Bir az da oradan-buradan

0
37

İkinci Dünya müharibəsindən sonrakı illərdə əksər məsul vəzifələrdə, eləcə də digər işlərdə müharibə veteranları çalışardılar. Bu mənada veteranlar hər sahəyə hakim idilər. Bu da səbəbsiz deyildi. Axı onlar sovet ordusunun tərkibində dünyaya meydan oxuyan faşizmin axırına çıxmışdılar. Nə isə…

Ağamurad kişi

Yadıma gəlir ki, onlardan biri – Ağamurad Babayev ötən əsrin 60-cı illərində  bizim tərəflərdəki bağların, daha doğrusu, “Babayın bağı” deyilən ərazinin qarovulçusu idi. (Bir zamanlar həmin bağa Əmirhəmzə kişi baxardı). Şəxsən onu görmüş və həmsöhbət olmuş bir şəxs kimi deyə bilərəm ki, bir ayağını müharibədə itirmiş və qoltuq ağacları ilə sərbəst yeriyən bu kişinin “oğru” dalınca qaçmağına söz olmazdı. Ağamurad kişi çoxillik təcrübəsi əsasında o illərin əgər belə demək mümkünsə ən məşhur oğrularını, daha doğrusu, sovxoz bağlarından meyvə, ot oğurlayanları da pərt edə bilirdi. Belə fədakarlığını isə cəbhə ilə əlaqələndirərdi. Özü də əksər vaxtlarda çiynində tüfəng olardı. Sərrast atışı vardı. Onu dəfələrlə dovşan vurub evlərinə gətirən görərdim. Sonradan, yəni 70-ci illərdə ona bir veteran kimi, “Zaporojets” də verildi. Səhv etmirəmsə, bu kəndimizdə görünən ilk “Zapı” idi.

Bir az da özümdən

Dövrümüzün bütün kənd uşaqları kimi mən də ayağım üstündə durmağı bacaran gündən valideynlərimə kömək etməyə başlamışam. Yəni böyürtkən toplamışam, başaq yığmışam, qoyun-quzu otarmışam. Hə, bu yerdə yaxşı yadıma düşdü… Hətta məktəb ləvazimatlarımı, həmçinin məktəbli paltarlarımı da böyürtkən satıb əldə etdiyim pulla alınardı. Sözün düzü, o illərdə sahələrdən, meşələrin ətraflarından böyürtkən yığmağa heç bir qadağa yox idi. Amma sahədən ot gətirmək problem idi. Daha doğrusu, yalnız müəyyən ərazilərdən ot tədarükünə icazə verilərdi. Əks halda həmin qarovulçuların sərt reaksiyalarına tuş gələrdin. Amma meşələrdən yalnız quru çör-çop gətirməyə icazə verilərdi. Mən bir qayda olaraq atamın ağacdan hazırladığı əl arabası ilə  “Şimi” adlandırdığımız meşəyə üz tutardım. Yeri gəlmişkən, qeyd edim ki, o zamanlar əl arabalarında təkər kimi müxtəlif ölçülü şarik adlandırılan podşipniklərdən istifadə olunardı. Əksər hallarda da həmin podşipniklər təkərlərin mərkəzinə yerləşdirilərdi. Belə arabalardan yük gətirmək  bir qədər asan idi. İmkan tapan kimi də futbol oynamağa cumardım. Amma sovxozun bağlarında belə oyunlara imkan verməzdilər. Ağamurad kişi də buna ciddi riayət edərdi. Dəfələrlə buna görə onun hədələri ilə də qarşılaşardıq. Amma insafən bu kimi məsələrdə çox dərinə getməzdi. Elə sovxozun rəhbərləri də belə şeylərə qarşı bir qədər amansız olurdular. Rəhbərlik demişkən…

“Vilis” qorxusu və yaxud onu bağışlamaq olarmı?

Bir zamanlar beş kəndi əhatə edən Sabir adına meyvəçilik sovxozunun direktoru vəzifəsində çalışmış Bədrəddin Talıbovun yaddaşlarda necə qaldığını deyə bilmərəm. Amma mənim, o zamanlar 12-13 yaşında olan bir uşağın yaddaşında o, əsl sovet sovxoz sədri kimi qalıb. Belə ki, onun kommunistliyinə söz ola bilməzdi. Lap kitablarda yazıldığı kimi yaşayırdı üzvü olduğu partiyanın həyatını. Hökumətin plan və tapşırıqlarını artıqlaması ilə yerinə yetirən bu adam mahalda böyük nüfuz və hörmət sahibi ola bilmişdi. Zahirən Stalinə çox oxşaması, tələbkarlığı və zəhmi ilə tamamlanırdı. Belə ki, hər dəfə onu gəzdirən “Vilis”  markalı maşın sovxozun meyvə bağlarının yollarında görünəndə hamı  gizlənməyə çalışardı. (Səhv etmirəmsə, o illərdə sürücü Salam adlı bir şəxs idi). Belə ki, o illərdə sovxozun meyvə bağlarından məhsul aparmağa cəhd  göstərən hər bir fəhlə onun qəzəbinə tuş gəlməkdən ehtiyat edərdi. O zamanlar fəhlələrə işdən çıxarkən sovxozun meyvə bağlarından ancaq və ancaq briqadirlərin göstərişi ilə müəyyən miqdarda meyvə verilərdi.

Meyvə demişkən, bir zamanlar kəndimizdə elə meyvə bağları vardı ki, bir ağacdan 50-60 yeşik alma toplamaq mümkün olurdu. Amma ötən əsrin altmışıncı illərinin ikinci yarısınadan etibarən həmin meyvə ağaclarına elə divan tutuldu ki… İndiki kimi yadımdadır. Onlara divan tutmaq rayon mərkəzindən kəndimizə göndərilmiş buldozerçi Tağıya, bir də Nikolay adlı bir rusa həvalə olunmuşdu. Onlar  da dədə-baba sortlarından (“Cırhacı”, “Qəndil sinab”, ”Şafran”, “Abbasbəyi”, “Meşə gözəli”, “Sarıturş” “Sarı armud”, “Canatan”) ibarət qollu-budaqlı meyvə ağaclarını “of” demədən verirdilər idarə etdikləri buldozerlərin qabağına. Bəli, o illərdə köhnə alma bağlarının əvəzinə palmet bağları salındı. Doğrudur, həmin bağların məhsuldarlığı yüksək oldu, meyvələri gəl-gəl desə də, amma dadına, keyfiyyətinə görə dədə-baba sortlarının yerini verə bilmədi. Odur ki, son illər bəziləri qədim meyvə sortlarına üstünlük verməyə başlayıblar.

Sovxozlaşma, demək olar ki, kəndimizin ərazisindəki bütün bağları  viran qoydu. Şübhəsiz, bu soyqırım yuxarının göstərişi idi.  Bu mənada bu işdə Bədrəddin Talıbovun  heç bir günahı yox idi. O sadəcə icraçı idi. Amma kəndimizin yaşlı adamları bu zülmü çəkib çiləyə bilmirdilər.

 

Daha bir məqam

Bu yerdə bir məqamı da vurğulamaq yerinə düşərdi. Belə ki, o illərdə kəndimizdə Rusiyanın şəhərlərinə alma aparıb satmaq geniş yayılmışdı. Ruslar da onları həvəslə alardılar. Eşitdiyimə görə, o illərdə Rusiyada alma bağları çox az olubmuş. Görkəmli bioloq-seleksiyaçı İvan Vladimiroviç Miçurin hibridləşmədən geniş istifadə etməklə bir sıra meyvə sortları ərsəyə gətirdikdən sonra Rusiyada bu problem öz həllini tapıb. Amma buna baxmayaraq bizim dədə-baba sortlarına tələbat olub.

 

Ciyəryeyən alpanlı

Bir dəfə uşaq vaxtı rayonun hansısa kəndinə getmişdim. Oradakı yaşlı adamlardan biri məni tanışına “ciyəryeyən alpanlı” kimi təqdim etdi. İllər sonra bu ifadənin mənə, daha doğrusu, alpanlıya nə aiddiyyatı olduğunu öyrənməyə çalışdım. Bununla bağlı atamın əmisi Nurəddin kişiyə müraciət edəndə o gülümsəyərk dedi: “Bəri başdan deyim ki, bu ifadədə mal və qoyun ciyərindən söhbət getmir. Həmin ciyər başqa ciyərdir. O vaxtlar bizim kənd əhli “Şimi” yolu ilə Qubaya gedib-gələrdilər. Ən çox da rayon mərkəzinə eşşəklə odun aparıb satmaqla gündəlik tələbatlarını ödəməyə çalışardılar. Həmin yolun bəzi hissəsi də əkin sahələrindən keçərdi. Əkin sahələrinə catanda həmkəndlilərimiz bir qayda olaraq, buğda, arpa zəmilərində alaq otu kimi bitən ciyər adlandırdığımız bitkini (onun elmi adının nə olduğunu bilmirəm) toplayar və  yol  gedə-gedə onların üst qabığını soyaraq yeyərdilər. Soyduqlarını da yola atardılar. Odur ki, sonradan bu yoldan keçən başqa kəndlərin camaatı həmin ciyər qabıqlarına əsasən, buradan alpanlıların keçdiklərini deyərdilər. Az sonra bu ifadə “ciyəryeyən alpanlı” kimi formalaşıb.

Arabadan maşına

Yadıma gəlir. Bir zamanlar kəndimizdə öküz, at arabaları vardı. Bu və ya digər yükü bir məntəqədən o birinə həmin arabalarla daşıyardılar. Hətta bəzən qızlar da ər evinə onlarla yola salınardı. Nəcməddin  kişi, Xeyrulla kişi yadıma tanınmış arabaçılar kimi həkk olunublar. Eşitdiyimə görə, kəndimizdə ilk yük maşınını  sonradan kənd sovetinin sədri kimi fəaliyyət göstərmiş Balaəmi Fərhadov idarə edib.  Mustafa Zəkiyev də kəndimizin ilk sürücülərindən biri kimi tanınıb. Minik maşınlarına gəldikdə isə kəndimizdə ilk minik avtomobili  Xarmanlar məhəlləsində yaşayan Xəmməd Zülfüqarova məxsus olub. Modeli də “QAZ M-20 Pobeda”. Daha sonra kəndimizdə  Kənan Qayıbovun, Cəbrayıl Cəbrayılovun, Ağamurad Babayevin, Müzafəddin Əzizovun, Ağadadaş Şahbazovun, Fazil Mustafayevin, Kasbaba Əlixanovun, Tacəddin…, Cəlal Qəribovun və digərlərinin müxtəlif markalı maşınları olub. Amma onların arasında ən dözümlü maşın Cəbrayıl Cəbrayılovun “Jiquli”si olub. Belə ki, o, 1973-ci ildə aldığı həmin maşından 42 il istifadə edib. Eşitdiyimə görə, həmin maşın indi də onun qulluğundadır. Amma bir qədər təmirə ehtiyacı var. İlk dəfə  kəndimizdə motosikletdən isə Əziz Bayramov, Ağadadaş Şahbazov, Nəcməddin…Zəngi Balayev istifadə ediblər.

“Güzgü”dəki oğlan

1990-cı ildə komediya janrında çəkilmış bir film var. İsi Məlikzadənin eyniadlı hekayəsi əsasında çəkilmiş bu ekran əsərinin  “Güzgü”dür. Toyla bağlı adət-ənələrimzi özündə əks etdirən və Susay kəndində çəkilmiş bu qısametrajlı  filmin rejissoru Mehriban Ələkbərzadədir. Bilmirəm, fikir vermisiniz ya yox, həmin filmdə kəndçimiz Laçın Bülbül oğlu Murtuzov (Qərib rolunda) çayçı, həm də kənddə böyük nüfuz sahibi olan, hamının xeyirinə, şərinə yarayan Nəsirin köməkçisi Qərib rolunda çəkilib. Amma titrlərdə onun adı verilməyib. Həmin rolu da hansısa aktyor səsləndirib. Məlumat üçün bildirim ki, filmin süjet xəttini gəlin köçməyə hazırlaşan Abdulla kişinin qızı üçün güzgü almaq məqsədi ilə Bakıya üz tutan  Nəsirin başına gələnlər təşkil edir. Filmin sonunda göstərilir ki, Nəsir kəndə qayıdanda güzgü sınır. O, Əlibalanı evə yol salıb, təzədən güzgü almaq üçün şəhərə qayıtmalı olur. Əlibaladan da xahiş edir ki, atasına güzgünü sındırdığını deməsin. Sadəcə şəhərdəki dostlarıyla vaxt keçirdiyindən gec gələcəyini desin.

Bu yerdə nədənsə Rahib müəllimdən eşitdiyim bir maraqlı əhvalat yadıma düşdü: “Rəhmətlik qonşularımız İmaməddin ilə Sultanməcid əsgərlikdən yenicə gəliblərmiş. Sözü bir yerə qoyub, bir-biriləri üçün ev tikmək qərarına gəlirlər. Dost-aşna toplaşıb kərpic kəsirlər. Söhbət usta cağırmağa çatanda cavanlar deyirlər ki, usta lazım deyil, evi özümüz tikəcəyik. Deyirəlr ki, balam, sizlər haçandan usta olmusunuz, bir hin belə tikməyən admlar bu boyda evi necə tikə bilərlər? Camaat çox deyir, cavanlar isə az eşidirlər və başlayırlar Sultanməcid üçün ev tikməyə. Bir gün, beş gün bina ucalır, ucaldıqca da divarlar bir-birindən getdikcə aralanır. Cavanlar nə qədər çalışsalar da, bir şey alınmır. Başlayırlar evi sökməyə. Görən-bilən səbəbuni soruşanda deyirlər ki, evi gələn il tikəcəyik, biz sadəcə olaraq, kərpicimizin yetərincə olub-olmadığını yoxlamaq istəyirdik.”

 

Çəkməçi, yoxsa kəşfiyyatçı?..

Ötən əsrin 70-ci illərinin əvvəlində kəndimizə bir çəkməçi gəlmişdi. Özü də milliyyətcə erməni idi… Özü də dilimizi yaxşıca bilirdi. Dəqiq adını, soyadını bilmirəm. Amma yadımda qalan budur ki, ona “Xoren” deyə müraciət olunardı. Bu Xoren Daşdəmir kişinin (Ağarzayev) bir kimsənin yaşamadığı evində yerləşmişdi. Daha bilmirəm, yerləşdirmişdilər, yoxsa özü yerləşmişdi. O, həm çəkməçilik edərdi, həm də pinəçilik. Amma onun əsas işi xrom çəkmə tikmək idi. Yəni həm təzə ayaqqabı tikərdi, həm də köhnə ayaqqabıları təmir edirdi.

Qısa zaman kəsiyində kəndin bir çox insanları ilə ünsiyyət yaratmağı bacarmış Xoren toylarımızda da tez-tez görünərdi. Özü də yaxşı vuran idi. O, toyxanaya oynamağa çıxanda ayağındakı ayaqqabıların qıjıltısını hər kəsə duyurmaq üçün ağır-ağır oynayar, sanki özünün necə bir ayaqqabı ustası olduğunu göstərərdi. Gözləmədiyi bir münasibətlə qarşılaşdığı üçün adama elə gəlirdi ki, o, necə deyərlər, şadlığından uçur. Çünki o illərdə ölkəmizdə yaşayan hər erməniyə xüsusi hörmət göstərilərdi. Onlara qaşın üstə gözün var deyən də olmazdı. Halbuki elə o illərdə ermənilər Yerevana, eləcə də  Xankəndiyə meyvə satmağa üz tutan azərbaycanlılara belə hörmət göstərməzdilər.

Bir sözlə, o özünü kənd camaatına sevdirə bilmişdi. Amma  adama elə gəlirdi ki, Xoren kəndə təkcə xrom çəkmə tikməyə gəlməyibmiş. Onun niyyəti tam başqa imiş. Günlərin bir günü axşamüstü yırtılan ayaqqabımı Xorenin yanına aparmalı oldum. Otağa daxil olanda onun stolunun üstündə müəyyən qeydlər aparılmış bir  xəritə  gördim. O, mənim ayaqqabılarımı yamayarkən gözlərim həmin xəritədə ilişib qaldı. Bundan duyuq düşən Xoren tez yerindən qalxıb öz dilində nələrsə deyə-deyə həmin xəritəni qatlayıb ayaqqabılarla dolu şkafa qoydu. Sadəcə bildirdi ki, guya atılası şeydir. Bu barədə atama məlumat verdim. Atam mənim dediklərimə diqqətlə qulaq asandan sonra sadəcə “erməni ki erməni” dedi.

İllər ötəndən sonra basa düşdüm ki, sən demə, Xoren bizim tərəflərdə müəyyən kəşfiyyat işləri də aparırmış. O, missiyasını başa vurandan sonra birdən-birə qeyb oldu, daha doğrusu, kənddən qaçdı. Yox, onu kənddən kimsə qovmadı. Sən demə, başı ayıq olanda bir-iki nəfər üçün ayaqqabı tikən və yaxud kimə isə tikdirib gətirən Xoren müştərilərinə işinin çoxluğundan gileylənərək deyibmiş ki, müştəri gözlədiyimdən xeyli çoxdur, pulumu qabaqcadan verin ki, gedim material gətirim, rahatca başlayım işimə. Yəni  o, ayaqqabı tikdirmək məqsədi ilə ona pul verən şəxslərin də əmanətlərini götürüb aradan çıxmışdı. Müştərilərin kimisi ürəyini söyməklə boşaltmışdı, kimisi də: ”Borc olsun” deməklə. Sirac kişinin “Qoca” ləqəbli oğlu Nurməmməd isə ermənidən acığını eşşəyini “Xoren” adlandırmaqla çıxmışdı.

 

Kənd kitabxanası

Sovet dönəmində kütləvi kitabxanalara maraq böyük idi. Əldən-ələ gəzən kitablar istər-istəməz yararsız vəziyyətə düşərdü. Hətta  o zamanlara həmin kitabxanalara göndərilən kitablar tez bir zamanda  tanınmaz olardı. Yəni, kitabxanalarda səhifələri qoparılmayan kitablara çox nadir halda rast gəlmək mümkün idi. Bu sözləri bizim kənd kitabxanasına da şamil etmək olar. Alpan kənd kitabxanası 1959-cu ildə təşkil olunub. Alpan bəylərindən olmuş Əlsoltan bəy Qayıbovun şəxsi mülkünün 2-ci mərtəbəsindəki  sahəsi 30 kv metrdən ibarət 2 otaqda fəaliyyət göstərən kənd kitabxanasının fondunda hazırda 9000-dən çox kitab mövcuddur. Nəşrlərin əksəriyyəti Azərbaycan dilində latın qrafikası ilə çap olunmuş kitablardır. Məlumata görə, kitabxanaya ilk dəfə  Raya Balaqadaşova  rəhbərlik edib. O xanımı mən də tanıyırdım. Dolu bədənli, sarısaçlı, bir qədər zəhmli görünən bu xanımı əvvəllər mən rus xalqının nümayəndəsi bilirdim. Amma onunla ünsiyyətdə olarkən yəqin etdim ki, o, necə deyərlər, xalis azərbaycanlıdır. Əsl adı da Rəfiqə imiş. Lakin ona niyə “Raya” deyə müraciət olunduğunu indiyədək də bilmirəm. Raya xanımdan sonra orada Xatirə Mayılova kitabxanaçı kimi fəaliyyət göstərib. 1998-ci ildən isə bu kitabxanaya Sevinc Arif qızı Butayeva rəhbərlik edir. Kitabxananın 350 nəfərdən çox oxucusu var. Onların arasında ziyalı da var, fəhlə də, evdar qadın da. Bir neçə ildir ki, bu kitabxana Xaçmaz Regional MKS-nin Alpan kənd kitabxana filialı (6 saylı) adlanır. Çox təəssüf ki, kitabxananın arxivi qorunub saxlanılmayıb.

Burada Əlisultan bəylə də bir qədər ətraflı məlumat verməyi özümə borc bilirəm. Tarixçi Zabit Babayevdən eşitdiklərimə əsasən qeyd edirəm ki, Alpan bəylərindən olan və 1831-ci il siyahılarında adı keçən Əlsultan bəy 1837-ci il Quba üsyanında Quba şəhərində qurulmuş postlara komandanlıq etmişdir: “Üsyan yatırıldıqdan sonra o, alpanli Gülməmməd Məmməd oğlu ilə birlikdə təqsirli bilinərək həbs olunub. Çünki onlarin nəzarət etdikləri yerlərdən üsyançılar Quba şəhərinə daxil ola bilmişdilər. Gurcustan arxivində saxlanılan bir sənəddə üsyandan təqsirli hesab edilənlərin əmlak siyahısı da verilib. Həmin siyahıda Əlsultan bəyin 31 manatlıq əmlakı olduğu göstərilir. Yeri gəlmişkən, onu da deyim ki, XIX əsrin 20-60-ci illərində “Azərbaycanda çarizmin müstəmləkəçilik siyasəti” adlı sənəddə Şuşay bəyi Ulu bəylə yanaşı onun da adı çəkilir.  O ki qaldı onun adı ilə bağlı həmin binaya. Həmin binanı almaq məqsədi ilə sonradan Əlisultan bəyin nəslindən olanlar çox çalışıblar, amma bir nəticə hasil olmayıb. Şəxsən mənim yadımdadır ki, müstəqillik illərinin ilk günlərində o zaman kənd soveti sədri vəzifəsində çalışan Qəzənfər müəllimin yanına Əlisultan bəyin Bakıda yaşayan Faiq adlı nəvəsi gəlmişdi. O, həmin binanın Əlisultan bəyə aid olmasını, eyni zamanda dediyi faktı təsdiqləyən, əgər belə demək mümkünsə,  Nikolaydanqalma bir sənəd də olduğunu iddia edirdi. Sözün düzü, mən həmin hadisənin şahidi kimi deyə bilərəm ki, Qəzənfər müəllim həmin mülkün həqiqi sahibinə verilməsinin tərəfdari kimi çıxış etdi. Amma görünən budur ki, sonradan nədənsə həmin şəxs buna cəhd etmədi”.

Zabit müəllim öz araşdırmalarına istinadən bildirdi ki, Quba üsyanı vaxtı Əlisultan bəyin 25 yaşı olub: “Bir də 1831-ci ildə aparılan siyahıyaalmaya əsasən onu deyə bilərəm ki,  həmin siyahıdakı Yusif Həmzəli oğlunun Əlsultan adında oğlu kimi qeyd olunan bu şəxsin adı hərbi nökərlər sırasında göstərilib. Bu fakt isə onun sonradan bəy olmasından xəbər verir. Babam Süleyman  danışardı ki, o binanın alt mərtəbəsi bəyin divanxanası olub”.

Yeri gəlmişkən onu da qeyd edək ki, sovet dönəmində həmin binanın birinci mərtəbəsindən mağaza kimi istifadə olunub. Orada satıcı işləyən Xalid kişi (Dadaşov) indi də xatirimdədir. 

 

Qvami Məhəbbətoğlu (Rəsulov)