” səmimi olmalıdır. Üstəlik, bir fərd kimi roldan rola keçməyi də bacarmalıdır. Yəni, iş həyatında işçi, uşaqlarının yanında ata və ya ana, həyat yoldaşının yanında kişi və ya qadın… Əgər bu “keçiddə” hər hansı bir problem varsa, bu, əvvəlcə fərdin özünə, sonra isə qarşı tərəfə mənfi təsir göstərir. Əgər ailənizdə ünsiyyəti bərpa etmək istəyirsinizsə, “vaxtım yoxdur” bəhanəsinin arxasında gizlənməyin və bunu var gücünüzlə istəməyə çalışın. Bəziləri üçün ailə həyat tərzi yox, vərdişdir. Əgər bu vəziyyətə düşmək istəmirsinizsə, hər gün evli olduğunuzu xatırlayın və ailə həyatının müsbət cəhətlərini yada salın. Ailədə ünsiyyət üçün heç də uzun vaxta ehtiyac yoxdur. Bəzən mətbəxdə birlikdə yemək hazırlamaq və ya birlikdə kitab oxumaq da kifayətdir. Gün ərzində həyat yoldaşınıza təkcə “Nə lazımdır?” sualı üçün yox, sırf onun üçün zəng edin. Çox məşğul olsanız da, arabir birlikdə gəzməyə çıxın. Bu, yarım saatlıq bir gəzinti və ya bir axşam yeməyi də ola bilər. Bir birinizin əlamətdar günlərini xatırlamaq üçün işin az və ya çox olmasının bir fərqi yoxdur. Nə qədər yorğun olsanız da, axşamlar bir yerdə söhbət etməyi unutmayın. Hətta bu söhbət çox qısa olsa belə… Unutmayın ki, həyat yoldaşınızla ünsiyyətiniz nə qəər möhkəm olsa, bu sizin həm həyat tərzinizə, həm də ailə səadətinizə müsbət təsir göstərər…